“Ay vicdansız övlad...” Hadisə

“Ay vicdansız övlad...”

Səyyad Aran: "Ayrı-ayrı adamlar qudurğanlığını, harınlığını göstərməməlidir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran "Media forum" saytına açıqlamasında təmtəraqlı yas mərasimlərini sərt tənqid edib.
Öncə Səyyad Aran deyib ki, yas məclislərində israfçılığın qarşısının alınması ilə bağlı heç bir göstəriş yoxdur: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq biz özümüz bu barədə təşəbbüs irəli sürmüşük. Mübariz Qurbanlı komitənin sədri kimi xalqın israfçılığa etirazlarını əsas götürərək bu yaxınlarda vəfat etmiş qardaşının hüzründə sadə ehsan süfrəsi verməklə nümunə göstərdi. Bu addım çox böyük reaksiya doğurdu, hamı Mübariz Qurbanlının təşəbbüsünü müsbət qarşıladı, ölənlərinə rəhmət oxudu və hamı dedi ki, xahiş edirik yas mərasimlərini sadələşdirin, bizi borca düşməkdən xilas edin.
Bilirsiniz, hüzr məclislərində çox adam pis vəziyyətə düşür. Ölü yaddan çıxır, mərhumun həm ailə üzvləri, həm də qohum-əqrəbası mərasimə çəkiləcək xərcin həyəcanını yaşayır. Dində belə bir şey yoxdur. Mən sadalamıram, qoy insanlar yas mərasimlərində masanın üzərinə düzülən ekzotik meyvələrdən tutmuş növbənöv xörəyə qədər olan səhnəni təsəvvürə gətirsinlər. Əcəba, bu, ölən adama hörmətdir, yoxsa ucuz, lazımsız şöhrət? İnsan başa düşmür hansı məclisə gəlib. O cür təmtəraqlı süfrəyə baxanda biri o birinə deyir ki, bircə filan şey əskikdir. Bu, islama nə cür hörmətdir, bu, hansı tərbiyə, əxlaqdır? Məgər islamda belə mərasim nəzərdə tutulub, tapşırılıb?
"Qurani-Kərim"in hansı ayəsində, hansı böyük müctəhidin, din xadiminin hədislərində bu cür təmtəraqlı yas məclisi verməklə bağlı göstəriş var? Varsa, göstərsinlər. Yoxdur! Bu, harın adamların icad etdiyi əxlaqsız və mədəniyyətsiz bir davranış nümunəsidir. Nə olar, indi sənin imkanın var deyə ətrafında yaşayan yüzlərlə ailəni mənəvi cəhətdən məhv etməlisən, gözüqıpıq etməlisən, camaatın ürəyinə xal salmalısan?! Mərasimlər - yeri gəlmişkən, toy mərasimləri də - cızığından çıxmamalı, əxlaq və mənəviyyat sərhədini aşmamalıdır. Çünki başqaları da var, onlar sənin kimi məclis qura bilməyəndə övladının, ailəsinin, qonşularının qarşısında sınır. Bu, insanı dirigözlü öldürməkdir. Harının biri özünü nümayiş etdirmək üçün zəngin süfrə təşkil edir deyə o biri də varını-yoxunu qoyub, evini satıb bu addımı atmalıdır?
Axtaranda həmin adamların 99 faizinin ata-anasının qədrini bilmədiyi üzə çıxar. Aydın olar ki, ömründə bir dəfə də valideynlərini bir sanatoriyaya göndərməyib, ata-anasının müalicəsi ilə məşğul olmayıb, onlara ürəyindən keçəni almayıb. Bəlkə də anası neçə dəfə deyib ki, ay bala, qabaqdan qış gəlir, başına dönüm, mənə bir isti, yun şal al... Yadından çıxıb vicdansız övladın, onu alıb aparmayıb, amma 30-40 minlik başdaşı düzəldir, özünü göstərir. Gedib Rusiyada veyllənir, atası, anası öləndə gəlir, bahalı məzar düzəltdirir. Ay vicdansız övlad, ata-ana dönə-dönə sənə yazırdı ki, xəstələnmişəm, filan dərmanı tapa bilmirəm, dərman tap, yaxud məni müalicəyə apar, ya evə min manat pul göndər. Orada min manatı əxlaqsızlara sərf edir, amma doğma ata-anasına bir manat pul göndərmir. Öləndən sonra isə gəlib özünü camaata göstərib təmtəraqlı yas məclisi düzəltdirir, bahalı başdaşı qoydurur. Bu nə ədabazlıqdır, özünü göstərməkdir, lazımsız hərəkətdir?! Atan-anan vəfat edib, bir savab iş gör, bir uşaq bağçası tikdir, məktəbin təmirini boynuna götür. Belə şeyləri deyəndə etiraz edir ki, pah, məktəbin təmiri mənə qalıb? Yaxşı, onda ədabazlıq, özünü göstərmək sənə qalıb?
Bütün bu məsələlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi ondan ibarətdir ki, cəmiyyət lazımsız təmtəraqdan, lazımsız çəkilən xərclərdən xilas olsun. İnsanlar bu məsələlərdə bir-birinin yanında sınmasın, xəcalətdən başı döşünə düşməsin. Allah bizi bərabər yaradıb. Buna aid tarixdə çox gözəl misallar qalıb. Türkiyənin məşhur iş adamı Vehbi Koç 1996-cı ildə ölüm ayağında olanda oğlunu çağırıb vəsiyyət edir ki, onu ayağında corab dəfn etsinlər. Vəsiyyəti yerinə yetirmək istəyəndə molla qəti etiraz edir. Corabı soyunduranda içindən kiçik bir kağız parçası çıxır. Oxuyurlar: "Görürsünüzmü, bir corabı da özümlə o dünyaya apara bilmədim. Siz indi nədən ötrü çarpışırsınız?"
Bu da müasir dövrün misalı. Yəni o dünyaya da insan eyni, bərabər statusla gedir. Hamı qara torpağa tapşırılır.
Bərabərlik pozulmamalıdır. Ayrı-ayrı adamlar özünü cəmiyyətə nümayiş etdirib qudurğanlığını, harınlığını göstərməməlidir. Belə olmaz! Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi bundan ibarətdir: bərabərliyi, Allahın insanlar arasında qoyduğu bərabərliyi təmin etmək, insanların bir-birinin qarşısında fironluq edib özünü göstərməyinin qarşısını almaq, yas məclislərində hədsiz israfçılığın mənəvi düşkünlük olduğunu göstərmək".
Səyyad Aran dəbdəbəli məzar daşları haqda səslənən fikirlərdən də danışıb: "Dini komitə qanunverici orqan deyil. Biz yalnız tövsiyə verə bilərik. Məqsədimiz yalnız insanları maarifləndirməklə lazımsız hərəkətlərdən, dəbdəbədən, dinə yad olan əməllərdən çəkindirməkdir. Həddindən artıq bahalı daşlara pul verib dəbdəbə yaratmağa ehtiyac yoxdur. Hörmət-izzəti başdaşının bahalığı müəyyənləşdirmir".