İlahiyyat İnstitutunda Cümhuriyyətin 100 illiyi qeyd olunub Hadisə

İlahiyyat İnstitutunda Cümhuriyyətin 100 illiyi qeyd olunub

25 avqust 2018 – ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov sərginin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamla bağlı keçirildiyini qeyd edib.
C.Məmmədov Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin maddi və mənəvi irsinə diqqətin daha da artırıldığını, həmin dövrün tarixinin öyrənilməsi və təbliği istiqamətində ciddi addımların atıldığını qeyd edib.
Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında", "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında" və "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında" sərəncamlar imzaladığını bildirən rektor hazırda bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini, onun 16 may 2017-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", 10 yanvar 2018-ci ildə Azərbaycanda "Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar sərəncamlar imzalamasının bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olduğunu vurğulayan rektor, müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququnun tanındığını, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər şəraitin yaradıldığını qeyd edib.
O, son illər Cümhuriyyət dövrünün araşdırılması məqsədilə əhəmiyyətli işlər görüldüyünü bildirərək bu mövzuda ən dəyərli əsərlərdən birinin akademik Ramiz Mehdiyevin ideya, ön sözünün müəllifi və elmi redaktoru olduğu "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabı olduğunu qeyd edib. O bildirib ki, sözügedən kitabın həmin zəngin irsin öyrənilməsinə və araşdırılmasına sanballı və dəyərli töhfədir. Kitab həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edir. Eyni zamanda, Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı baxımından da sözügedən kitab xüsusi əhəmiyyət kəsb edir. Sözügedən əsər Azərbaycan tədqiqatçılarının ilkin mənbələrlə birbaşa təmasını asanlaşdırır, kitabın digər bir üstünlüyü isə fars dilində orijinal mətnlərin əsərin sonunda əksini tapmasıdır.
Daha sora tədqiqatçı Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin artıq ənənəvi hal aldığını, müxtəlif yerlərdə təşkil edildiyini qeyd edib. O, Azərbaycan İlahiyyat İnstitutuna sərginin nümayiş etdirilməsinə şərait yaradıldığına görə təşəkkürünü bildirib. Sonra tədqiqatçı "Mühacirətdə yaşadılan cümhuriyyət" mövzusunda sərgilərin təşkilinin məqsəd və məramı, sərgidə nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib. O, Türkiyədə səfərlərdə olarkən bu ölkədə yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak edən şəxslərin övladları ilə görüşdüyünü, onların xatirələrini onunla bölüşdüklərini, fikir mübadiləsi apardıqlarını və bəzi qiymətli sənədləri ona bağışladıqlarını qeyd edib. Tədqiqatçı bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini yaxın günlərdə bu məqsədlə yenidən Türkiyəyə səfər edəcəyini bildirib.
Tədbirin sonunda Cümhuriyyət arxivinin sərgisi və "Bir ildən yüz ilə" kitabının imza mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgilənib, tədbir iştirakçılarına müəllifin üç kitabı təqdim edilib.