Medianın “qurban”ı olan uşaqlar Hadisə

Medianın “qurban”ı olan uşaqlar

..."Məktəbli zorlandı", "Azyaşlı uşaq qaçırıldı", "Ata qızana təcavüz etdi", "15 yaşlı narkoman", "Direktorun məktəbli sevgilisi", "Məktəbdə əxlaqsızlıq", "Şagirdlərin intim videosu"... Medianın gündəmini zəbt edən başlıqlar...
...Növbəti hadisə bugünlərdə baş verdi. Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində həmin məktəbin 11-ci sinif şagirdi R.C-nin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi xəbəri günlərlə bütün medianın gündəmini zəbt etdi – görüntülərlə, fotolarla, ad, soyad açıqlanmaqla, hətta R.C-nin babasının (sabiq müdafiə nazirinin müavini) kim olduğuna qədər ictimaiyyət məlumatlandırıldı. Zorakılığa məruz qalan qızın videosu, onun intihara cəhd etdiyi xəbəri ictimailəşdirildi... Milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Konstitusiyamızda nəzərdə tutulan şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, "KİV haqqında qanun", eləcə də digər qanunvericilik aktlarının tələbləri pozuldu, reytinq xatirinə hər dəfə bu kimi hadisələri çılpaqlığı ilə ictimailəşdirdik...
... Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur.
Uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Nə yazıqlar ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır.
Bu dəfə Azərbaycan medaisında uşaq hüquqlarının qorunması məsələsinə toxunacağıq.
Etiraf edək ki, bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq, aşkar efirdə göstərilir, yazılır və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımı işlər görülməlidir. Problemlərin media vasitəsi ilə işıqlandırılması bir sıra problemlərin həllinə şərait yaradır. Hər hansı bir uşağın probleminin nöqsanlı işıqlandırılması həmin uşağın psixoloji travma alması ilə yanaşı, onun cəmiyyətə inteqrasiya olunmasına mane olur. Bəzən də media nümayəndələri nəyəsə görə günahsız uşaqların fotolarından istifadə edirlər.
Digər bir tərəfdən son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır.

"Media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər"

Media hüquqi üzrə ekspert Müşfiq Ələsgərli hesab edib ki, uşaqlarla bağlı olan problemlər əslində iki hissədən ibarətdir: "Birincisi, uşaqların sosial problemləri ilə bağlı məsələlərin gündəmdə saxlanılması. Digəri isə uşaqların başına gələn hadisələrin işıqlandırılması. Hər iki məsələ ilk baxışdan eyni mövzu təsiri bağışlasa da, aralarında müəyyən qədər müxtəliflik var. Xüsusən də, azyaşlıların müxtəlif növ cinayət əməllərnə cəlb olunması ilə bağlı məsələlərdə çox ciddi problemlər var. Bilirsiniz ki, uşaqların cinayətkarlığa cəlb olunması halları son zamanlar artaraq qlobal səviyyəli bir problemə çevrilib. Azərbaycanda isə uşaqların zorakılığa məruz qalması və insan alverinin qurbanına çevrilməsi, orqan mafiyası tərəfindən oğurlanması kimi hallar daha çox müşahidə olunur. Və təəssüflə qeyd etməliyəm ki, bu kimi hadisələrin işıqlandırılması zamanı media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər. Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün,
valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc olunmalıdır. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa belə, qanunvericilikdə uşaqların adlarının çəkilməsinə icazə verilmir. Buraya özündən asılı olmayaraq cinayət əməlinə cəlb olunmuş və ya başına açıqlanması məqbul olmayan hadisə gələn uşaqların mətbuatda adının hallandırılması məsələsi daxildir. Əks təqdirdə, uşaq haqqında pis reputasiya formalaşır və gələcəkdə ona zərər verə biləcək, onu cəmiyyətdə "gözü kölgəli" edəcək informasiyalar əslində data-bazalarda qorunub saxlanılır və istənilən şəxs istədiyi zaman həmin məlumatı əldə edə bilir. Buna görə də, zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır".

"Uşaq hüquqlarının qorunmasına ən çox zədə vuran TV-lərdir"

Media eksperti Ələsgər Məmmədlinin fikirincə, Azərbaycan medaisında uşaq hüquqlarının qorunmasına ən çox zədə vuran TV-lərdir: "Çünki onlar görüntülü şəkildə bunu edirlər. Qəzet və onlayn media da bu xatanı təkrarlayır. Belə ki, kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir, həm də şübhəli kimi saxlanılır. Lakin yaşı 18-dən aşağı olanlar üçün bu keçərlidir". Media eksperti onu da qeyd edir ki, bizim jurnalistlər 2-ci halda, yəni zərər verən kimi şübhəli qismində saxlanan və ya istintaqa cəlb edilənləri demək olar ki, heç vaxt qorumur və onların hətta kamera önündə "etiraf"larını yayırlar: "Mən bunu çox sıx müşahidə edirəm. Ayrıca, azyaşlı qızlara qarşı baş verən cinsi istismar zamanı da bu səhv təkrar edilir. 17 yaşlı qızın 200 nəfər kişi ilə əlaqəsi və onlara AİDS bulaşdırması xəbərini çox açıq şəkildə TV-lərdə verməklə, öncə həmin qızın həbs edilməsi, sonra ölməsinə qədər gedib çıxmışdı. Bir sözlə, uşaq hüquqları media etikası-jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, azyaşlıların psixikasına təsir edən saytlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən addımların atılması çox vacibdir.
"Elə internet resursları var ki, uşaqlar üçün qadağan olunsa da, tədqiqat və digər məqsəd üçün faydalı ola bilirsə, bağlanması o qədər də məqbul sayılmır. Artıq ötən il İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununda bu cür internet resurslarının bloklanması ilə bağlı müəyyən dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, uşaqların psixologiyasına mənfi təsir göstərən, pornoqrafiyanı, ektremist davranışları, təhlükəli oyunları təbliğ edən internet saytları məhkəmənin qərarı olmadan bloklana bilər. Bu sahədə səlahiyyətli qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elektron Təhlükəizlik Mərkəzi (ETM) bu istiqamətdə sistemləşdirilmiş işlər aparmalıdır", - O.Gündüz vurğulayıb.

