Dini təhsil ödənişsiz olmalıdır Hadisə

Dini təhsil ödənişsiz olmalıdır

"Azərbaycanda 2018-ci ildən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcək".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar" adlı konfransda bildirib.
O qeyd edib ki, qeydiyyatdan keçən dini kolleclər mərhələli şəkildə fəaliyyətə başlayacaq və təhsil pulsuz olacaq: "Bakı İslam Universitetində də təhsil mərhələli şəkildə pulsuz olmalıdır. Hazırda bu istiqamətdə işlər görülür. Əgər bu gün Bakı İslam Universiteti ödənişlidirsə, bunun günahı universitetdə deyil. Bu məsələni həll etmək yalnız komitənin, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universitetinin səlahiyyətində deyil. Əgər biz dini təhsilin ideoloji, ictimai təhlükəsizlik üçün əsas olduğunu deyiriksə, dini təhsilə bağlı vəziyyət mütləq dəyişilməlidir. Azərbaycan dini təhsilin ödənişli olduğu nadir ölkələrdən biridir. Dini təhsil ödənişli olmamalıdır. Dövlət bu sahəni prioritet hesab edirsə, dini təhsilin ödənişli olması aradan qaldırılmalı, dini təhsilin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".
Gündüz İsmayılov bildirib ki , dini təhsil alan şəxslər təyinat almalıdırlar. Din xadimi təyin edildikdən sonra din xadimi kimi fəaliyyət göstərən şəxs məvacib almalıdır: "Biz bunlara nail olduqdan sonra ölkədə dini təhsilin səviyyəsini qaldıra bilərik. Biz bunları etməsək, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinə, Bakı İslam Universitetinə gələn əksər tələbələrin intellektual səviyyəsi bizi qane etməyəcək".
Gündüz İsmayılov eyni zanabda Bakı İslam Universitetinin (BİU) Azərbaycanda islam dəyərlərinin təbliğində böyük rolu olduğunu da deyib: "Bakı İslam Universiteti (BİU) artıq neçə illərdir fəaliyyət göstərir. Bu Universitetin Azərbaycanda islam dəyərlərinin təbliğində böyük rolu var və kimsə bunu inkar edə bilməz. Azərbaycanda BİU olmasaydı, bu gün məscidlərin əksəriyyəti din xadimləri olmadan fəaliyyət göstərərdi, yaxud hansısa məzhəbin təəssübkeşinin əlinə keçmişdi. Dövlətin bu sahədəki fəaliyyətinin həyata keçirilməsində bu universitetin böyük xidmətləri var".
Gündüz İsmayılov bildirib ki, bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır, magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür.
Onun sözlərinə görə, Azərbaycanda xaricdə dini təhsil alan 3000-dən çox şəxs var: "Onların bir qismi bizim kimi düşünür. Yerdə qalanlar isə müəyyən dini baxışların təsiri altında olurlar. Xaricdə dini təhsil almağın əleyhinəyik, çünki xaricdə həyat tərzi Azərbaycanda olduğu kimi deyil. Bu da dini baxışların fərqli şəkildə formalaşmasına öz təsirini göstərir. Bunları nəzərə alaraq hesab edirik ki, bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır. Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür. Eyni zamanda, xaricdən də ölkəmizə dini mütəxəssislər cəlb etmək olar".