“Daha sosial yönümlü cəmiyyətin yaradılması məqsədi qarşıya qoyulub“ Hadisə

“Daha sosial yönümlü cəmiyyətin yaradılması məqsədi qarşıya qoyulub“

"Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Proqramla üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır".
Bu sözləri Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminarda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, müvafiq hökumət qurumlarının səylərini əlaqələndirir: "Bu Şura işlək bir formatdır. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə işləri aparılıb və Azərbaycan cəmiyyəti artıq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hədəflər barədə məlumatlıdır. Qısa bir müddət ərzində ölkəmizdə bu istiqamətdə 8 dövlət proqramı, 31 strategiya, 25-dən artıq normativ hüquqi aktlar araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan prioritet olaraq 17 məqsədi, 107 hədəfi və 150 göstəricini özü üçün seçib. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək. İnanıram ki. 2030-cu ildə dünya daha ədalətli, insanların hazırda qarşılaşdıqları problemlərin həllini tapacağı bir dünya olacaq".
Baş nazirin müavini qeyd edib ki, 2030-cu ildə Azərbaycanda daha sosial yönümlü bir cəmiyyətin yaradılması məqsədi qarşıya qoyulub: "Dəyişən dünyanın bir parçası olaraq Azərbaycanın da bu yöndə dəyişəcəyinə inanırıq".