Ən stabil durum Azərbaycandadır Hadisə

Ən stabil durum Azərbaycandadır

Hökumət bütün mümkün qabaqlayıcı və operativ tədbirlır həyata keçirir

Koronavirus dünyanı silkələməkdə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən gecə 14 min adam koronavirusa yoluxub. 182725 nəfərin koronavirusa yoluxduğu bildirilir. 7174 insan bu virusdan həyatını itirib, 79883 nəfər isə xəstəlikdən sağalıb.
Peru yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Llosa Çini koronavirus pandemiyası ilə əlaqədar tənqid edib.
"Bangkok Post"un verdiyi məlumata görə, yazıçı bu barədə məqalə yazıb.
O bildirib ki, əgər Çində demokratiya mövcud olsaydı, koronavirus təhlükəsi bu həddə çatmazdı: “Deyəsən, heç kim görmür ki, Çin azad və demokratik ölkə olsaydı, dünyanın başına bu hadisə gəlməzdi"..
Llosanın bu sözləri Çini qəzəbləndirib. Ölkənin Peruda olan səfiri bildirib ki, Çin azad sözün tərəfindədir: “Lakin bu, o demək deyil ki, diffamasiya və stiqmatizasiyaya icazə verə bilərik”.
Səfirlik yazıçının "Koronavirus Çində törəyib" fikrini isə belə cavablandırıb: "Ümumdünya Səhiyyə Təşkilatı hələ də "COVİD-19" virusunun yaranma mənbəyini müəyyənləşdirə bilməyib".
Dünyanın aparıcı hegemon ölkələrində virusa yoluxanların sayı artsa da, proflaktik tədbirlərin gücləndirildiyi ölkələrdə bu hallar azalmaqdadır. Məsələn, Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb.
Bu barədə Fransa Səhiyyə Agentliyi məlumat yayıb. Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub. İtaliyada isə koronavirus qurbanlarının sayı 2158-ə çatıb. RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib. Son sutka ərzində İtaliyada 349 nəfər koronavirusdan dünyasını dəyişib.
Onu da qeyd edək ki, koronavirusun qarşısını almaq məqsədilə alimlərin araşdırmaları hələlik nəticə verməsə də, ilkin reaksiyalar görünür. Məsələn, ABŞ-da koronavirusa qarşı peyvənd 43 yaşlı könüllü qadın üzərində tətbiq edilib.
"Associated Press”in məlumatına görə, bir ay fasilə ilə 45 nəfərin də peyvənd olunacağı planlaşdırılır.
Peyvənd olunan iki uşaq anası Cenifer Haller deyib ki, hamımız özümüzü çarəsiz hiss edirik, bu mənim nələrsə edə bilməyim üçün bir fürsətdir. O, peyvənddən sonra özünü yaxşı hiss etdiyini bildirib. Tədqiqatçılar virusa qarşı qoruyucu peyvəndin istehsalı üçün 12 və ya 18 ay vaxt tələb olunduğunu qeyd ediblər.
Avstraliyada epidemiya xəstəlikləri üzrə mütəxəssis olan bir qrup həkim koronavirusla mübarizədə effektli olan iki dərmanın adını açıqlayıb.
Türkiyənin NTV televiziyası xəbər verir ki, həmin preparatlardan biri immun çatışmazlığı sindromunda istifadə olunan dərmandır. Digəri isə ağcaqanad mənşəli xəstəliklərə qarşı müqavimətin artırılması üçün istifadə olunan “xlorokin” preparatıdır.
Qeyd edək ki, həkimlər uzun müddətdir “xlorokin” preparatına müraciət etmirdi. Elm adamları bildirir ki, bu dərmanları koronavirusa qarşı müalicə üsulu kimi qəbul etmək doğru deyil. Mütəxəssislərin sözlərinə görə, həkim məsləhəti olmadan qətiyyən bu dərmanlara müraciət etmək olmaz.
Avstraliyanın elm adamları isə qeyd ediblər ki, həmin preparatlar xüsusi müşahidə altında bəzi koronavirus xəstələrinə tətbiq edilib və onlar sağalıb:
“Avstraliyada ilk koronaviorus xəstələri bu iki dərmanın birləşməsi nəticəsində əmələ gələn təsirdən sağaldı. Bu effektli üsuldur. Təcili olaraq müvafiq dairələr bu istiqamətdə təcrübələrə başlamalıdır”.
Xatırladaq ki, koronavirus səhiyyə sistemi, maliyyə imkanları güclü olan ölkələrdə ciddi fəsadlar yaradıb. Azərbaycan hökuməti isə epidemiya ilə mübarizə aparmaq məqsədilə Nazuirlər Kabineti yanında Operativ Qərargah yaradıb. Azərbaycan hökuməti məlum hadisəylə bağlı maarifləndirici tədbirlərini gündən-günə artırır.
Virusa qarşı tədbirlər bir mərkəzdən və sistemli formada idarə olunur. Dünyanın onlarla dövləti artıq fövqəladə vəziyyət elan edib, ölkəyə giriş-çıxışları demək olar ki, bağlayaraq dünyadan izolyasiya olunub.
Belə bir halda Azərbaycanda müvafiq dezinfeksiya işlərinin aparılması üçün ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılması, operativ qərargah tərəfindən müəyyən edilmiş xüsusi qaydaların yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir və bu, təbii qarşılanmalıdır.
Bütün sahələrdə proflaktik tədbirlər görülməkdədir. Hökumət, xaricdə təhsil alan və ya müxtəlif səbəblər üzündən ölkəni müvəqqəti tərk edən vətəndaşlarının təhlükəsizliyini də yüksək səviyyədə təmin etmək məqsədilə tədbirlər həyata keçirir. Virus təhlükəsi vətəndaşlarımıza olduğu kimi çatdırılır. Önləyici və qoruyucu tədbirlərin necə həyata keçirilməsi ilə bağlı dəqiq və səmərəli məlumatlar verilir.
