Bakıda Azərbaycan gənclərinin VII Forumu keçirilib Hadisə

Bakıda Azərbaycan gənclərinin VII Forumu keçirilib

Prezident İlham Əliyev tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb

Dünən Azərbaycan Gənclərinin VII Forumu başlayıb. APA-nın məlumatına görə, forum prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.
Forumda Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər.
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Məktubda deyilir: "Hörmətli Forum iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk Gənclər Forumu ölkəmizin həyatında dərin iz buraxıb. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərə çarpacaq dərəcədə canlanıb, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artıb. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ idea və təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarlması istiqamətində daha təsirli tədbirlər görməyə, iri miqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini və milli-mənəvi dəyərlərinin qorunub saxlanması müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu Forumda bu məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılacaq, gənclərin vətənpərvərlik ruhunda və azərbaycançılıq məfkurəsi əsasında tərbiyəsinə xüsusi diqqət yetiriləcək. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclərin intellektual və fiziki inkişafına, ictimai fəallığın və təşəbbüskarların artırılmasına yönəlmiş layihələr həyata keçirirlər. Ümid edirəm ki, Forumda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qarşıdakı 4 il üçün gənclər siyasətinin prioritetlərinin müəyyənləşməsinə əhəmiyyətli töhfə verəcək. Toplantının işinə uğurlar, hər birinizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, foruma 1783 nümayəndə seçilib, onlardan 1739-u tədbirdə iştirak edir.
Daha sonra Azərbaycanın gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir və hazırda prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və qabaqlayıcı cavab verir.
Onun sözlərinə görə, hazırda ölkəmizdə 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçirilir: "Təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə gənclərin QHT-ləri tərəfindən Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilib, ümumi büdcəsi 11 257 124 manat təşkil edən 327 layihəsi maliyyələşdirilib. Azərbaycan hökuməti 5 illik "Azərbaycan gəncliyi" Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin edib, bunun üçün 80 milyon vəsait ayırıb. VI forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olub. Onlarda hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak edib. Səslənən rəqəmlər yalnız nazirliyin fəaliyyətini əks etdirir".
Nazir bildirib ki, 2 iyul 2013-cü il tarixində prezident tərəfindən "Gənclər üçün Prezident Mükafatı "təsis edilib, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyəti sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib: "Bundan əlavə, Bakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilib ki, bu forumda 95 ölkədən 400-ə dək gənc alim, doktorant iştirak edib".
Nazir çıxışının sonunda gənclərə göstərdiyi dəstəyə görə ölkə başçısına öz təşəkkürünü bildirib.