Yol polisindən “bal xəbərdarlığı” Hadisə

Yol polisindən “bal xəbərdarlığı”

Kamran Əliyev: "Mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır"

"Sürücülər elə hesab etməsinlər ki, bal sistemi ləğv olunacaq deyə istənilən qayda pozuntusuna yol verə bilərlər. Mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır. İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Ona görə də, sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər". Bu barədə "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, ölkədə bal sisteminin ləğvi sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma aparmaq zərurətini aradan qaldırsa da, ağır qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, onların il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Sadəcə bu, bal sistemi ilə hesablanmayacaq.
Qeyd edək ki, əlavə edək ki, daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol, fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin.