Regional ittifaqların qlobal sistemdə rolu: TDT geosiyasi güc mərkəzinə çevrilir Gündəm

Regional ittifaqların qlobal sistemdə rolu: TDT geosiyasi güc mərkəzinə çevrilir

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bir sıra mühüm məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışı zamanı ortaq tarixi və etnik köklərimizin, müştərək milli-mənəvi dəyərlərimizin bizi bir ailə kimi birləşdirdiyini vurğulayaraq qeyd edib ki, TDT sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır, təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur.

Digər türk dövlətlərinin başçıları da maraqlı çıxış və təkliflərlə yadda qaldılar.

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.

“Azərbaycanın təşkilatdakı mövqeyi xüsusi əhəmiyyət kəsb edir”

Politoloq Aytən Qurbanova qeyd edib ki, müasir dövrün geosiyasi reallıqları regional ittifaqların qlobal sistemdə artan rolunu daha da ön plana çıxarır: “Bu baxımdan yanaşdıqda, TDT etnik-mədəni yaxınlıq zəminində formalaşmaqla yanaşı, artıq siyasi koordinasiya, iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirildiyi çoxşaxəli əməkdaşlıq platforması kimi çıxış edir. 2009-cu ildə Naxçıvanda imzalanmış təsis müqaviləsi ilə hüquqi əsasları müəyyənləşdirilən TDT bu gün regional səviyyədən çıxaraq qlobal təsir imkanlarına malik beynəlxalq təşkilat kimi inkişaf edir. Təşkilatın dayanıqlı və funksional quruma çevrilməsində əsas amillərdən biri də onun ortaq tarixi və mədəni kimlik üzərində inşa edilən və çağdaş dövrün mürəkkəb çağırışlarına adekvat cavab verə bilən institusional struktur formalaşdırmasıdır. Son illərdə təşkilatın sürətli genişlənməsi və fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə diversifikasiyası, TDT-nin yalnız ideoloji deyil, həm də geosiyasi və iqtisadi güc mərkəzi kimi formalaşan aktora çevrildiyini sübut edir. Heç şübhəsiz ki, Azərbaycanın bu təşkilatdakı mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Təsisçi dövlət olaraq Azərbaycan TDT-nin təşəkkül tapması və sonrakı inkişaf mərhələlərində aparıcı rol oynamış və təşkilat çərçivəsində bir sıra siyasi təşəbbüslərlə çıxış edərək praktiki əməkdaşlıq formatlarının əsasını qoyub. Cənab Prezidentin “TDT bizim ailəmizdir” fikri Azərbaycanın təşkilata olan mənəvi və strateji bağlılığının, həmçinin Türk dünyasında özünü ayrılmaz və fəal bir aktor kimi görməsinin bariz ifadəsidir”.

Ciddi geosiyasi mərkəz

A.Qurbanova deyib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, təşkilatın gündəliyində yer alan mövzuların əhatəliliyi TDT-nin çoxşaxəli inkişaf istiqamətlərinə malik olduğunu təsdiqləyir: “Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, kibertəhlükəsizlik, informasiya mübadiləsi, müdafiə və hərbi əməkdaşlıq, eləcə də innovasiya və texnologiya sahələri TDT-nin yalnız mədəni platforma deyil, funksional strateji qurum olaraq formalaşdığını göstərir. Məhz bu baxımdan yanaşdıqda, Prezident İlham Əliyevin TDT-nin qeyri-rəsmi Zirvə görüşündəki çıxışı Azərbaycan–Türk dünyası münasibətlərinin yalnız tarixi yaddaş üzərində deyil, həm də müasir geosiyasi və strateji məqamlar əsasında formalaşmaqda olduğunu təsdiq edir. Qəbələdə keçirilmiş bu Zirvə görüşü TDT-nin regional sabitliyin təminatçısı və beynəlxalq siyasətdə təsir gücü olan aktor kimi mövqeyinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı olaraq ifadə edilə bilər. Cənab Prezidentin çıxışında xüsusi qeyd edilən əsas məqamlardan biri də odur ki, TDT artıq əməkdaşlıq platforması olmaqdan çıxaraq ciddi geosiyasi mərkəz kimi formalaşır”.

