Paytaxtın bitməyən yol əzabı.. Hadisə

Paytaxtın bitməyən yol əzabı..

Bakı-Sumqayıt yoluda tıxac problemi nə zaman həllini tapacaq?

Bakı-Sumqayıt yolunda və Binəqədi rayonu ərazisində yaranan tıxaclara səbəb bir neçə avtomobil yolunda aparılan tikintisi işləri ilə əlaqədardır.
"APA-Economics" xəbər verir ki, Bakı-Sumqayıt yolunda tıxacın yaranmasına səbəblərdən biri təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsinin ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanmasıdır.
Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir. Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "APA-Economics"ə bildirib ki, adıçəkilən ərazidə təmir işləri 7-8 gün sonra (təmir işləri başlayan gündən etibarən) başa çatacaq.
Tıxacın yaranmasına səbəblərdən biri də, Bakı-Sumqayıt yoluna yaxın ərazilərdə yerləşən yollarda tikinti işlərinin aparılmasıdır.
Bununla bağlı P. Mürsəliyev qeyd edib ki, Bakı-Sumqayıt yolunun yaxınlığında, Biləcəri qəsəbəsində yerləşən köhnə yol ötürücüsü sökülərək yerində müasir tipli yol ötürücüsü tikilir. "Bundan başqa, Biləcəri qəsəbəsindən sözügedən yol ötürücüsünə gedən yolda da təmir işləri aparılır. Həmin yol genişləndirilərək, dörd zolaqdan ibarət olacaq. Bununla yanaşı, yeni tikilən yol ötürücüsündən Bakı-Sumqayıt yoluna çıxmaq üçün üç zolaqlı yol da tikilir", - deyə o əlavə edib.
Qurumun rəsmisi bildirib ki, Bakı-Sumqayıt yolunun 9-cu km-də yerləşən dəmir yolu üzərindəki iki köhnə yol ötürücüsü sökülərək, yerində müasir dörd aşırımlı iki yol ötürücüsü tikiləcək.
Bundan əlavə Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinə Biləcəri-Xocasən avtomobil yolunda aparılan təmir işləri də səbəb olur. P. Mürsəliyev qeyd edib ki, sözügedən yolun hazırda səkkiz hərəkətə uyğun qurulması istiqamətində işlər gedir ki, bu da Sumqayıtdan Bakı istiqamətində hərəkət sıxlığının aradan qaldırılmasına səbəb olacaq.
Qeyd edək ki, Son günlər Binəqədi rayonu ərazisində yerləşən 4-cü qapı və 3-cü mədən küçələrində aparılan təmir işləri bu ərazidə də böyük tıxacların yaranmasına səbəb olub.
Məsələ ilə bağlı P. Mürsəliyev bildirib ki, 4-cü qapı küçəsində yola yaxın ərazidə su kanalı yerləşir və oradan yolun hərəkət hissəsinə su sızır. Bu isə yol örtüyünün dağılmasına gətirib çıxarır: "Məhz buna görə, biz orada əsaslı təmir işləri aparırıq ki, məsələ birdəfəlik həllini tapsın".
Həmin küçədə təmir işlərinin nə zaman başa çatacağına gəlincə isə, o bildirib: "Həmin ərazidə eyni zamanda "Azərsu"-nun əməkdaşları da çalışır. "Azərsu" işləri tamamlayandan sonra biz öz öhdəmizə düşən işləri görəcəyik. Konkret vaxt demək çətindir".
O ki qaldı 3-cü mədən küçəsində aparılan təmir işlərinə, P. Mürsəliyev qeyd edib ki, bu yolda asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır: "Həmin küçə səhər saat 07:00 radələrində nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. 3,8 km uzunluğunda yolun, 2 km-lik hissəsində işlər başa çatıb. Lakin 1 günlük bağlanacaq ki, orada tamamlama işləri aparılsın. Amma nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacaq. Çünki əsas hissədə artıq işlər başa çatıb. Axşama yaxın isə işlər tamamilə yekunlaşacaq".
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən isə verilən məlumata görə, yollarda təmir işləri başa çatandan sonra nəqliyyat vasitələrinin hərəkəti tam bərpa ediləcək. O vaxta qədər sürücülərdən alternativ yollarda istifadə etmələri tövsiyə olunur.