Hökumət bütün mümkün qabaqlayıcı və operativ tədbirləri həyata keçirir. Bu baxımdan, biz hətta bir çox ölkələri qabaqlayırıq; Bununla yanaşı, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. İlk növbədə vətəndaşlarımız maariflənməlidir,verilən tövsiyyələrə yerindəcə əməl edilməlidir. Yaşlı insanlar virusun təsirinə daha tez məruz qaldıqdan, vətəndaş cəmiyyəti institutları və dövlət strukturları onlara xüsusi diqqət və qayğı göstərir.
Vətəndaşlara məhdudlaşdırıcı çağırışlar olunmalıdır. Bu gün dünyanın aparıcı ölkələrində kütləvi tədbirlər, beynəlxalq əhəmiyyətli toplantılar, idman yarışları təxirə salınıb. İnsanlara mümkün qədər evdən çıxmamaları, qonaqlıqlara, gəzintilərə getməmələri, ictimai nəqliyyatdan istifafə, mağazalarda alış vetiş edərkən daha etibarlı qorunmaları tövsiyə olunub. Bu Azərbaycanda da belədir.
Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir.
Virusla bağlı əhalini təşvişə sala biləcək məlumatlar virusun özündən qat-qat təhlükəli xarakter daşıdığından onlara əhəmiyyət verilməməlidir. Qeyd edək ki, bu günlərdə Almaniyada əhalinin marketlərə hücum çəkərək, ərzaq tədarükü görmələrinin Azərbaycanda da baş verəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyib. Buna heç bir əsas da yoxdur.
Təbi ki, cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək.
Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması imkanları istisna edilir. Bu gün bütün ərzaq mağazaları adi qaydada vətəndaşların xidmətindədir. Vətəndaşlarımız sərbəst şəkildə gündəlik alış-verişlərini edirlər.
Amma bütün bunlar bizi arxayın etməməlidir. Özümüz özümüzü bütün təhlükələrdən qorumalıyıq. Operativ qərargah tərəfindən müəyyən edilmiş xüsusi qaydalara riayət edilməlidir. İctimai nəqliyyatda xəstəliyin yayılma imkanlarının geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.
“Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədri Emin Əliyev bildirib ki, artıq 10 ilə qədərdir millətə səslənərək deyirik ki, yediyinizə, içdiyinizə diqqət edin. İnsan nə yeyirsə elə odur. Hər bir xəstəlik insanın immun sisteminin zəifləməsi zamanı baş verir. İmmun sistemi isə zərərli qida məhsullarının qəbulu nəticəsində zədələnir və orqanizm istənilən viruslar üçün münbit vəziyyətdə düşür. Şəxsi gigiyenanıza diqqət edin, sağlam qidalarla qidalanın, vitamin və minerallarla immun sisteminizi gücləndirin və xoşbəxt olmağa çalışın.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə deyib ki, yuxarı tənəffüs yolları infeksiyaları, kəskin respirator xəstəliklər hava-damcı və kontakt vasitəsilə yoluxur. Bildiyiniz kimi yuxarı tənəffüs yolları infeksiyaları, kəskin respirator xəstəliklər insanların daha çox olduğu, qələbəlik olan yerlərdə sürətlə yayılır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində bəzi sosial izolyasiya tədbirləri çox yerində olan məsələdir.
O bildirib ki, xüsusilə insanların bir yerə toplaşmasının maksimal dərəcədə məhdudlaşdırılması, ölkə üzrə bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin təxirə salınması, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətinin dayandırılması, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinin qadağan olunması virusun profilaktikası üçün lazımlı addımlardır:
“Bundan başqa saat 21:00-dan sonra restoran, kafe və digər məkanların bağlanması da çox yaxşı haldır. Axşamdan səhərədək işləyən yerlər – barlar var ki, orada toplu insanlar daha çox olur. Bu qadağa da virusun yayılmasının qarşısının alınmasında çox böyük rol oynayır. Düşünürəm ki, bu tədbirlər virusun yayılmasının qarşısını maksimun şəkildə alacaq”.
İnfeksionist-hepatoloq qeyd edib ki, bütün dövlət idarə və müəssisələrin dezinfeksiya olunmasının da virusun yayılmasının qarşısının alınmasında mühüm rolu olacaq.
Bundan əlavə görülən sosial izolyasiya tədbirləri milli təhlükəsizlik və həmrəylik məsələsidir:
“Burada bir məqam var. Maksimum profilaktik tədbirlər görülür, amma dövlətin təkbaşına bütün işləri görməsi mümkün deyil. Bu işdə insanlar da dövlətə yardımçı olmalı, köməklik göstərməlidir. Hər birimiz ən azı digər şəxsləri maarifləndirməli, profilaktika işlərində bilavasitə rol oynamalıyıq. Belə anlarda insanların üzərinə düşən əsas məsələlərdən biri də budur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlayışlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Bir sözlə, sosial məsuliyyət koronavirus pandemiyası ilə mübarizədə əsas məsələlərdən biridir. Virusun yayılmasının qarşısının alınmasında insanların maarifləndirilməsinin, bilgili olmasının çox böyük rolu var”.
Psixoloq Vahid Məcidovun fikrincə isə, bioloji müharibəni düşünənlər hər şeyi dərindən qötür qoy ediblər: “Bizdə hər şey nəzarətdə olduğundan ən minimum xəstə sayı bizdədir, həyatın istənilən çətinliyinə, xəstəliyinə, stresinə bizim insanlar çox rahatlıqla dözümlülük göstərir. Bu səbəbdən ən stabil durum bizdədir”.