Türk birliyi

O əlavə edib ki, Azərbaycan TDT çərçivəsində təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi və ortaq müdafiə mexanizmlərinin formalaşdırılması istiqamətində də fəal mövqe nümayiş etdirir: “2026-cı ildə Azərbaycanda təşkilat üzvü olan ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü TDT-nin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət imkanlarını daha da dərinləşdirmək niyyətini əks etdirir. Bu isə öz növbəsində təşkilatın gələcəkdə regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm aktora çevrilməsi üçün ciddi addım hesab oluna bilər. Nəticə etibarilə, TDT-nin bugünkü inkişaf mərhələsi onu yalnız ortaq etnik və mədəni kimliyi təmsil edən birlik kimi deyil, eləcə də çevik institusional quruluşa və strateji manevr imkanlarına malik beynəlxalq təşkilat kimi təqdim edir. Azərbaycanın bu prosesdəki liderliyi milli maraqların təmin edilməsi ilə yanaşı, türk dünyasının qlobal miqyasda inteqrasiyası və mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. “Güclü Azərbaycan – güclü Türk birliyi” prinsipi yalnız ideoloji konsepsiya deyil, eyni zamanda Azərbaycanın milli strateji xəttini və regional siyasətini müəyyən edən əsas doktrinadır. Bu strateji baxış isə TDT-ni gələcəkdə yeni geosiyasi güc mərkəzinə çevirmək potensialını aydın şəkildə təcəssüm etdirir”.

“Görüş tarixi əhəmiyyətə malikdir”

Politoloq Oqtay Qasımov bildirib ki, Qəbələdə keçirilən TDT-nin növbəti Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir: “Belə ki, təşkilat artıq mövcud olduğu dövrdə kifayət qədər ciddi məsafələr qət edib. 2009-cu ildən bəri 16 il müddətində təşkilatın fəaliyyətinə biz diqqət yetirdikdə görürük ki, həm onun sıraları genişlənib, eyni zamanda, təşkilatda təmsil olunan dövlətlərarası münasibətlər kifayət qədər yüksək səviyyəyə qalxıb”.

“Təşkilat özünün bir çox strukturlarını yaradıb”

O.Qasımov vurğulayıb ki, əgər son illərə qədər bu əlaqələr yalnız ticarət, iqtisadiyyat, mədəni və humanitar sahələri, enerji sektorunu əhatə edirdisə, indi bu istiqamətlər geniş spektrə malikdir: “Belə ki, sadalanan istiqamətlərdən başqa logistika, nəqliyyat, texnologiya, rəqəmsal texnologiya, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq, hərbi sahədə, o cümlədən təhsil sahəsində, həmçinin nadir elementlərin istismarı və istifadə edilməsi ilə bağlı istiqamətlərdə əməkdaşlıq formatları mövcuddur. Artıq təşkilat özünün bir çox strukturlarını yaradıb və bu strukturlar kifayət qədər effektiv fəaliyyət göstərməyə başlayıb”.

Vahid mövqe sərgiləməklə...

Politoloqun sözlərinə görə, Qəbələdə keçirilən toplantıda təhlükəsizlik və sülh məsələsinin müzakirə olunması da artıq təşkilatda müzakirələrin hansı istiqamətdə getdiyinin göstəricisi sayıla bilər: “Çünki üzv dövlətlər hər biri çox yaxşı bilir ki, müasir dünyamızdakı mürəkkəb siyasi şəraitdə TDT vahid mövqe sərgiləməklə qlobal gücə və aktora çevrilə bilər, dövrün çağırışlarına hazır ola bilər. Məhz bu istiqamətlərdə addımlar atılmaqdadır. Azərbaycan Prezidentinin də keçən ilin fevralında Parlamentdə qeyd etdiyi kimi Azərbaycanın xarici siyasətinin əsas prioriteti türk dünyasıdır. Türk dünyası bir ailədir və artıq TDT-də təmsil olunan dövlətlər həm bu formatda, həm də ikitərəfli səviyyədə kifayət qədər ciddi münasibətlərə malikdirlər. Qeyd etdiyimiz kimi son illər hərbi-texniki, o cümlədən müdafiə sənayesi sahəsində də üzv dövlətlər arasında ciddi münasibətlərin formalaşmasına şahid olmaqdayıq”.

Daha geniş coğrafiyaya

Siyasi şərhçi Azər Həsrət qeyd edib ki, Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Görüşü bu dövlətlər arasında münasibətlərin yeni bir mərhələyə daşınması baxımından, həm də dünya düzənində türk dövlətlərinin yeri baxımından dünyanın diqqət mərkəzindədir: “Zirvə Görüşünün mövzusu “Regional sülh və təhlükəsizlik” məsələsi idi. Özəlliklə də nəzərə alsaq ki, ətrafda, türk dövlətlərinin ən yaxın sərhədlərində müharibə dövlətləri var, təbiidir ki, mövzunun müzakirə olunması çox yerinə düşür. Bu Zirvə Görüşündən sonra TDT daha geniş coğrafiyaya açılmağı hədəfləyir. Yəni biz sadəcə olaraq 7 müstəqil türk dövləti, eyni zamanda, Macarıstanla 8 dövlətin coğrafiyasına sıxışıb qalmırıq, artıq daha geniş coğrafiyaya açılmağı hədəfləyirik”.

Röya İsrafilova