Müstəqillik uğrunda döyüşən insan Hadisə

Müstəqillik uğrunda döyüşən insan

Əlimərdan bəy Topçubaşovla görüşdə ABŞ prezidenti Vudro Vilson onu əmin edir ki, "Amerikanın köməyini və yardımını alacaq"

Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babası - Zaqafqaziya şeyxülislamı Axund Molla Əhməd Hüseynzadə Salyaninin 1870-ci il aprel ayının 6-da Əlimərdan bəyin adına verdiyi doğum haqqında şəhadətnamədə göstərilir ki, Məhəmməd dininin şiə məzhəbinə itaət edən Əliəkbər bəy Topçubaşovun, Məhəmmədhəsən bəy Vəkilovun qızı Sevər xanımla qanuni nikahından Tiflis şəhərində 1863-cü il mayın 4-də Əlimərdan bəy Topçubaşov doğulmuşdur. Yeni doğulmuş uşağa ulu babası Əlimərdan Topçuoğlunun adını vermişdilər. Tiflis şəhərində çar sarayına yaxın bir məhəllədə məskunlaşmış Topçuoğulları əslən Gəncəli idilər. Bir vaxtlar ulu baba Əlimərdan bəy gürcü çarları II İrakli və XII Georginin sarayında xidmət etmişdi. Q.Alisov adlı müəllif 1909-cu ildə yazdığı "Rusiyada müsəlman məsələsi" məqaləsində "XVIII əsrdə gürcü çarlarının birinin yanında xidmət etmiş" baba Əlimərdan bəyi Azərbaycanın feldmarşalı adlandırırdı. Onun bir neçə il gürcü çarının sarayında yüksək dövlət qulluğunda xidmət etdiyinə, topçu alayının rəisi və Kürün sağ sahilində çar sarayının yerləşdiyi qalanın komendantı olduğuna sonralar Əlimərdan bəy Topçubaşov Parisdə yazdığı öz bioqrafiyalarında toxunur. Bu qala hələ VIII əsrdə ərəblər tərəfindən tikilmişdi və onun sonuncu rəisi Əlimərdan bəy (ulu baba) olmuşdu. Əslində, nəslin Topçubaşov soyadı daşıması da elə buradan qaynaqlanır. Əlimərdan bəyin babası Mirzə Cəfər Topçubaşov ev şəraitində yaxşı təhsil almışdı. Onun yeniyetmə və gənclik illəri atasının xidmət etdiyi Tiflis şəhərində keçmişdi. Mirzə Cəfər öz xatirələrində qeyd edirdi ki, onların ailəsi Tiflisdə çar sarayının yanındakı tikililərdən birində yaşayırdı. Əlimərdan bəyin atası Əliəkbər bəy isə hərb sənətinə üstünlük vermiş, çar ordusunda hərbi xidmətə qəbul olunmuş və podporuçik rütbəsində xidmət etmişdi. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində saxlanan sənədlərdən aydın olur ki, Əliəkbər bəy 1843-cü ildə Zaqafqaziya müsəlman atlı süvari alayında hərbi xidmətə başlamış və 1845-ci ildə həmin alayın müsəlmanlardan ibarət taqımının komandiri təyin edilmişdi. O, 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsinin iştirakçısı olmuş, müharibədəki xidmətlərinə görə bir sıra təltiflər almış və podporuçik rütbəsinə yüksəlmişdi. Əlimərdan bəy öz xatirələrində atasının Varşavada rus ordusunun sıralarında xidmət etdiyini yazırdı. Lakin hələ körpə yaşlarından həyat balaca Əlimərdanın üzünə gülməmiş, o, çox erkən yaşlalarında atasını, az sonra isə anasını itirmişdi. Özünün dediyi kimi, "qəlbini ovsunlayan və yüksək mənəvi keyfiyyətlərə malik olan" nənəsinin himayəsində böyümüşdü. Əlimərdan bəy ilk təhsilini xüsusi müsəlman mədrəsəsində almış və sonra isə rusdilli Tiflis 1-ci klassik gimnaziyasında oxumuşdu. Giminaziyanı bitirdikdən sonra Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuş, bir il sonra hüquq fakültəsinə keçmişdi. Əlimərdan bəy tələbə kimi Peterburqda təhsilə başlayanda Topçubaşov soyadı paytaxtın elmi və siyasi dairələrinə yaxşı tanış idi. Onun babası Mirzə Cəfər 1869-cu ildə vəfat etsə də 80-ci illərdə Peterburq Universitetində və paytaxtın müxtəlif idarələrində onun çoxlu tələbələri fəaliyyət göstərirdi. Peterburq Universitetindən məzun olmuş dünya şöhrətli rus şərqşünaslarının çoxu ərəb, fars və Türk dillərini, Şərqin zəngin ədəbiyyatını Mirzə Cəfərdən öyrənmişdilər. Əlimərdan bəy universiteti əla qiymətlərlə başa vurur. Rusiya qanununa əsasən Topçubaşova namizəd dərəcəsinin bütün hüquq və imtiyazları verilir.
