Qarabağ qaziləri razı qalıblar Hadisə

Qarabağ qaziləri razı qalıblar

Xəbər verildiyi kimi, iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədi ilə sərəncam imzalayıb. Dünən "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birlikləri birgə açıqlama yayıblar. Açıqlamada deyilir:
"Biz Qarabağ qaziləri son bir-neçə ayda cənab prezidentimiz İlham Əliyevin müharibə insanları və onların ailə üzvlərinə aid imzaladığı fərman və sərəncam yüksək qiymətləndiririk. Son sərəncam prezidentin mart ayında imzaladığı bir neçə fərmanının məntiqi ardıcıllığıdır. Mart ayında İlham Əliyev Qarabağ əlillərinin prezident təqaüdlərini nəzərəçarpacaq dərəcədə artırdı, eyni zamanda başqa bir fərmanı ilə Qarabağ əlillərinin övladlarının ödənişli ali təhsil haqları dövlət hesabına ödəniləcək. Bundan başqa prezidentin bu qəbildən olan insanlara aid çox vacib tapşırıq və tövsiyələri də olub. Sonuncu sərəncamla mənzil növbəsində olan 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi dövlət hesabına mənzillə təmin ediləcək. Bu addımlar onu göstərir ki, İlham Əliyev bir prezident, Ali baş komandan kimi bu insanların problemlərinə çox həssasdır, eyni zamanda onların ən xırda qayğılarından da xəbərdardır. Bu bizi çox sevindirir. Yeri gəlmişkən, xüsusi ilə qeyd edək ki, prezidentin imzaladığı sərəncam, fərmanlar Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət orqanları tərəfindən layiqincə yerinə yetirilir.
Rəhbərlik etdiyimiz təşkilatlarımız adından cənab prezidentə minnətdarlığımızı ifadə edir və dərin təşəkkürümüzü bildiririk. İnanırıq müharibə adamlarına olan diqqət və qayğı bundan sonra da uğurla davam etdiriləcək."
Açıqlamanı "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov imzalayıb.