Avropa ölkələri ABŞ ilə tarif razılaşmasını birmənalı qarşılamayıb Dünya

Avropa ölkələri ABŞ ilə tarif razılaşmasını birmənalı qarşılamayıb

Avropa İttifaqının (Aİ) əksər Avropa mallarına 15 %-lik əsas idxal rüsumunun tətbiqi və iki müttəfiq arasında transatlantik ticarət müharibəsinin qarşısının alınması ilə bağlı ABŞ ilə çərçivə sazişi imzalaması birlikdə müxtəlif reaksiyalar doğurub və heç də birmənalı qarşılanmayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, fikirlər alqışlardan və rahat nəfəs almağın verdiyi rahatlıqdan tutmuş, sözün əsl mənasında, Aİ-nin ABŞ Prezidenti Donald Trampın iradəsinə tabe olmasına qədər müxtəlif səpkidə olub.

“Bu, qara gündür. Çünki öz ortaq dəyərlərini və ümumi maraqlarını müdafiə etmək üçün birləşmiş azad xalqların ittifaqı asılılıqla barışdı”, - Fransanın Baş naziri Fransua Bayru söyləyib.

Macarıstanın Baş naziri Viktor Orban özünəməxsus üslubda razılaşmanı sərt şəkildə tənqid edərək bunun razılaşma olmadığını bildirib. “ABŞ istədiyi hər şeyə nail oldu”, - o deyib.

İspaniya və İtaliyanın Baş nazirləri - Pedro Sançes və Gorca Meloni isə razılaşmanın müsbət hal olduğunu, amma bütün detallar məlum olmadığından daha dəqiq qiymət verməyin çətin olduğunu söyləyiblər.

Almaniya kansleri Fridrix Merts isə bu razılaşmanın ixracyönümlü Almaniya iqtisadiyyatına ağır zərbə vuracaq ticarət münaqişəsinin qarşısını almağa kömək etdiyini xüsusi qabardıb. O, xüsusilə də avtomobil sənayesini vurğulayaraq hazırda 27,5 % səviyyəsində olan tariflərin demək olar iki dəfə azalaraq 15 %-ə çatdırılacağını qeyd edib.