“Heç kim özbaşına dini kitab yayımlaya bilməz” Hadisə

“Heç kim özbaşına dini kitab yayımlaya bilməz”

Xəbər verdiyimiz kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin "İslamda yoxdur!" adlı kitabının çap olunmasına qadağa qoyub. İlahiyyatçının kitabı komitənin ekspertiza rəyindən müsbət cavab ala bilməyib.
Hansı hallarda dini kitabların dərcinə icazə verilmir? Bəs bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) səlahiyyəti varmı?
QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, heç kim özbaşına dini kitablar yayımlaya bilməz:
"Dini kitabların ekspertizası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aiddir. QMİ-nin də Elmi Dini Şurası fəaliyyət göstərir. Əgər şura nəşrin dərc olunmasına icazə verirsə, o zaman həmin nəşr yayımlana bilər. Amma özbaşına dini kitabların yayılmasına, satışına qadağa qoyulub.
Yalnız qeyd etdiyim kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kitaba rəy verməlidir. Hətta bizim Elmi Dini Şuranın qərarı komitəyə göndərilir və daha sonra nəşrə icazə verilir".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışlarının birində qanunvericilikdə dini ədəbiyyatlar ilə əlaqədar maddələr olduğunu deyib:
"Qanuna görə, ölkəyə dini ədəbiyyatlar və atributlar Dövlət Komitəsində ekspertiza rəyi aldıqdan sonra gətirilə bilər. Sərhəd və gömrük buraxılış məntəqələrimizdə müxtəlif xarakterli dini ədəbiyyat vasitələri gətiriləndə onların nümunələri bizə göndərilir. Bizim müvafiq şöbəmiz ona rəy verdikdən sonra həmin rəyə uyğun şəkildə ya onları buraxırlar, ya da onun gətirilməsinə imkan vermirlər.
Eyni zamanda, ölkədə nə qədər dini kitab nəşr olunursa, Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsindən müsbət rəy aldıqdan sonra dərc oluna bilər. Yəni bütün kitablar, hətta Qurani-Kərim də nəşr ediləndə dini ekspertiza rəyini aldıqdan sonra dərc olunur".