Sosial sığınacaqlara yerləşdirilmə ilə əlaqədar tədbir Hadisə

Sosial sığınacaqlara yerləşdirilmə ilə əlaqədar tədbir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq şəxslərin yerləşdirilməsi işinin təşkilinə dair "dəyirmi masa" keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsindəki şəraitlə tanış olublar. Müəssisələrin hər birində müasir tələblərə uyğun sosial-məişət şəraiti yaradılıb. "Dəyirmi masa"da müvafiq qruplardan olanların yeni sosial xidmət müəssisələrinə qəbulu və həmin müəssisələrdə yerləşdirilməsi qaydaları, bu sahədə işlərin aidiyyəti qurumlarla əlaqəli aparılması, şəxslərin həmin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatın qiymətləndirilməsi proseduru barədə iştirakçılara ətraflı izahatlar verilib, onların sualları cavablandırılıb. Bildirilib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin Sosial Sığınacağa qəbulu daxili işlər və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin müraciətləri əsasında, baxımsız və kimsəsiz uşaqların Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbulu isə ayrı-ayrı şəxslərin və aidiyyəti dövlət orqanlarının müraciətləri əsasında həyata keçirilir.
Dövlət Sosial Müdafiə Fondu həmin müraciətlərə baxaraq onların sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və müəssisəyə qəbul edilib-edilməməsinə dair qərar qəbul olunur. Tədbirdə müvafiq şəxslərin həmin sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı işlərin koordinasiya edilmiş şəkildə operativ və səmərəli təşkili məsələləri müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilib.