“Cənab prezidentin müşavirədəki çıxışından bir daha hər kəsə bəlli oldu ki...” Hadisə

“Cənab prezidentin müşavirədəki çıxışından bir daha hər kəsə bəlli oldu ki...”

Elçin Mirzəbəyli: "Öz vəzifəsinin öhdəsindən gəlməyən istənilən şəxs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcək"

Sahib Alıyev: "Eyni zamanda, o da müəyyənləşdiriləcək ki, fors-major halda ayrı-ayrı qurumlar necə işlədilər"

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlət başçısı müşavirədə mühüm məsələlərə toxunub. O bildirib ki, qəza ilə bağlı yaradılmış komissiyanın əsas vəzifələrindən biri məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Onun sözlərinə görə, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.
Dövlət başçısı həmçinin əlavə edib ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər: "Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər: "Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur".
Dövlət başçısı həmçinin əlavə edib ki, son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub: "Ancaq iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu...".
Ekspertlər dövlət başçısının müşavirədə səsləndirdiyi bu və digər fikirləri şərh ediblər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəyli bildirib ki, müşavirə enerji sistemində yaranmış vəziyyətlə bağlı real mənzərəni ortaya qoydu və hətta bu sahə haqqında yetərincə bilgisi olmayan insanlara da baş verən hadisənin mahiyyətinin ən incə detallarına kimi çatdırılmasına zəmin yaratdı: "Müşavirədə nəzərə çarpan ən önəmli cəhətlərdən biri baş verən qəzanın və bu qəzadan qaynaqlanan, eləcə də bu qəza nəticəsində ortaya çıxan bir sıra digər problemlərin ciddi şəkildə araşdırılması, təhlil olunması, çıxış yollarının tapılması və bütün bunların şəffaf bir şəkildə ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Qeyd olunduğu kimi artıq qəza ilə bağlı komissiya yaradılıb. Müşavirədə komissiya üzvlərinin qısa müddət ərzində baş verən hadisə ilə bağlı ciddi araşdırmalar apardıqları da nəzərə çarpdı. Bildiyimiz kimi, qəza ilə bağlı cinayət işi açılıb və şübhəsiz ki, istintaqın nəticəsinə uyğun olaraq, müvafiqə qərarlar qəbul ediləcək. Azərbaycan hüquqi dövlətdir və bu baxımdan fəaliyyətində cinayət əməli olan istənilən şəxsin məsuliyyətə cəlb olunması yalnız qanunvericiliyin dələblərinə uyğun, müvafiq hüquqi prosedurların həyata keçirilməsi yolu ilə baş tuta bilər. Bunun alternativi yoxdur".
E.Mirzəbəyli vurğulayıb ki, baş verən qəzanın nə üçün bütün ölkəni enerjisiz qoyduğu müşavirədə açıqlandı: "Bütün bunları təkrarlamağa ehtiyac görmürəm. Problem kifayət qədər ciddidir və bu sektorun idarəçiliyi ilə bağlı bütün istiqamətləri, o cümlədən proqram təminatını da əhatə edir. Bu barədə ətraflı danışıb istintaqın gedişinə mane olmaq istəmirəm. Qənaətimə görə, istintaq dövlət strukturlarının gələcək fəaliyyəti üçün olduqca vacib olan, hətta da ilk baxışda diqqəti cəlb etməyən məqamların ortaya çıxmasına da zəmin yaradacaq. Müşavirədə də qeyd olunduğu kimi, dövlət enerji sektorunun inkişafına böyük investisiyalar yatırıb. Verilən hesabatlardan isə aydın oldu ki, bu vəsaitlərin təyinatı üzrə xərclənməsində ciddi problemlər var. "Azerenerji" rəhbərliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib, dövlət qurumlarının qəza təhlükəsi barədə dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayıb, təmir-bərpa işləri üçün ayrılan vəsaitləri havaya sovurub, səhlənkarlığa, məsuliyyətsizliyə yol verib".
Ekspertin sözlərinə görə, əvvəla, cənab prezidentin müşavirədəki çıxışından bir daha hər kəsə bəlli oldu ki, öz vəzifəninin öhdəsindən gəlməyən, səhlənkarlığa, məsuliyyətsizliyə yol verən istənilən şəxs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcək: "Qeyd edim ki, dövlət başçısı qəzanın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edən, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirən daxili işlər və fövqəladə hallar nazirliyinin və digər dövlət qurumlarının işini yüksək qiymətləndirdi. Bu isə ekstrimal vəziyyətlərdə müvafiq dövlət qurumlarının istənilən təhlükəni aradan qaldırmağa, prosesi nəzarətdə saxlamağa hazır olduqlarının president tərəfindən vurğulanmasıdır. Bildiyiniz kimi, prezident hadisəyə anlayışla və təmkinlə yanaşan, dövlətə dəstək verən, həmrəylik nümayiş etdirən Azərbaycan vətəndaşlarına öz təşəkkürlərini çatdırdı, dövlətlə xalqın vahid olduğunu və bu birliyin istənilən maneəni geridə qoya biləcəyini vurğuladı. Şübhəsiz ki, bütün bunlar çox önəmli mesajlardır".
