

Gürcüstanda yerli seçkilərin keçirildiyi gün - oktyabrın 4-də radikal müxalifət təmsilçiləri və tərəfdarları prezident sarayının həyətinə daxil olmağa cəhd göstəriblər. Onlar baryerləri aşaraq əraziyə soxulsalar da, polis əməkdaşları tərəfindən həyəti tərk etməyə məcbur ediliblər. Baş vermiş qarşıdurmalar nəticəsində 6 etirazçı və onlarla polis əməkdaşı xəsarət alıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 4-də yerli seçkilər günü iğtişaşlar zamanı hökuməti devirməyə cəhd etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. İdarənin rəis müavini Aleksandr Daraxvelidze deyib ki, oktyabrın 4-də baş vermiş iğtişaşlarda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb. Nazir müavininin sözlərinə görə, hökumət çevrilişinə cəhd, qruplaşmada iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi maddələri ilə istintaq aparılır.
Gürcüstanın Baş Prokurorluğu isə oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasının təşkilat komitəsinin 5 üzvü - Vahid Milli Hərəkat Partiyasının nümayəndələri - İrakli Nadiradze və Murtaz Zodelava, polkovnik Laşa Beridze, “Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladzeyə qarşı ittiham irəli sürüb. Onlar Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsi və yaxud dövlət hakimiyyətinin dəyişdirilməsinə çağırışlarda, həmçinin qrup halında zorakılığın təşkilində, rəhbərlik və iştirak etməkdə ittiham olunurlar. Bu cinayət əməllərinə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Baş Prokurorluq həmin şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə vəsatətlə məhkəməyə müraciət edəcək.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” televiziyasına müsahibəsində bildirib ki, ölkədə baş vermiş dövlət çevrilişi cəhdləri ekstremist qrupların agentləri tərəfindən həyata keçirilib.
Baş nazir söyləyib ki, onların sayı təxminən 500 nəfər olub. Həmçinin Kobaxidze qeyd edib ki, əvvəllər inqilab və çevriliş vasitələri, əsasən, siyasi partiyalar idisə, son illərdə artıq bu rol mediasiya və qeyri-hökumət təşkilatlarına keçib. O, bildirib ki, hazırda isə bu prosesə xarici xüsusi xidmətlərin dəstəyi ilə ekstremist qruplar cəlb olunub.
“Gürcüstanda son dörd ildə artıq beşinci çevriliş cəhdi baş verib və planlaşdırılan çevrilişlər qarşısı alınıb. Hökumət növbəti cəhdləri gözləməyərək qabaqlayıcı tədbirlər görməyə hazırdır”, – deyə, İ. Kobaxidze vurğulayıb.
O, deyib ki, müxalifətin hücumu uğurlu olsaydı, keçmiş prezident Salome Zurabişvili prezident sarayına daxil olmağa hazır idi.
"Salome Zurabişvili iqamətgaha girməyə hazırlaşmışdı. Zorakılıq başlayanda isə qaçdı. O və Tina Bokuçava kimi şəxslər eyni qəlibdən düzəldilmiş xarici agentlərdir. Onlar devrilmə məqsədilə keçirilən mitinqə qeyd-şərtsiz gəliblər", – Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, həmin mitinqdə iştirak edən bütün şəxslər baş verən zorakılıqlara görə eyni dərəcədə mənəvi məsuliyyət daşıyırlar.
"Mitinq zorakılıq olmadan devrilmə məqsədinə çata bilməzdi. Onlar gəminin batdığını görən kimi ilk qaçanlar oldular", – İrakli Kobaxidze əlavə edib.
Onun sözlərinə görə, gürcü cəmiyyəti artıq nə Brüssel, nə Kreml, nə də Vaşinqtona kor-koranə inanır – onlar üçün əsas olan həqiqətdir. O bildirib ki, Gürcüstan cəmiyyəti artıq xarici diplomatik nümayəndələrin və ya beynəlxalq təşkilatların bəyanatlarına kor-koranə inanmaq mərhələsini keçib.
"Cəmiyyət artıq nə ABŞ səfirini, nə də Aİ səfirini kor-koranə izləyir. Bu bizim əsas nailiyyətlərimizdən biridir. İnsanlar artıq fərq qoymur - Aİ, Brüssel, Kreml və ya Vaşinqton olsun, onlar üçün əsas olan həqiqətdir", – hökumət başçısı "Rustavi 2" telekanalına müsahibəsində deyib.
Kobaxidzenin sözlərinə görə, əvvəlki illərdə Gürcüstanda inqilabi proseslər, əsasən, siyasi partiyalar və xarici xüsusi xidmət orqanlarının təsiri ilə idarə olunurdu, daha sonra isə bu rolu media və qeyri-hökumət təşkilatları üzərinə götürüb.
Baş nazir bildirib ki, bu gün Gürcüstanda ictimai şüur dəyişib və artıq heç bir xarici mərkəz ictimai fikrə əvvəlki kimi təsir göstərə bilmir: "Əgər Aİ sözçüsü və ya ABŞ səfiri ölkə üçün yanlış olan bir şeyi dəstəkləyirsə, cəmiyyət bunu görür və qəbul etmir. 2023-2024-cü illərdə onların bəzi yalan bəyanatları ictimai qəzəb doğurmuşdu. Bu gün isə vəziyyət fərqlidir - cəmiyyət artıq düşünür, təhlil edir və həqiqəti özü müəyyənləşdirir. Bu, Gürcüstanın ən böyük nailiyyətlərindən biridir".
