Erməni yazar AYB üzv olmaq qərarı verib Hadisə

Erməni yazar AYB üzv olmaq qərarı verib

Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Ermənistan Yazıçılar Birliyindən kənarlaşdırılmasına bu cür təpki göstərib

Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etmək niyyətindədir.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Lyubik Çibuxçyan yerli jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Yazıçılar Birliyinin rəhbərliyi yaxın günlərdə onu qurumun sıralarından kənarlaşdırmaq niyyətindədir. "Məni qəsdən elə həddə çatdırırlar ki, qoy mən özüm könüllü şəkildə Birliyi tərk edim. Mən bunu etməsəm belə, onsuz da, onlar bunu mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən bu addımı atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq qalır, onun axı başqa məsələlərə nə aidiyyatı var?", deyə Çibuxçyan qeyd edib.
Qeyd edək ki, Lyubik Çibuxçyan bir müddət əvvəl siyasi sığınacaq almaq üçün Azərbaycana müraciət etməyə hazırlaşırdı. APA-nın məlumatına görə, bu barədə L. Çibuxçyan Ermənistan prezidenti Serj Sarkisyana yazdığı və "Aravot" qəzetində dərc olunmuş açıq məktubunda bildirmişdi.
L. Çibuxçyan müraciətində S. Sarkisyana artıq 13-cü cavabsız məktub yazdığını qeyd etmişdi. Həyat yolu və ictimai-siyasi fəaliyyəti barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: "Sizin adınızdan mənə mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə gəlib məndən açarı aldı. Bu evdə indi "Armekonombank" yerləşir. Yeni qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram dilənçi maaşından da məhrum etdi".
L. Çibuxçyan məktubda xatırladıb ki, S. Sarkisyan onu əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı S. Sərkisyana qaytaracağını bildirib: "Ermənistanda həya yalnız bir insanda var - məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə hazırlaşıram".
Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik və nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb.