Şəfa Xəstəxanası müdiri: "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalqın sağlamlığını təhdid edir" Dünya

Şəfa Xəstəxanası müdiri: "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalqın sağlamlığını təhdid edir"

Qəzzadakı Şəfa Xəstəxanasının müdiri Məhəmməd Əbu Silmiyyə yerli mediaya bildirib ki, həddindən artıq istilər səbəbindən dermatoloji xəstəliklər ciddi şəkildə yayılıb: “Qəzzada dəri xəstəlikləri ciddi şəkildə artmaqdadır. İstilik və rütubətin təsiri xüsusilə uşaqlar və yaşlılar üçün böyük risk yaradır”.

İsrailin blokadası səbəbiylə içməli suya çıxışın az qala qeyri-mümkün hala gəldiyini vurğulayan Əbu Silmiyyə "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalq sağlamlığını təhdid edir. İsti hava ilə su qıtlığının birləşməsi xalqın sağlamlığı üçün birbaşa təhlükə yaradır. Bütün yaş qrupları bu böhrandan təsirlənir" deyə vurğulayıb.

Əbu Silmiyyə qeyd edib ki, xəstəxanalara yanacağın çatdırılmaması tibbi avadanlıqların işləməsinə mane olur, xəstələrin və yaralıların həyatını birbaşa təhlükə altına alır. O əlavə edib ki, tibb işçiləri ağır şəraitdə işləyirlər: “Xəstəxanalar ağır vəziyyətdədir və həyati xilasedici cihazların işləməməsi fəlakətə səbəb olur".

Əbu Silmiyyə vurğulayıb ki, İsrail ordusu məcburi köçkünlərin yerləşdiyi məktəblər, xəstəxanalar və çadırları hədəf almağa davam edir. Əbu Silmiyyə Qəzzada humanitar fəlakətin hər gün artdığını deyib.

O, beynəlxalq ictimaiyyətə və humanitar təşkilatlara çağırış edərək Qəzza xalqının sağlamlıq və həyat haqqının, su, yanacaq və dərman vasitələrinə çıxışın təcili olaraq təmin edilməsini tələb edib.