Müstəqilliyimizin müqəddəs rəmzi olan bayrağımız… Hadisə

Müstəqilliyimizin müqəddəs rəmzi olan bayrağımız…

Noyabrın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Azərbaycan Respublikasının dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə həsr olunmuş "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Üçrəngli bayrağımız müstəqilliyimizin əsas atributu kimi" mövzusunda məruzə ilə çıxış edərək dövlət bayrağının tarixindən danışıb. Qeyd edilib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.
Digər çıxış edənlər də vurğulayıblar ki, bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız qürurla dalğalanır. Çıxışlarda işğal altındakı torpaqlarımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində düşməndən azad olunacağı, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi, dövlət bayrağımızın Xankəndidə, Şuşada və digər şəhərlərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminlik ifadə olunub. Tədbirdə "Müstəqilliyimizin üç rəngi" adlı sənədli filim nümayiş etdirilib. Sonra Suraxanı rayonu N.Əliyev adına 282 nömrəli tam orta məktəbin təşəbbüsü ilə üzərində ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin adı yazılmış Azərbaycanın dövlət bayrağı Muzeyə bağışlanıb.