Gənclər qrant layihələrinə maraq göstərirlər Hadisə

Gənclər qrant layihələrinə maraq göstərirlər

Tərlan

AMEA Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) İdarə heyətinin monitorinq qrupunun növbəti görüşü AMEA Dendrologiya İnstitutunda keçirildi. Görüşdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov rəhbərlik etdiyi şuranın 2014-cü ildəki fəaliyyəti haqqında məlumat verib. AMEA-nın məlumatına görə, AMEA GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov akademiya üzrə həyata keçirilən gənclər siyasəti və son dövrlərdə bu istiqamətdə görülən işlərin müsbət nəticələrindən danışıb. Qeyd edib ki, gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin nəticələri ilə yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq səviyyədə də tanış olmaq imkanları yaradılacaq. Sədr şuranın bu yaxınlarda işıq üzü görəcək nəşrinin ilk nömrəsində gənc dendroloqların da elmi əsərlərinin dərc olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.
Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev institutda gənclərin fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi, monitorinqdə gənclər tərəfindən səsləndirilən zəruri təkliflərin akademiya rəhbərliyi qarşısında qaldırılacağını söyləyib.
İnstitutun gənc mütəxəssisləri Elnarə Hüseynova, Samirə Bağırova və digərləri qrant layihələrində gənclərin iştirakının təmin olunmasını, onların qısamüddətli təcrübələrə cəlb edilməsi və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Şuranın idarə heyətinin üzvü, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru İzzət Talıbov dendroloq gənclərin fəaliyyətinin yalnız institut daxilində deyil, akademiya miqyasında olmasının zəruriliyini vurğulayıb. İnstitutun direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov akademiya rəhbərliyi tərəfindən gənclərə böyük önəm verildiyini, rəhbərlik etdiyi təşkilatda bundan sonra da gənc tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif tədbirlərin görüləcəyinə əminliyini ifadə edib. Sonda monitorinq qrupu üzvləri institutun laboratoriyalarında iş şəraiti ilə tanış olublar.