500 əlil şəxsin biznes qurmasına dəstək Hadisə

500 əlil şəxsin biznes qurmasına dəstək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icrasına başladığı “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən verilən məlumata görə, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi xanım Vesna Dzuteska Bişeva və BMTİP-in Azərbaycan ofisinin müşaviri Leyla Fathi ilə nazirlikdə keçirilən görüşdə layihəsinin icra vəziyyəti və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov həssas qrupların, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun və əmək bazarına, həmçinin kiçik biznesə çıxışının dəstəklənməsinin aparılan siyasətin əsas istiqamətlərindən olduğunu, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin bu istiqamətdə işlərə dəyərli töhfə verəcəyini diqqətə çatdırıb.
Layihə çərçivəsində görüləcək işlər ətraflı müzakirə edilib. Bildirilib ki, layihənin icrası üçün pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi üçün artıq elanlar dərc edilib. Həmçinin əlilliyi olan şəxslərin daha operativ məlumatlandırılması üçün onlara sms şəklində bildirişlərin də göndərilməsi məqsədəmüvafiq hesab olunub. Eyni zamanda, layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyasını effektiv şəkildə həyata keçirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə layihəyə müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin dəvət edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi də qeyd edilib.