Azərbaycanda terror aktları... Hadisə

Azərbaycanda terror aktları...

Hazırlığın ideoloji təminatında Zori Balayanın və Robert Köçəryanın birbaşa iştirakı olub

Arzu Şirinova

Dünyada gündən-günə qloballaşan terror hərəkatı Cənubi Qafqazda erməni terrorunun fəallaşmasına da münbit şərait yaradır. Erməni terroru indi elə bir pik nöqtəsindədir ki, hər an fəallaşa bilər. Terrora qarşı mübarizədə dünya dövlətlərinin ikili münasibətləri, xüsusən Rusiya, Amerika, Fransa və digər dövlətlərin erməni terrorunu müdafiə etmələri, dünyada terrorun tamamilə kökünün kəsilməsinə, məhv edilməsinə mane olur.
Erməni terroru ilə bağlı fikirlərini bizimlə bölüşən Soyqırım və Terror Əlehdarları Koalisiyasının sədri, Hazirlər Kabineti yanında "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupu"nun üzvü Faiq İsmayılov bildirdi ki, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir: ""Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları, xüsusilə 1887-ci ildə yaradılmış "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tuturlar.
Bu baxımdan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, klassik müharibələrdən bir çox aspektlərinə görə fərqlənməsidir. Təkcə, 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib, nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb. Azərbaycan bu terror aktlarını xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirərkən məlum olub ki, həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib".
Onun sözlərinə görə, 80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları Azərbaycana qarşı terror müharibəsinə başlayıblar: "Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul edib.
1994-cü ilin iyul ayının 3-də Bakı metrosunun "28 may" və "Gənclik" stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktını Ermənistan xüsusi xidmət orqanları təşkil edib. Bu fakt sonralar Zori Balayanın "Cəhənnəm və cənnət arasında" kitabında öz əksini tapıb və təsdiqlənib. İstintaq və məhkəmə prosesində sübuta yetirilib ki, bu qanlı terror aktını həyata keçirən şəxsin terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının o vaxtkı lideri, sonradan isə Ermənistan prezidenti olan Robert Köçəryanın birbaşa iştirakı olub".
Faiq İsmayılov digər faktlara diqqəti çəkir:"19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilən partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə sübut edib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri isə bu aktı həyata keçirib.
90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə "Erməni gizli azadlıq ordusu" (ASOA ), "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA), "Geqaron" təşkilatı, "Erməni azadlıq hərəkatı" (AOD), "Erməni azadlıq cəbhəsi", "Orli qrupu", "Erməni soyqırım ədalət komandosları" və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması nəticəsində genişmiqyaslı kampaniya başlayıb. Ermənistan onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq verib, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz edib. Təkcə onu qeyd etmək kifayətdir ki, Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək terrorçu qruplara rəhbərlik edib. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilən M.Melkonyanın İrəvandakı dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak ediblər, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunub, onun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib".
Faiq İsmayılov deyir ki, Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb:"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. Məsələn,
16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılıb, çoxlu insan təlafatı olub.
11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilib, nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
10 avqust 1990-cı il. "Tiflis-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılıb, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
9 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilib. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunublar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılıb, nəticədə 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılıb, 3 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılıb, nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılıb, nəticədə 4 nəfər həlak olub, 8 nəfər yaralanıb.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 2 nəfər həlak olub, 10 nəfər ağır bədən xəsarəti alıb.
8 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib, 34 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilib. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulub, 8 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılıb, nəticədə 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılıb, nəticədə 3 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertalyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər-19 nəfər həlak olub".
Koalisiya rəhbəri vurğulayır ki, bütün bu faktlar təsdiqini tapdığı halda, terrorla müşayiət olunan erməni təcavüzü və separatizminə qarşı dünya birliyi ölkələri hələ də göz yumur:"Azərbaycan ərazilərinin 20 faizini işğal edib orada etnik təmizləmə aparan, saysız-hesabsız müharibə cinayətləri törədən, azərbaycanlılara məxsus milli-mədəni dəyərləri və tarix-mədəniyyət abidələrini, bütöv şəhərləri və yaşayış məntəqələrini yer üzündən silən Ermənistana beynəlxalq hüquq çərçivəsində təzyiq göstərəcək bir qüvvə hələlik yoxdur. Bütün bunlar beynəlxalq ictimaiyyətin bu problemə ikili standartlarla yanaşmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir.
Ermənistan ona verilən maddi dəstəklərə rəğmən nəinki Cənubi Qafqaz regionunda, dünya miqyasında müasir inkişafdan geridə qalan, eyni zamanda, əhalisi ağır durumda yaşayan bir ölkəyə çevrilib. Azərbaycanın dünya miqyasında gördüyü işlər və Qarabağla bağlı qərəzli, ədalətsiz beynəlxalq təzyiqləri yenməsi nəticəsində Ermənistan özünün işğalçılıq siyasətinin qurbanı olub.
Ancaq ortada maraqlı, həm də təəssüf doğuran bir fakt da var; işğalçılığı təsbit olunan və bu üzdən inkişafdan qalmış dövlətin dünya miqyasında müəyyən havadarları mövcuddur. Onlar bəlli səbəblərdən Ermənistandan Azərbaycanın işğal etdiyi ərazilərini qeyd-şərtsiz tələb etmək əvəzinə, müəyyən manevrlər edirlər, de-fakto Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartlar çərçivəsində davranırlar. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, Ermənistan rəzil durumda olmasına baxmayaraq, özünü müəyyən qədər arxayın və arxalı hiss edir, Azərbaycanın ərazilərini könüllü boşaltmaq istəmir".