"Uşaqlarla bağlı şəxsi məlumatların verilməsi KİV-ə qadağan edilməlidir"

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov da hesab edir ki, uşaqlarla bağlı xəbərlər hazırlanarkən onlar haqqında şəxsi məlumatların verilməsi KİV-ə qadağan edilməlidir: "Belə məlumatların mediada açıqlanması uşaqların hüquqlarını pozmaqla bərabər, onların inkişafına mənfi təsir göstərir". Ekspertin sözlərinə görə, həm cinayətin qurbanı olmuş, həm də cinayət törətmiş uşaqlarla bağlı məlumatlarda onların ad, soyadlarının, ünvanlarının, foto və video görüntülərinin verilməsi uşaqların cəmiyyətdə tanınmasına səbəb olur. Bu isə həmin uşaqların icmalarında, təhsil aldıqları məktəblərdə onlara qarşı mənfi imicin formalaşması ilə nəticələnir və uşaqların həyatında, psixologiyasında fəsadlar yaradır.
N.Seyidov deyib ki, barələrində belə məlumatlar yayılan uşaqlar ailədən, cəmiyyətdən təcrid olunur, özlərinə qapanırlar. Bəzi hallarda isə gələcəkdə xoşagəlməz yollara əl atmağa məcbur olurlar, özlərinə qəsd edə bilirlər, güclü psixi sarsıntı keçirirlər: "Onlarda somatik pozuntular baş
verə bilər. Bu da nəinki həmin uşaqlara, digər ailə üzvlərinə də mənfi və uzunmüddətli təsir göstərir".

Uşaq hüquqlarının qorunmasına təminat verən hüquqi baza

Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqların mənafelərinin KİV-də diqqətlə nəzərdə saxlanması üçün media sahəsində mövcud olan qanunvericilikdə xüsusi müddəlar mövcuddur.
KİV-in fəaliyyətini tənzimləyən əsas qanunlardan biri olan "KİV haqqında" Qanunun 11-ci maddəsində informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verməyən xüsusi hallar sadalanıb. 11-ci maddəninin 4-cü bəndində göstərilir ki, "yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına" yol verilmir.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları da uşaqlar haqqında informasiyalara xüsusi yanaşmanı tövsiyyə edir. Qaydaların 3-cü prinsipi (Şərəf və ləyaqətin qorunması, çəxsi həyatın toxunulmazlığı) uşaqlarla bağlı informasiya hazırlanan zaman əməl edilməli olan məqamlara aydınlıq gətirir:
- 3.6 Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir.
- 3.9 Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılmasi ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, daha vacib ictimai əhəmiyyət kəsb edən məqamların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir.
Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkən, yaxud belə hadisələrə cəlb edilən uşaqların kimliyini mütləq qorumalıdır.
Bunlardan başqa, jurnalist uşaqlara zərər yetirəcək məlumatların, təsvirlərin nəşrindən,sensasiyalı təqdimatların istifadəsindən boyun qaçırmalı, uşaqlarla əlaqəli istənilən informasiyanın nəşr olunması nəticəsində yaranacaq durumu diqqətlə təhlil etməli, uşaqlar üçün ziyanı azaltmalı, xəbər yayma prosesində Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın tələblərinə əməl etməlidir.
İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinin 0.1 bəndində isə "açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağ"ın inzibati məsuliyyət yaratdığı göstərilir.
Media sahəsində önəmli qanunlardan biri olan "İnformasiya əldə etmək azadlığı haqqında" Qanunun 38-ci maddəsi də fərdi məlumatlar başlığı altında uşaq hüquqlarına toxunan məqamlara diqqət çəkir.
"Fərdi məlumatlar haqqında" Qanunun 8-ci maddəsində şəxsin özü barəsində fərdi məlumatların toplanmasına və işlənməsinə razılıq verilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsi fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə müəyyən olunan inzibati məsuliyyəti göstərir.

Tövsiyyələr

Bütün jurnalistlər, media peşəkarları peşə standartlarını, etik prinsipləri qorumaq, işlərində tətbiq etmək öhdəliyi daşıyırlar. Xəbər yayımı prosesində Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın tələblərinə əməl edilməsi də bu sıradandır.
Jurnalistlər uşaq qayğıları ilə bağlı məlumat verilməsində ən yüksək etik standartları saxlamalı, uşaqlarla bağlı problemlər barədə məlumat verərkən həssaslıq, dəqiqlik baxımından yüksək standartlara riayət etməli, uşaqlara zərər yetirəcək məlumatların, təsvirlərin nəşrindən boyun qaçırmalı, uşaqlarla əlaqəli istənilən informasiyanın nəşr olunması nəticəsində yaranacaq durumu diqqətlə təhlil etməli, uşaqlar üçün ziyanı azaltmalı, uşaqların qeyri-ənənəvi təsvirlərinin, materialların yayılması üçün sensasiyalı təqdimatların istifadəsindən boyun qaçırmalıdırlar.
Media uşaqların vəziyyəti barədə yalnız hadisələr baş verəndə məlumat verməməli, bu hadisələrin yaranmasına gətirən prosesləri davamlı olaraq diqqətdə saxlamalı və məlumat verməlidir.

Cavid Şahverdiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir