Bələdiyyələrin durumu müzakirə olundu Hadisə

Bələdiyyələrin durumu müzakirə olundu

Vilayət Zahirov: "Bəzi bələdiyyə sədrləri hətta iki dəfə məsuliyyətə cəlb edilib"
Arif Rəhimzadə: "Ədliyyə Nazirliyinə irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil"
Fəzail Ağamalı: "İcra başçıları bu gün bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirməyə cəhd edirlər"

Milli Məclisin ötən gün keçirilən plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı 2013-cü il üzrə illik məruzə dinlənilib. Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2013-cü il yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından uğurlu olub.
Onun sözlərinə görə, bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib, sosial-iqtisadi layihələr həyata keçirilib: "Bütövlükdə, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıb. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə kömək üçün ayrılan vəsaitin 2013-cü ildə də artırılması onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb".
O qeyd edib ki, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17% çox) daxil olub: "Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Beləliklə, müraciətlərin 52%-i torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olub.
Daxil olan müraciətlərə baxılarkən onlardan 263-ü aidiyyati üzrə göndərilib, 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilib. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib".
V.Zahirov bildirib ki, il ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196,66 ha torpaq sahəsi mülkiyyətə verilmiş 242,78 torpaq sahəsi, istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb".
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyati məhkəmələrə göndərilib və bununla bağlı 364 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Onlardan bəziləri hətta iki dəfə məsuliyyətə cəlb edilib.
Prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi qaldırılıb, onlardan 3-cü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılıb. Həmçinin, 1 material üzrə cinayət işinə xitam verilib, 3 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır.
O, qeyd edib ki, bələdiyyə üzvləri üçün keçirilmiş 22 kursda 1633 bələdiyyə qulluqçusu iştirak edib.
Vilayət Zahirov bildirib ki, 2014-cü ilin may-noyabr aylarında ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Nazir müavininin fikrincə, belə mötəbər tədbirin təşkil edilməsi yerli demokratiyanın, bələdiyyə institutunun daha da inkişafına müsbət təsir göstərəcək, həmçinin tədbirə qatılacaq çoxsaylı xarici qonaqların ölkəmizdə aparılan islahatlarla, eləcə də yerli özünüidarəetmə sahəsində görülmüş işlərlə yaxından tanış olmalarına imkan verəcək.
O, bələdiyyələrin işinin daha səmərəli təşkil olunması məqsədi ilə təkliflə çıxış edib: "Konqresin 326 (2012) saylı tövsiyəsinə uyğun olaraq, iqtisadi və sosial layihələrin həyata keçirilməsi məqsədi ilə subvensiyaların ayrılması ilə bağlı mexanizmin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit edilməsini və bələdiyyələlər tərəfindən verilən təkliflərin növbəti illər üçün dövlət büdcəsinin layihələri hazırlanarkən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirik".
Daha sonra məruzə deputatların müzakirəsinə təqdim edilib.
Regionla məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında bələdiyyələr üçün ayrılan vəsaitin azlığından şikayətlənib: "1716 bələdiyyəyə 5,2 milyon manat dotasiya nəzərdə tutulub. Kino çəkilişinə isə 6,5 milyon manat vəsait ayrılıb. Amma mən bununla bağlı etirazımı bildirdim. Maliyyə Nazirliyindən isə bildirildi ki, büdcə bələdiyyələrin maliyyələşməsinə boynuna götürməyib. Bəs sual yaranır ki, onlar kino çəkilişini boynuna götürüblərmi? Mən kino sənətinin əleyhinə deyiləm. Ancaq bələdiyyələrə ayrılan vəsaitin də həcmini heç cür qaneedici hesab edə bilmərəm".
Komitə sədri xatırladıb ki, dövlət başçısı 1 yanvar 2013-cü il tarixinə kimi bütün bələdiyyələrin dövlət reyestrindən keçirilməsi ilə bağlı göstəriş verib. Amma bunun üzərindən 1 il vaxt keçşməsinə baxmayaraq, bir dənə də bələdiyyə sənəd təqdim etməyib.
Komitə sədri bələdiyyələrə təzyiqlər olduğunu, amma bu təzyiqlərə Ədliyyə Hazirliyinin laqeyd yanaşdığını dilə gətirib: "Ədliyyə Nazirliyinə bununla bağlı irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil, inzbati nəzarətlə məşğul olur".
Millət vəkili Fəzail Ağamalı isə çıxışında bildirib ki, bir sıra rayonların icra başçıları bələdiyyələrə maneçilik edirlər: "İcra başçıları bu gün bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq".
Bundan əlavə, onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: "Onlar icra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi, birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar".
F.Ağamalı, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: "Mənzil-istismar sahələri adlı qurum var. Bu Sovet vaxtından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı".
Millət vəkili Fazil Mustafa isə bələdiyyələrin statusunun artırılmasının vacibliyindən danışdı: "Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, həm də bələdiyyələrin fəaliyyətinə onların işlərinin necə olması ilə bağlı öz fikirlərimiz söyləyirik. Bizim ölkəmizdə belə düşünürlər ki, hər şey öz yolu ilə gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. İkincisi, mən bələdiyyələrin statusunun qaldırılmasından danışmaq istəyirəm. Necə qaldıra bilərik onların statusunu? Bunun üçün birinci Bakı, Gəncə, Sumqayıtda birbaşa bələdiyyə sərhədlərinin seçilməsi həll olunmalıdır. Əhalinin bələdiyyə institutuna seçki formasında qatılmasını artıq təmin etməliyik".

CAVAHŞİR