Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb Hadisə

Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə fasiləsiz olaraq davam etdirilir.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.