Əlimərdan bəy əmək fəaliyyətinə Tiflisə şəhər Dairə Məhkəməsində başlayır. 30 yaşına çatmamış Senatın Heraldika Departamenti üzrə verilən fərmanla o, çar Rusiyasında 9-cu dərəcəli mülki rütbə sayılan kollej asessoru rütbəsini alır. 30 yaşında Həsən bəy Zərdabinin Tiflisdə təhsil alan böyük qızı Pəri xanımla ailə həyatı qurur. Bakıya köçəndən sonra da işini davam etdirir. Şəhərin sənaye və ticarət burjuaziyası inkişaf etdikcə, tacir zümrəsi zənginləşdikcə Əlimərdan bəyin simasında müsəlman işgüzar dairələri öz həqiqi müdafiəçisini tapırdı. Bacarıqlı bir vəkil kimi onun şöhrəti gündən-günə bütün şəhərə yayılırdı. Məhz həmin dövrdə Azərbaycan öz taleyinin və tarixinin əsaslı dönüş məqamına daxil olmuş, Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin mədəni-maarifçilik ideyaları milli məzmun və siyasi əhəmiyyət kəsb etməyə başlamışdı. Millətçilik əsrinin qayəsini hiss edən Azərbaycan maarifçiləri ideya istiqaməti olaraq yüzillərin ümmət anlayışından yeni əsrin millət düşüncəsinə keçmək çağırışları ilə hədəfləri göstərdilər. Onlar ənənəvi Şərq mədrəsəsindən müasir üsuli-cədid məktəblərinə keçməyin zəruriliyini əsaslandırmaqla milli xilas yolunu müəyyənləşdirdilər. Bu böyük münəvvərlərin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşov kimi davamçıları məhz bu ideyanın işığında azərbaycanlıların ümmətdən millətə keçid prosesini öz çiyinlərində apara bildilər. Əlimərdan bəy Bakıya yeni gəlməsinə baxmayaraq, 1897-ci il oktyabrın 14-də şəhər Dumasına keçirilmiş seçkilərin birinci mərhələsində ən çox səs alan namizəd oldu. Onun lehinə 271, əleyhinə isə 117 səs verilmişdi. Ağ və qara kürələrin fərqinə görə Əlimərdan bəy 154 ağ kürə üstünlüyü ilə seçki siyahısında olan müsəlmanlar arasında 1-ci yerə çıxmışdı. Əlimərdan bəy rus dilində çıxan gündəlik "Kaspi" qəzetinin naşiri və redaktoru, eləcə də "Nicat" maarif cəmiyyətinin sədri kimi də çalışır. 1918-ci ilin dekabrında Azərbaycan parlamenti yaradıldıqdan sonra o, parlamentin ilk rəhbəri seçilir. Müstəqil Azərbaycan parlament respublikası olduğundan, Əlimərdan bəyi hətta Azərbaycan dövlətinin ilk rəhbəri də hesab etmək olar. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi". 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Həmin zaman ərzində Əlimərdan bəy Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdi. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Əlimərdan bəyin rəhbərliyi ilə Parisə yola düşür və bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərdə siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparırlar. Azərbaycan nümayəndə heyətinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrün görkəmli siyasi xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüş olur. Əlimərdan bəy ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verir. Vudro Vilson onları əmin edir ki, "...bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq... işində böyük Amerikanın köməyini və yardımını alacaqdır".
1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Əlimərdan bəy öz təşəkkür çıxışında Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözlədiyini bildirdi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq". Əlimərdan bəy 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyətinin Antanta Ali Şurası tərəfindən de-fakto tanınmasına nail olur. Cümhuriyyətin süqutundan sonra Əlimərdan bəy Azərbaycanın Sovet Rusiyası tərəfindən zorla ələ keçirilməsi ilə bağlı anneksiya faktını Genuya (1922-ci il) və Lozanna (1923-cü il) konfranslarında çıxışı zamanı dünya ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycanın yorulmaz, mübariz diplomatı Əlimərdan bəy Topçubaşov 1934-cü ildə ağır və uzun sürən xəstəlikdən sonra vəfat edir və Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur. Onun ölümü Rusiyadan gedən mühacirlərin əhəmiyyətli hissəsinin sarsılmasına səbəb olur. Əlimərdan bəyin vida mərasimi ciddi siyasi nümayişlə müşayiət olunur və dəfn mərasimində azərbaycanlı mühacirlərin böyük hissəsi ilə yanaşı Gürcüstan, Ukrayna, Türküstan, Şimali Qafqaz mühacirətinin nümayəndələri də fəal iştirak edirlər. Əlbəttə ki, ən səmimi və ürəkdən deyilən sözləri Məmməd Əmin Rəsulzadə bəyan edir: "Onun adı bizim siyasi və ictimai həyatımızın ən mühüm dövrlərindən birinin təşəkkül tapması ilə bağlıdır... O, sözü ilə, qələmi ilə, bitmək-tükənmək bilməyən həvəsi ilə ömrünün son günlərinə qədər öz xalqının azadlıq və milli məsələsi uğrunda yorulmadan mübarizə aparıb... Biz, azərbaycanlılar Əlimərdan bəyin timsalında milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçüsünü itirmişik... Vaxt gələcək, ölkəmiz azad olacaq, parlamentinin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək". Əlimərdan bəy 1920-ci illərin sonlarınadək "Topçubaşov" soyadı daşısa da həmin tarixdən "ov" soyadı sonluğundan imtina edərək sənədləri əsasən "Topçubaşı" kimi imzalamışdır. Məzarının üstündə də "Topşubaşı" yazılmışdır.

Ülviyyə Tahirqızı