JEM-in müraciəti dəstəklənir Hadisə

JEM-in müraciəti dəstəklənir

Arzu Hağıyev: "Tək erməni deyil, hər bir mənbədən götürülən məlumat ciddi şəkildə təhlil edilməlidir"
Vəli Əkbər: "Bunu yasaqlamaqla vəziyyəti düzəltmək düzgün addım deyil"
Ruslan Bəşirli: "Mətbuatımız informasiya təhlükəsizliyini nəzərə almalıdır"

Jurnalist Ekspert Mərkəzi (JEM) sədri Ceyhun Musaoğlu bəyanat yayıb. Bəyanatda bildirilir ki, hər gün Azərbaycan mətbuatı erməni mətbuatının bir neçə xəbərinə istinad edir: "Unuduruq ki, müharibə hələ bitməyib və paralel olaraq informasiya müharibəsi davam edir". Bəyanatda deyilir ki, işğaldakı torpaqılarımız da düşmənin yaydığı informasiyanın qurbanı oldu: "Rayonlar boşaldılandan 3 gün sonra düşmən ora girdi. Əvvəlcə dezinformasiya yaydılar ki, bəs ermənilər kəndləri yandıra-yandıra gəlir. Bizimkilər də o dezinformasiyanın tirajlanmsında rol oynadılar. Nəticədə torpaqlarımızı itirdik". Ceyhun Musaoğlu bu gün erməni mətbuatına istinadən Azərbaycan saytlarında yayılan bir dezinformasiyaya diqqət çəkir: "Yazırıq ki, "Aysor.am" agentliyi Azərbaycanın diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqda məlumat yayıb. Təsəvvür edin ki, bu xəbər düşmən tərəfinin məhsuludur. Deməli, mütləq hansısa məqsədi var. Ola bilsin Ermənistanın daxilinə hesablanmış məqsəddir. Niyə axı biz Ermənistanın daxilində hansısa qrupların oyunlarında alət olmalıyıq? Yaxud düşmən istəyir ki, bizdən sülh əleyhinə olan dövlət obrazı yaratsın. Guya biz partizan müharibəsinə başlamışıq. Onların snayperləri dinc vətəndaşlarımızı öldürür. Biz bu faktın mötəbər beynəlxalq təşkilatlarda tanınmasına çalışırıq. Budur məlum olur ki, "biz onları öldürürük", hətta "üzərlərinə gizlicə hücuma keçirik". Üçüncüsü, bu dezinformasiyaya Azərbaycan Müdafiə Nazirliyinin reaksiyasını öyrənirlər.
Azərbaycan Müdafiə Nazirliyi reaksiya verir. Deyir ki, xəbər kökündən yalandı: "Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır". Və bizim Müdafi Nazirliyi daha sonar bəyan edir ki, məlum məlumatı erməni rəsmiləri təkzib edib. Absurda baxın, düşmən öz xəbərini təkzib edir, biz isə onu düzgün informasiya kimi yayırıq".
"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev bildirib ki, düşmən deyiləndə ermənilər və onların KİV-ləri, məqsəd kimi isə yəqin ki, dezinformasiya, dövlət təhlükəsizliyimizə təhdid, psixoloji amillər nəzərdə tutulur: "Düşünürəm ki, ümumiyyətlə tək erməni deyil, hər bir mənbədən götürülən məlumat ilk öncə dövlət və dövlətçilik baxımından ciddi şəkildə təhlil edilməli, mümkün imkan daxilində yoxlanılmalı və sonradan ona istinad edilməlidir. Bu da əsasən peşəkarlıqdan asılıdır. Belə ki, erməni mətbuatından ümüumiyyətlə istifadə etməmək müəyyən mənada yanılış fikirdir. Lakin bu istifadə qeyd etdiyimiz kimi düşünülmüş formada və yayımlanmasının hansı nəticələrə gətirə biləcəyindən asılıdır. Çünki son məsuliyyət bunu yayan media qurumunun üzərinə düşməlidir. Yəni, burada əsas məsələ peşəkarlıqdan və müharibə şəraitində yaşadığımız bir düşmən ölkənin mətbuatından gedir. Hər şey fəsadın nəyə gətirəcəyi baxımından ölçülüb-biçilməlidir".
"Tezxeber" İnformasiya Portalının təsisçisi və baş redaktoru Vəli Əkbər vurğulayıb ki, Jurnalist Ekspert Mərkəzinin "düşmən mətbuatına istinad etməmək"lə bağlı təklifi bir qədər bayağı xarakter daşıyır: "Sən gözünü bağlamaqla dünya yox olmur axı. Bu hardasa ona bənzəyir ki, evinizdə gəmirici bir siçan var, sizsə o otağınıza daxil olmasın deyə, ancaq otağınızdakı dəliyi bağlamaqla kifayətlənirsiniz. Qardaş, siçanı öldürmək lazımdır. Mətbuat həm də məlumat almaq imkanı deməkdir. Bunu yasaqlamaqla vəziyyəti düzəltmək düzgün addım deyil. Düşmən haqda hər şeyi bilmək lazımdır. Bu ayrı söhbət ki, biz daxildə bütün qaydaları pozub ucuzlaşmış və heç bir peşəkarlığa əsaslanmayan jurnalistikanın nümayəndələriyik. Sıralarımızı ağzınacan qeyri-peşəkar, ucuz işçi qüvvəsi ilə doldurmuşuq. Jurnalistika üçün atılan "yemi" düzgün həzm edə bilmirik və "zəhərlənirik" Mən informasiya müharibəsi sahəsində Azərbaycanın sınırlarını pozulduğu elə məqamları göstərə bilərəm ki, bu onun yanında toya getməli olar. Hər gün mənəvi sərhədlərimiz mətbuatımız tərəfindən elə yaylım atəşlərə məruz qalır ki, 2014-cü ilə bəzi dəyərlərimizin salamat çıxdığına təəcüblənirsən".
