Çox cağ ol, Həsən müəllim! Hadisə

Çox cağ ol, Həsən müəllim!

O, 15 noyabr 1947-ci ildə Cənubi Azərbaycanın Urmiya vilayətinin Qoşaçay (Miyandoab) şəhərində anadan olub. Orta təhsilini orada başa vurub. Bakalavr təhsilini Təbriz Universitetində alıb. Orada universitetin təsis etdiyi beş illik təqaüdlə oxuyaraq Kənd təsərrüfatı mühəndisliyi və maşınqayırma fakultəsini qırmızı diplomla bitirib...
1973-cü ildə ABŞ-a gələrək Miçiqan Dövlət Universitetində magistr və doktaranturada oxuyub. 1978-ci ildə bio sistemlər və kənd təsərrüfatı mühəndisliyi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alaraq yenidən Cənubi Azərbaycana dönüb. Urmiya Universitetində müəllim, fakultə rəhbəri işləyib...
1988-ci ildə Miçiqan Dövlət Universitetinin dəvəti ilə ABŞ-a qayıdıb. 2006-cı ilədək Miçiqan Dövlət Universitetində müəllimlik edib. Sizə zarafat gəlməsin, müxtəlif elmi məqalələrdə 1284 dəfə ona istinad olunub...
Bütün bunlar onun rəsmi tərcümeyi-halında əsas göstəricilərdir...
Şux, məzəli zarafatları ilə insanların qəlbini fəth edən bu soydaşımızla iki il bundan əvvəl tanış olanda sevincimin həddi-hüdudu yox idi. Maraqlı söhbətləri, şən davranışı ilə qəlbimi fəth edirdi. Əvvəlcə qonaqlıqdan qonaqlığa, sonradan isə tez-tez görüşərdik. O, bizə gələr, biz də onlara gedərdik...
Cənubi Azərbaycanda doğulasan və müstəqil Azərbaycanın bu qədər aşiqi olasan adamı heyrətləndirməyə bilmir...
2006-cı ildə Miçiqanın tarixində heç kimin görə bilmədiyi bir işi görür. "Miçiqan Azərbaycan Mədəniyyəti Asossasiyası"nı yaradır. Və onun böyük Azərbaycan milləti qarşısında xidmətləri bundan sonra başlayır. Məsləkdaşlarını bir araya gətirib ştatın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı rəngarəng tədbirlər həyata keçirir. Novruz bayramlarında el arasında Pərvanə, rəsmi adı Bəhnaz xanım olan ömür-gün yoldaşına Azərbaycan mətbəxinin təamlarından hazırlatdırıb amerikalıları bu sovqatlara qonaq edir...
Rəhman Əsədullahidən tutmuş Bakıdan, Nyu Yorkdan gələn bir sıra azərbaycanlı musiqiçilərin konsertlərini keçirir və Azərbaycan musiqisini amerikalılara sevdirməyə çalışır...
Bu xidmətləri və fəallığı dəyərləndirən ştatın qubernatoru Cennifer M. Qranholm 2010-cu ildə Novruz bayramı ilə əlaqədar "Miçiqan Azərbaycan Mədəniyyəti Asossasiyası"na təbrik məktubu göndərir və məktubda minnətdarlğınl bildirərək qeyd edir:- "Lansinq şəhəri və onun ətrafında yaşayan azərbaycanlıların mədəniyyətini bizimlə bölüşdüyünüz üçün özümüzü həqiqətən xoşbəxt sayır, bu əməkdaşlığın Miçiqanda yaşayan, işləyən ailələrin rifahını yüksəlmək üçün verdiyi töhfələrə görə sizə minnətdarlığımı bildirirəm. Hər birinizə Miçiqanın inkişafı naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edirəm. Və xahiş edirəm, mənim ən xoş, ürəkdən gələn səmimi arzularımı qəbul edəsiz..."
Axşamçağı zəng edib tərcümeyihalının təfərrüatlarını ondan öyrənəndə təvəzökarlıq edib bu yazını qələmə almamağımı xahiş etdi. Söylədi ki, bütün bu işləri o tək görməyib, ona ştat ərazisində yaşayan azərbaycanlılar da yardım ediblər, onların da xidmətləri var...
Söhbət ömrünün 71-ci ilini yaşayan Həsən Əlizadədən gedir. O Həsən Əlizadədən ki, Azərbaycanlı olduğu ilə fəxr edir, bütöv Azərbaycan sevdası ilə yaşayır...
Çox sağ ol, Həsən müəllim!

Elman Eldaroğlu, ABŞ, Miçiqan