Litvalı deputatın Qarabağa səfəri tənqid olunub Hadisə

Litvalı deputatın Qarabağa səfəri tənqid olunub

"Lietumos zinios" qəzeti: "Separatçılara belə simpatiyaları varsa, bəs nədən yalnız Dağlıq Qarabağla kifayətləniblər, axı Abxaziya, Cənubi Osetya, Dnestryanı, hətta Krım və yaxud "Yeni Rusiya" da var..."

Cavid

Litvanın nüfuzlu və çoxtirajlı "Lietumos zinios" qəzetində sentyabrın 6-da (www.lzinios.lt) jurnalist Aydanas Praleykanın Litva Seyminin deputatı Dalya Kuodetenin Ermənistandan keçməklə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı "Bilmərəkdən təxribatçılıq?" adlı məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, litvalı deputat Dalya Kuoditenin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisinə səfəri Litva dövləti üçün xoşagəlməz hal alıb. Müəllif yazıb ki, hətta şəxsi təşəbbüsü ilə səfər etməsi də deputata heç də haqq qazandırmır: "Deputat parlamentin üzvüdür, bu status yalnız səlahiyyətli olmaq demək deyil. Ermənistan KİV-ləri onun şəxsi təşəbbüsü ilə gerçəkləşən səfərini rəsmi səfər kimi qələmə veriblər.
Bu hal birinci dəfə baş vermədiyindən "niyə görə litvalı səlahiyyətlilər belə addım atırlar" sualı verilməlidir. Bilməyərəkdənmi bunu edirlər? Bəlkə də başqa səbəblər var, amma bütün cavablar məyusedicidir.
Yaddaşlardan silinməyən bir nüans da var - bizim "hörmətli" səfirlərimizin telefon danışığı. Hansı ki, bu danışıqlarda onların erməniləri xristan olduqları üçün müdafiə etdikləri başa düşülür..."
Müəllif daha sonra belə hadisələrin baş verməsini Litva-Azərbaycan dostluq münasibətlərinə zərbə kimi qiymətləndirib. Jurnalist yazır ki, bu il Litvada Xocalı soyqırımının növbəti ildönümündə ermənilərin azərbaycanlılara qarşı işğalçılıq siyasətini əks etdirən plakatlar asılıb. O həmçinin D.Kuodeteyə xatırladıb ki, Xocalı soyqırımı zamanı ermənilər dinc azırbaycanlıları qətlə yetiriblər: "Xatırladım ki, söhbət ermənilərin azərbaycanlılıra qarşı aqressiyasından gedir, hansı ki, 20 ildir davam edir. Ermənilərin aqressiya faktını beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar tanıyıblar. Litva da bu sıradadır. Bizim dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyanlayıb. Daha bir aqressiv addım parlamentdə Dağlıq Qarabağla dostluq qrupunun yaradılması təşəbbüsü olub".
Məqalənin müəllifi qeyd edib ki, bunu da deputat Kuodite təşkil edib: "Yaxşı haldır ki, Seymin nüfuzlu deputatları tarixi yaxşı bildiklərindən bu qrupda təmsil olumaqdan imtina ediblər. Öz cahillikləri üzündən qrupda olanlar isə bu gün xəcalət çəkirlər. Əgər bu qrupun təsisçilərinin separatçılara belə simpatiyaları varsa, bəs nədən yalnız Dağlıq Qarabağla kifayətləniblər? Abxaziya, Cənubi Osetya, Dnestryanı, hətta Krım və yaxud "Yeni Rusiya" ilə dostluq qrupları..."
Əgər kimsə fikirləşir ki, belə qruplar heç nə demək deyil, amma baxın, ictimai sferada necə qarşılanır. Kuodetin yaratdığı bu qrupu Ermənistan parlamentinin vitse-spiker Edurad Şarmazanov Litvanı Dağlıq Qarabağın tanınması kimi dəyərləndirib".
Müəllif daha sonra sual edib: "Hiyə görə dövlət məmurları, dövlət xidmətçiləri əllərində dövlətin imicinə zərbə vuran, Litvanın digər dövlətlərlə münasibətlərini poza biləcək faktorları gündəmdə saxlayırlar? Bu cahillikdən xəbər vermirmi?"
Xatırladaq ki, litvalı deputat Dalya Kuodite sentyabrın 1-də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa səfər edərək separatçı rejimin nümayəndələri ilə görüşüb.
Litvanın bəzi ictimai-siyasi təşkilatları, birlikləri deputatın bu səfərini qınayıblar.
Etirazlarda qeyd edilib ki, "Dağlıq Qarabağ Respublikası" qondarmadır və ermənilər tərəfindən işğal olunmuş bölgəyə səfər qanunsuzdur. Ölkə mətbuatı da bu səfərə tənqidi yanaşıb.
Litvanın Azərbaycandakı səfirliyindən isə Seymin deputatının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərini şərh edərkən bildiriblər ki, Litvanın Azərbaycandakı səfirliyi deputatın səfəri barədə məlumatlandırılmayıb.
Səfirlikdən qeyd ediblər ki, səfər deputatın şəxsi təşəbbüsü ilə baş tutub.
Onu da bildirək ki, Dağlıq Qarabağa və Ermənistanın işğal etdiyi digər Azərbaycan ərazilərinə rəsmi Bakı ilə razılaşdırılmamış səfərlər qanunsuz hesab edilir, bu səfərləri edən şəxslər isə Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına salınırlar.