“Əbülfəs Qarayevin ittihamları subyektivdir” Hadisə

“Əbülfəs Qarayevin ittihamları subyektivdir”

Vəli Əkbər: "Dövlətin ədəbiyyatı zorla təbliğ etmək borcu yoxdur"
Şərif Ağyar: "Yaxşı ki, hörmətli nazir, kədərli bir şeir oxumayıb"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) 12-ci qurultayında çıxışı zamanı tənqidi fikirdər səsləndirməsi yazarlar tərəfindən birmənalı qarşılanmayıb.
Əbülfəz Qarayev bildirib ki, Azərbaycan mədəniyyəti dövlət tərəfindən qorunur: "Dövlət başçısı İlham Əliyev ölkə mədəniyyətinə və ədəbiyyatına daim dəstək verir".
O, deyib ki, ölkə başçısının və dövlətin qayğısı nəticəsində Azərbaycanda gənc yazıçıların sayı artır. Bununla yanaşı, onlar dünya arenasına çıxırlar. İndi milli musiqinin və teatrın inkişafında yazıçıların rolu böyükdür. Əbülfəs Qarayev onu da qeyd edib ki, bu gün Azərbaycan yazıçılarının uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutmalarını, Azərbaycanın müasir dövrünü əks etdirən əsərlər yazmalarını arzulayır. Bəzən Azərbaycanda gənc yazar kimi təqdim edilən yazıçıların yaşı 50-ni ötmüş olur.
Nazir həmçinin Azərbaycan ədəbiyyatını dünyada lazımi qədər tanıdılmamasından danışıb: "Bu gün bir neçə imzanı çıxmaq şərtilə müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir. Eyni zamanda, Azərbaycanın gənc nəsli müasir dünya ədəbiyyatının ən əhəmiyyətli hissəsindən xəbərsiz qalır. Bir sıra hallarda məşhur yazıçıların əsərləri çox bəsit şəkildə tərcümə edilir".
Onun sözlərinə görə, bu gün Azərbaycan oxucusu müasir dünya ədəbiyyatının mühüm hissəsindən xəbərsizdir: "Bir çox hallarda əcnəbi yazıçıların əsərləri dilimizə bəsit tərcümə olunur. Arzu edirik ki, Azərbaycan ədəbiyyatında müasir yazarlar uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutsunlar. Xüsusilə də Azərbaycanın ən yaralı yeri olan Qarabağ mövzusu işıqlandırılsın".
Ümumiyyətlə Azərbaycan ədəbiyyatının səviyyəsi aşağıdır, yoxsa bu sahənin inkişafına görə məsuliyyət daşıyan şəxslərin? Əbülfəz Qarayevin ittihamlarına yazarların münasibəti necədir?
Şair- jurnalist Vəli Əkbər bildirdi ki, bu sualın konkret cavabı yoxdur, məsələyə bu cür ittihamedici tərzdə yanaşmağı düzgün hesab etmir: "Birincisi, Azərbaycan ədəbiyyatı deyəndə, böyük bir zaman kəsiyi var ortada. Nizami Gəncəvi yaradıcılığı bütöv Avropa renonans ədəbiyyatına bərabərdir və ondan üç-dörd əsir də qədimdir. Söhbət müasir ədəbiyyatdan gedirsə, bu bir az mübahisəlidir. Müsair dövürdə sadəcə bir nümayəndəmizin adını çəkim: Ramiz Rövşən, kifayət qədər milli və bəşəridir. Simvolik və realistdir, həm də kifayət qədər də fəlsəfidir. Dünya onu niyə böyük şair kimi tanımır? Çünki, onu əvvəlcə özümüz tanımalıyıq ki, dünya tanısın. Siz elə bilirsiniz, Ramiz Rövşən Azərbaycanda kifayət qədər tanınır? Mən o fikirdə deyiləm. Fizikada belə bir qayda var da, yan-yana durmuş və bir -biri ilə eyni hündürlükdə əlaqələndirmiş qablardan birinə maye tökdükdə gərəkdir öncə biri o səviyyəyə qədər dolsun ki, o birisi qaba da maye keçsin.
