UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq Hadisə

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

Danimarkanın “Area9 Lyceum ApS” şirkətinin idarə heyətinin sədri Ulrik Juul Kristensen Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-dən bildirilib ki, rektor, professor Ədalət Muradovla görüşdə qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən rektor Ədalət Muradov UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını, ölkədə ilk dəfə olaraq burada distant təhsilə start verildiyini diqqətə çatdırıb.
Ulrik Juul Kristensen adaptiv təhsilin əhəmiyyətindən, bu platformanın təhsil və korporativ təlim sahəsində səmərəliliyindən danışıb. O bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsilalanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir. Qeyd edilib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir.
Görüşdə UNEC ilə “Area9 Lyceum ApS” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə şirkət ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib. Sonra iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Area9 Lyceum ApS” şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda, bu istiqamətdə texniki dəstək göstərəcək. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini təşkil edəcək.