Əlillərə avtomobil verildi Hadisə

Əlillərə avtomobil verildi

Son üç ay yarımda 1100 nəfər maşınla təmin olunub

Tural

İyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edilib. Onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır. Avtomobillərin təqdim olunması zamanı qeyd olunub ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari ilin arrel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verilib. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatına nail olunub. Ötən aydan etibarən Azərbaycan Resrublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli sərəncamının icrasına başlanılıb. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən dünən verilən avtomobillər də daxil olmaqla artıq 423 nəfərinin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır. Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb.
Minik avtomobili təqdim edilən Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər əlilliyi olan şəxslərin dövlət hesabına avtomobillə təminatının sürətləndirilməsindən razılıqlarını ifadə edərək, sosial cəhətdən həssas əhali qruplarına bütün sahələrdə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.