"Avropa.İnfo" saytının baş redaktoru Ruslan Bəşirli dedi ki,
ümumiyyətlə dünya mediasından istinadla informasiya yaymaq normal bir haldır: "Mən hesab edirəm ki, mətbuat azad olmalıdır. Erməni mətbuatından informasiya yaymaq qorxulu bir hal sayılmamalıdır. Sadəcə olaraq mətbuatımız informasiya təhlükəsizliyini nəzərə almalı və erməni mətbuatından yayılan informasiyalara bir qədər ehtiyatla yanaşmaləıdır".
"Azadinform" İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev deyib ki, Azərbaycanın bəzi mətbuat orqanları və xüsusən də jurnalist heyəti xəbəri verənə - yəni mənbəyə deyil, informasiyanın özünə qiymət verir: "Bu da kökündən yanlışdır. Konkret biz Ermənistanla müharibə şəraitində yaşayırıq, amma bəzən erməni mediası bizim üçün sanki mayak rolunu oynayır. Düşünürəm ki, siyasət, sosial və digər xəbərlərdən istifadəni başa düşmək olar. Yəni düşmən haqqında nə qədər çox informasiyaya malik olsaq, bizim lehimizədir. Amma cəbhə, xüsusən də təmas xəttində baş verənlər, əsgər itkiləri ilə bağlı xəbərlərdən istifadə qəti yol verilməzdir. Bu kimi xəbərlər cəmiyyətdə həm orduya, həm də dövlətin güc strukturlarına qarşı inamsızlığı formalaşdıra bilər. Təəssüf ki, Azərbaycan Müdafiə Nazirliyinin də dəfələrlə xəbərdarlığına baxmayaraq, mediamız bu pis vərdişdən əl çəkmək istəmir. Bilirsiniz, peşəkar jurnalistikada müxbir əldə etdiyi informasiyanı üç halda istifadə etməlidir: birincisi, sırf yayılması üçün əldə etdiyi informasiya, ikincisi, yalnız təhlillərində və digər analitik yazılarında istifadə etdiyi informasiya, üçüncüsü isə məlumatı əldə edir, amma fakt təsdiqini tapana qədər yaya bilməyəcəyi informasiya. Təəssüf ki, bizim jurnalist dostlarımız üçüncüdən başlayır ki, bu da yolverilməzdir".
"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev vurğulayıb ki, Azərbaycanla Ermənistan müharibə durumundadırlar: "Ermənistanda xarici siyasət militarizm, ekspansionizm, daxili siyasəti avtoritarizm üzərində qurulub. Həm öz xalqına, həm də başqa xalqlara, xüsusilə də türklərə qarşı terrorçuluq edən bir rejim, hərbi xunta var. Ona görə də Ermənistan mətbuatının azad olduğunu, obyektiv mənbə kimi etibarlılğını demək kökündən səhv olardı. Ermənistan mətbuatını yaradanlar və orda çalışanlar ermənilərdir və bu millət türklərə münasibətdə kütləvi psixoz vəziyyətindədir. Onlar medianı da türklərə qarşı silaha çeviribər, uzun onillərdir ki, bizə qarşı həm də informasiya müharibəsi aparırlar. Odur ki, heç bir halda erməni mənbələrinə, erməni mediasının obyektivliyinə etibar etmək olmaz. Bu, düşməndir, düşməni isə düşmən olaraq qəbul etmək lazımdır. Ermənistan və dünya erməniləri Azərbaycana və dünya azərbaycanlılarına, eləcə də, qardaşımız Türkiyəyə öz əzəli, əbədi düşməni kimi baxır və belə rəftar edirsə, biz nə üçün onlarda özümüzə qarşı məhəbbət axtarmaqla özümüzü aldatmalıyıq?! Odur ki, erməni mətbuatına istinad zamanı onların bizm haqqımızda, Qarabağla bağlı, Azərbaycanla, Türkiyə ilə bağlı gerçəyi əks etdirən fikirləri, yazıları varsa, onu yayımlamaq lazımdır, başqa halda istinad doğru olmaz. Bunu kimsə jurnalistika prinsiplərinə zidd sayacaq. Amma biz müharibədəyik, o cümlədən, informasiya müharibəsində. Müharibədə isə döyüşmək lazımdır".

Əli