İsrail səfiri məcburi köçkünlərlə görüşüb Hadisə

İsrail səfiri məcburi köçkünlərlə görüşüb

Rafael Harpaz: "Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi oldum"

Dünən baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın durumu, onların problemlərinin həlli istiqamətində görülmüş işlərdən söhbət açılıb.
Ə.Həsənov bildirib ki, münaqişə Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmayıb, problemin həlli ilə məşğul olan qurumlar və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizlik baş alıb gedir. Onun sözlərinə görə, bütün bunlardan daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkir.
R.Harpaz Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin müşayiəti ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirib. Diplomat bu cür görüşlərin vaxtaşırı keçirilməsi vacib sayıb. R.Harpaz məcburi köçkünlərlə keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu söyləyib. O, yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.