O ki, qaldı nazir Əbülfəs Qarayevin ittihamlarına, kifayət qədər subyektivdir. Bu mövzu ədəbiyyatşünasların mübahisə predmeti ola bilərdi. Dövlətin isə ədəbiyyatı zorla təbliğ etmək borcu yoxdur. Dövlət bu işə qarışmasa yaxşıdır, o bunu zorla edəndə mənzərə eybəcərləşir. Dövlət ədəbiyyatı müdaxiləsiz stimullaşdıra bilər və bu ən yaxşı yanaşma olardı".
Yazar Rüfət Əhmədzadə diqqətə çatdırdı ki, ədəbiyyatımızın səviyyəsi o zaman aşağı olardı ki, bizdə X-XI əsrlərdə Xaqani, Nizami kimi şairlər yetişməzdi: "O dövrdən bu yana, ədəbiyyatımız bütün janrlarda özünü göstərib. Azərbaycan xalqı da isetdadlı xalqdır. Sadəcə, xalq anlayışı və gəncliyin özü də "plastilin" xarakterlidir. Onu illərlə yoğurub hansı formaya salarsansa, o da eyni nəticəni göstərər. Əbülfəz Qarayevin ittihamları yerindədir, amma buna ilk növbədə AYB rəhbərliyi cavab verməlidir. Əgər Anarın kitabı Kubada 10 min tirajla çap olunursa, ölkədə nə qədər yazar 500 tirajla kitab çap etməyə pul tapmırsa... Mən nə deyə bilərəm? Tərcümə, tanıtım, əlaqələr... Bunlar mütəşəkkil təşəbbüslər tələb edir. Mənim kimi 1-2 adamın görəcəyi iş deyil".
Yazıçı-publisist Şərif Ağayar isə açıqlamasında nazirin dediklərinin həqiqətə uyğun olduğunu dilə gətirib: "Məncə, nazir haqlıdır. Amma bir incə məsələ var ki, o kimə şikayətlənir? Təsəvvür elə, problemi həll etməkdə görəvli olanlar şikayət edirlər. Kimə? Bax, bu, absurd Azərbaycan reallığıdır. Yaxşı ki, hörmətli nazir, kədərli bir şeir oxumayıb".
Şair Rüstəm Behrudi isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi ağır ittiham edib: "Məni qurultaya dəvət ediblər, amma getməmişəm. Getməməyimin də səbəbi xəstə olmağımla əlaqədardır. Nazir dünya səviyyəsi deyəndə nəyi deyir, anlaya bilmirəm. Bu saat mən tərcüməçim Alla Axundovla ilə danışırdım. Dünyanın bir tərəfi də Moskvadır, mənim də orada kitabım çıxıb. Ankarada da ikinci bir kitabım çap olunacaq. Yaxşı olar ki, Əbülfəs Qarayev öz işləri ilə məşğul olsun. Mən qurultaya getmədiyimdən bunu eşitməmişəm. Hər halda mən onu ağıllı adam bilirəm. Əgər bunu deyibsə, bir nazir olaraq düz danışmır. Yəni onda onun ədəbiyyat deyilən bir şeydən xəbəri yoxdur. Mən belə fikirləşirəm. Azərbaycan ədəbiyyatı dünyada tanınmağa layiq deyilsə, bunun ən böyük günahı Əbülfəs Qarayevin özündədir. Çünki o, ancaq xaricdən Azərbaycana gələn sənətçilərin şoularını keçirməklə məşğuldur. Azərbaycan ədəbiyyatında dünya ədəbiyyatına çıxacaq adamlar çoxdur. Sadəcə onların dünyaya çıxacaq imklanları yoxdur. Məncə, bu işlə məşğul olmaq lazımdır".

Əli