Millət vəkili Sahib Alıyev deyib ki, bir neçə gündür ölkəmiz elektrik qıtlığı baxımından bəzi yerlərdə bir-iki saat, bəzi yerlərdə daha çox təqribən olmaqla 90-cı illərin əvvəlindəki vəziyyətlə üzləşib. Onun sözlərinə görə, bu texnogen qəza nəticəsində baş vermiş bir olaydır ki, ondan da heç bir dövlət sığortalanmayıb: "Onlarla örnək gətirmək olar, ancaq bir çoxları bu haqda yazdıqlarından xatırlatmağa ehtiyac duymuram.
İnsanların adət etdikləri həyat tərzi pozulursa, təbii ki, bu müəyyən narazılıq doğrumalıdır, hər yerdə də doğurur. Amma heç yerdə bizdəki bəziləri kimi bundan faydalanaraq öz dövlətlərini aşağılamağa çalışmırlar. Halbuki heç də hər yerdə dövlət institutları Azərbaycandakı sayaq tez bir zamanda toparlanaraq yaranmış problemi operativcəsinə çözə bilmirlər. Əgər Mingəçevir İES-də qəza baş veribsə və bu qəza ölkənin enerji sistemini iflic vəziyyətinə salaraq böyük problemlər yaradıbsa, demək, bu sahədə nöqsan və çatışmazlıqlar var. Nədir bunlar və ona görə kimlər məsuliyyət daşıyır, heç şübhəsiz ki, o müəyyənləşdiriləcək. Cənab prezidentin tapşırığıyla yaradılan komissiya həm də bunun üçündür. Eyni zamanda o da müəyyənləşdiriləcək ki, fors-major halda ayrı-ayrı qurumlar necə işlədilər, belə bir vəziyyətə kim nə dərəcədə hazır idi. Yəni kim cəzalandırılmalıdırsa cəzlandırılacaq, hansı nəticə çıxarılamlıydısa, ümid edirəm ki, artıq çıxarılıb".
Millət vəkili Sahib Alıyev onu da qeyd edib ki, ancaq cəmiyyət olaraq bizim də nəticə çıxarmağımız vacibdir: "Müvəqqəti işıqsızlığa görə haray-həşir salmaqdan, kimlərləsə haqq-hesab çürütməyə cəhddən, lağ-lağılıqdan başqa biz nə etdik? Eyni vəziyyətlə üzləşən başqa cəmiyyətlərdə hamı olmasa da yüzlərlə, minlərlə adam dövlətinə öz dəstək və köməyini təklif edir. Biz necə, aramızda nə qədər adam bu haqda düşündü? Bilirsiniz, vətəndaş cəmiyyəti deyirik, amma bu cəmiyyətə haqq etmək üçün ilk növbədə özümüz vətəndaş olmağı bacarmalıyıq. O ki qaldı doxsanıncı illərin əvvələrdində hakimiyyətdə olanların və onların yan-yörəsindəkilərin baş vermiş bu olaya görə təkcə ölkə rəhbərliyinin deyil, bir çox hallarda olduğu kimi yenə dövlətin üzərinə getmələrinə, mən nə qədər desəm də bunların hərəkətlərinə daha təəccüblənməyəcəm, amma yenə təəccübləndim. Əvvəldə də vurğuladım, sizin dövrünüzdə axı Azərbaycanda vəziyyət həmişə texnogen qəza üzündən üzləşdiyimiz son iki gündəki kimi, hətta ondan da pis idi. Və təkcə elektrik qıtlığı yaşamırdı bu məmləkət, çörək növbələri, ərzaq çatışmazlığı yaddan çıxmasın gərək. Gərək o da yaddan çıxmasın ki, bəzi əli silahlı cinayətkar ünsürlər o zaman şəhər və kəndlərimizdə necə at oynadırdılar. Bu baxımdan fərqlənən şəhərlərdən biri də Gəncə idi. Gəncənin adını həm də ona görə çəkdim ki, dünən texnogen qəza üzündən müəyyən problemlər yaşandığı bir vaxtda bu şəhərin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə cəhd edildi. Belə görünür ki, bunu edən 90-cı illərin əvvəlində Gəncədə at oynadan quldurlarla eyni psixologiyanın daşıyıcısıdır. Şükürlər osun ki, ölüm-itim olmadı və cinayətkar da tutuldu. Yəqin izləyənlər görürlər, o kəsim ki texnogen qəza üzündən yaranmış problemə görə dövlətimizi aşağılayır, çeşidli yaramazlıqlar edirdilər, həmən cinayətkarı da az qala milli qəhrəmana çevirməyə çalışdılar. Bu da təbiidir. Çünki belə hallar onlara keçmişlərini xatırladır, sözün hər anlamında qaranlıq keçmişlərini. Amma həmin cinayətkarın tez bir zamanda tutulması, elektrik çatışmazlığıyla bağlı problemin operativcəsinə yoluna qoyulması üçün görülən kompleks tədbilər onu göstərir ki, o keçmiş elə keçmişdə də qalacaq. Çünki bu ölkənin başında İşıqlı Adam durur. Və cəmiyyət də 90-cı illərin əvvəllərindəki kimi işıqsız qalmaq istəmir".

Əli