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin siyasi sisteminin sağlamlaşdırılması üçün xarici təsir altındakı şəxslər və qurumlar siyasətdən uzaqlaşdırılmalıdır.
"Artıq oktyabrın 5-dən etibarən 2028-ci ildəki parlament seçkilərinə hazırlığa başlamışıq. Ümid edirik ki, Gürcüstan həmin seçkiləri canlanmış və təmizlənmiş siyasi spektrlə qarşılayacaq. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır və bunun üçün bütün qanuni vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik", – deyə Kobaxidze vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, Gürcüstanda "xarici agent" kimi tanınan qüvvələr və onların törəmələri siyasi sistemin inkişafına mane olur:
"Hamı yaxşı bilir ki, kollektiv "Milli Hərəkat" və onunla əlaqəli bir neçə partiya xarici təsir altında fəaliyyət göstərir. Bu partiyalar və siyasi birliklərə qarşı hüquqi prosedurlar başlayıb və məsələ Konstitusiya Məhkəməsində də baxılacaq".
Baş nazirin sözlərinə görə, Gürcüstan hakimiyyəti yaxın illərdə siyasi sistemin köklü şəkildə yenilənməsini və milli maraqlara əsaslanan siyasi mühitin formalaşmasını hədəfləyir.
"Ölkəmizin siyasi sistemini sağlamlaşdırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır," – İ. Kobaxidze bildirib.
Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya isə brifinqdə bildirib ki, Gürcüstanda akkreditə olunmuş Qərb ölkələrinin səfirlərinin fəaliyyəti diplomatik çərçivədən kənara çıxır, lakin hökumət onları ölkədən çıxarmağı planlaşdırmır.
O vurğulayıb ki, səfirlərin fəaliyyətində dövlətin daxili işlərinə müdaxilə əlamətləri var: "Lakin onların ölkədən çıxarılması Gürcüstanın bu ölkələrlə münasibətlərinə mənfi təsir göstərə bilər. Buna görə də biz birtərəfli dostluq rejimində qalırıq. Çünki hesab edirik ki, hazırkı qəbuledilməz vəziyyət müvəqqətidir".
Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, Avropa İttifaqının bu etiraza dəstək verməsi istisna deyil: "Qərblə Gürcüstan hökuməti arasında siyasi böhran hökm sürür. Avropa Rusiya yönümlü adlandırdığı
"Gürcü Arzusu" hökumətinin devrilməsində maraqlıdır. Bu seçkilərin nəticələrinə etiraz olaraq Qərb Gürcüstanda inqilab ssenarisini işə salıb. Etiraz aksiyaları prezident sarayını və parlamenti hədəfə alıb.
Moldovada seçkilərin nəticələri Gürcüstan müxalifətini və Qərbi kifayət qədər hökumətin üstünə getməsinə rəvac verib. Etiraz aksiyaları anti-Rusiya şüari ilə keçiriməklə, birbaşa geosiyasi rəqabətin meydançasına çevrilib. Moldovada qələbə əldə edən Qərb Gürcüstanda inqilabla Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq. Bu etiraz aksiyalarının iştirakçılari əvvəlki etirazlardan fərqli olaraq qəzəblidir. Görünən odur ki, Tiflis "döyüş meydanına" çevriləcək.
İnqilabın baş tutması aksiya iştirakçılarının fəaliyyətindən və vahid liderin ortaya çıxması nəticəsində baş tutması mümkün ola bilər".
Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev də deyib ki, Gürcüstanda 4 oktyabr bələdiyyə seçkilərindən sonra müxalifətin ölkədə etiraz aksiyaları keçirməsi, iğtişaş törətməyə cəhdi kənar qüvvələrin ssenarisi ola bilər.
F.Əliyev deyib ki, seçki günün sonunda müxalifət nümayəndələrinin paytaxtda etiraz aksiyası təşkil etməsi, aksiyanın polislə toqquşmaya çevrilməsi qəbuledilən proses deyil: “Nümayişçilər hökumətin istefasını və regional bloka qoşulmaq üçün səylərin bərpasını tələb ediblər. Bu da Avropanın maraqlarına tam cavab verir. Baxın, seçkilərdən sonra seçkilərin saxtakarlığına etiraz edən qurumlardan biri də Avropa İttifaqı olub. Qurumun bəyanatında deyilir: “Gürcüstanda yerli özünüidarəetmə seçkiləri bu şənbə günü fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində keçirilib”, “Əhalinin böyük bir hissəsi hakim partiyanın “Gürcü Arzusu”nun repressiv siyasətinə qarşı mütəmadi etiraz edib. Biz əsassız olaraq həbs edilmiş bütün şəxslərin azad edilməsinə çağırırıq”. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə qarşıdurma yaratmaq istəyən daxili qüvvələr xaricdən ruh alırlar”.
Cavid