Cinayət Məcəlləsinə dəyişiklik ediləcək Hadisə

Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

Yol qəzası törədərək hadisə yerindən qaçanların cəzasının sərtləşdirilməsi təklif olunur

Azərbaycanda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçanların cəzasının sərtləşdirilməsi təklif olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsinə dəyişikliklər təklif edilir.
Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 5 ilədək sürücülük hüququndan məhrum edilməklə 4 il həbs cəzası tətbiq olunacaq.
Maddənin hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllərə görə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə təklif olunacaq.