Günümüzün “qəhrəmanı” Hadisə

Günümüzün “qəhrəmanı”

Arzu Şirinova

Bu günki mövzumun "qəhrəmanı" sizlərin də hər addımbaşı rastlaşdığınız təəssüfünüzə və təəccübünüzə səbəb olanlardan birisidir. Söhbət açacağım "qəhrəman" böyük bir təşkilatın rəhbəridir. Savadı dayazdan da dayazdır. Ali təhsilini güclə başa vurub. Başa vurub deyəndə ki, pulun gücünə qurtaranlardandır. Həyatda, ancaq bir arzusu olub-çoxlu pul qazanmaq. Fikirləşib ki, çoxlu pulu olsa sayılıb-seçiləcək, məclislərdə başda oturacaq, istədiyi qadını ram edə biləcək və s. Demək olar ki, arzularına çatıb. Bəlkə də qazandığı pulun sayını itirənlərdəndir. Özünün evi və bağ evlərindən başqa övladlarının hər birinin ayrılıqda evi və maşını var. Maşın da ucuzlardan deyil, ən azı 50-60 min manat dəyərindədir. Şəhərin müxtəlif yerlərində obyektləri var. Gözü tutduğu qadından da vaz keçənlərdən deyil, ta o vaxta ki, məqsədinə çatsın. Oxu daşa dəyəndə isə həmin qadın haqqında olmazın iftiralar uydurur. Sanki bu adamın bacısı, anası, qızı yoxmuş kimi davranır və əxlaqsız həyat sürməkdən həzz alır. Qadınına qarşı isə çox əzazildir. Onun qadınının haqqı çatmır ki, təkbaşına küçəyə çıxsın. Övladları da "qəhrəmanımın" tökdüklərini bircə-bircə yığıblar. Onun yolunu gedirlər. Hara qədər, bax bunu, ancaq Ulu Tanrı bilir...
...Bu saladıqlarım onun işdən kənardakı həyat tərzidir ki, bunun da yeri gələndə kimsəyə aidiyyatı yoxdur. Ancaq iş həyatı... Vəzifədə olduğu bu illər ərzində tabeliyində olan işçilərdən kimsə deyə bilməz ki, onun hansısa bir yaxşılığını görüb. Əksinə, kiməsə pislik eləməkdən xüsusi zövq alır. Rüşvət almadan işə götürməyi özünə yasaqlayıb. Lap imkansızlardan belə istədiyi məbləği almayınca ərizəsinin üstünü yazmaz. Qazandığı pulun demək olar ki, 90 faizini cinayət yolu ilə əldə edir. Kimsədən də qorxusu yoxdur. Deyir ki, "özümdən böyüklərin haqq-hesabını çatdırdığım üçün mənə dəyməzlər".
Yuxarıda qeyd etdiyim kimi, bu adam savadsızdır. Həinki öz sahəsində, ümumiyyətlə, bütün sahələrdə kasaddır. Ona deyəndə ki, Azərbaycanın Cümhuriyyət günüylə bağlı işdə tədbir keçirmək lazımdır, sallax və abırsız sifətini bir qədər də abırsız vəziyyətə salaraq gözlərini qoyun təki döyür və söyləyir: "Həmin gün nə baş verib ki?" Sonra bu kəmsavada başa salırlar ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, yaradıcıları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Həsib bəy Ağayev, Fətəli Xan Xoyski və s.kimi vətənpərvərlər olub deyib ki, "bundan mənə nə?"
Onun nə müstəqillik tarixindən, nə meydan hərəkatından, nə 20 Yanvar faciəsinin baş vermə səbəblərindən xəbəri yoxdur.
Bu tarixləri anladanda da "mənə nə", deyə cavab verir. Xocalı faciəsinin ildönümü yaxınlaşanda isə, "yenə televiziyalar yasxana açmaqla məşğul olacaqlar", sözlərini dilinə gətirməkdən belə utanmır. Bir sözlə, bu adam şərəfsiz sözünə də layiq deyil. Ancaq vəzifədədir, hər kəsin üz tutduğu bir təşkilata rəhbərlik edir...