

Bu gün Azərbaycanda istedadlı gənclər az deyil. Amma əsas şərtlərdən biri də öz üzərində daim işləmək və özünə qarşı tələbkar olmaqdır. Haqqında söhbət açacağımız gənclər də məhz bu xarakterə sahibdirlər. Bu da onlara uğurlu karyera vəd edir.
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının dəstəyi ilə Böyük Britaniyanın Warwick Biznes Məktəbində Maliyyə üzrə magistr təhsilini davam etdirən Hüseyn Zairov Nahid oğlu həm akademik nailiyyətləri, həm də peşəkar karyerasında qazandığı təcrübə ilə fərqlənir. Warwick Biznes Məktəbi hazırda Böyük Britaniyada ən yaxşı iki biznes məktəbindən biri, dünyada isə ilk 25-lik arasında yer alır.
Zairov orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Ali təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində SABAH Qrupları çərçivəsində Maliyyə ixtisası üzrə davam etdirərək 96.46 GPA ilə məzun olub. 2021–2022-ci ilin yaz semestrində göstərdiyi nəticələrə görə “UNEC TOP 15” təqaüdünə layiq görülüb. Bu uğur ona 2,385 tələbə arasında 2-ci yeri tutduğu üçün təqdim olunub. Bundan əlavə, bakalavr təhsili dövründə bir semestri Litvanın Mykolas Romeris Universitetində Erasmus mübadilə proqramı ilə oxuyub.
Peşəkar fəaliyyətinə AzFinance Investment Company-də maliyyə analizi üzrə yay təcrübəsi ilə başlayan Hüseyn, daha sonra Neqsol Holding-in tərkib hissəsi olan Norm ASC-də daxili audit təcrübəsi keçib. Təhsili üçün Böyük Britaniyaya yollanmadan əvvəl isə onun son iş yeri KPMG Azərbaycan olub. Burada o, Audit Departamentində bir il ərzində çalışaraq müxtəlif sənaye və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin maliyyə hesabatlarının auditində iştirak edib və iki dəfə “Team Bravo” mükafatına layiq görülüb.
Zairov peşəkar inkişafını ACCA proqramı üzrə davam etdirərək bir sıra imtahanları uğurla tamamlayıb: F1, F3 (93%), F7 (88%), F8 (68%), F9 (71%). Həmçinin, IELTS 8.0 nəticəsi ilə yüksək ingilis dili biliklərini təsdiqləyib.
Zairovun valideynləri həmçinin onun yaxın zamanda təhsilini başa vuraraq peşəkar karyerasını davam etdirmək üçün vətənə qayıdacağını bildiriblər.
Hüseynin bacısı Leyla da qardaşı kimi gənc yaşlarından təhsil və inkişaf yolunda uğurlar qazanaraq fərqlənib.
2020-ci ildə “Gənc İstedadlar Liseyini” bitirmiş Zairova Leyla Nahid qızı, qəbul imtahanında 626 bal toplayaraq elə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Tələbə olduğu müddətdə müxtəlif hüquqi təcrübə proqramlarında iştirak edib, nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirib. O, burada hüququn sirlərinə yiyələnmiş, fakültəni uğurla başa vurub. Təhsilə və inkişafına daim önəm verən Leyla, bununla kifayətlənməyərək, yolunu beynəlxalq elm məkanında davam etdirməyi seçib. Hazırda Litvada, “Mykolas Romeris” Universitetində Beynəlxalq Hüquq üzrə magistr təhsili alır.
Leylanın məqsədi gələcəkdə ölkəmizin sayılıb-seçilən hüquqşünaslarından olmaqdır...