

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı 2 il müddətinə azadlıqdan məhrum edib.
Ermənistan Baş Prokurorluğu keşişi konstitusiya quruluşunu devirməyə çağırışda ittiham edib.
Qeyd edək ki, M.Acapaxyan bu ilin iyun ayından istintaq təcridxanasındadır.
Mövzu ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev deyib ki, prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib. Sentyabrın 29-da bu iş üzrə əlavə dinləmələr başlayıb. Yepiskopu cərimə və 5 ilədək həbs cəzası gözləyir. Vəkili Ara Zohrabyan bu məhkəmədə ədalət olmadığını deyib. Acapaxyana qarşı irəli sürülən ittiham əlbəttə ki, sıradan bir iş deyil. Bu Paşinyan hakimiyyətinin kilsə ilə münasibətlərinin , eyni zamanda Ermənistanda dini institutların siyasi gücə təsirinin göstəricisidir. Paşinyan hakimiyyəti 2018-ci il "məxməri inqilab"dan sonra daha çox sekulyar və qərbyönlü xətt yürüdür. Ermənistan Apostol Kilsəsi isə tarixən ölkənin ən güclü institutlarından biri olub və siyasətdə dolayı yollarla iştirak edib. Arxiyepiskop Acapaxyanın məhz “hakimiyyəti zorla ələ keçirməyə çağırış” kimi ağır siyasi ittihamla üzləşməsi, bu gərginliyin pik nöqtəsinə çatdığını göstərir. Baş verən bu hadisə Ermənistan cəmiyyətində mövcud olan "qərbyönlü islahatçılar" və "ənənəvi-mühafizəkarlar" arasında gedən mübarizənin bir növ simvoludur: “Kilsə tərəfdarları və mühafizəkarlar bu həbsi dini azadlığa qarşı hücum kimi qələmə verə bilər. Digər tərəfdən, hökumət tərəfdarları bunu "dövlətə qarşı çağırışların qarşısının alınması" kimi əsaslandıra bilər. Bu həbs eyni zamanda Paşinyanın əsas düşməni olan baş katolikos 2-ci Qareginə də bir xəbərdarlıq. Hazırda Ermənistan hökuməti dini rəhbəri göndərmək üçün bir neçə sennari üzərində işləyir. Bunlar arasında baş katalikosu siyasi fəaliyyətdən əl çəkməyə məcbur etmək, onun yerinə alternativ şəxs tapmaq, Qareginin əleyhinə hüquqi iddia qaldırmaq, mintiqlər vasitəsi ilə onu istefaya məcbur etmək və dövlət qanunları ilə kilsənin fəaliyyətini məhdudlaşdırmaq kimi variantlar daxildir. Bunlar içində ən real olanı isə sonuncusudur. Qareginin siyasi roldan müəyyən qədər uzaqlaşdırılması və kilsənin daha sakit, daha dini yönlü bir funksiyaya çəkilməsi. Hökumət üçün açıq siyasi qarşıdurma risklidir, həm daxili narazılıq, həm beynəlxalq qınaq gətirə bilər. Həmçinin Qareginin nüfuzunu tamamilə sarsıtmaq da asan olmayacaq — bir çox din xadimlərinin, icmaların dəstəyi var. Hansı variantın həyata keçməsindən asılı olmayaraq Ermənistanda hökumət - kilsə qarşıdurmasının hələ bir müddət də davam edəcəyi şübhəsizdir”.
Cavid