AŞPA-nın sabiq sədrinin namizədliyi təsdiqlənmədi Hadisə

AŞPA-nın sabiq sədrinin namizədliyi təsdiqlənmədi

Ötən gün səhər Avropa Şurası Nazirlər Komitəsində qurumun baş katibi vəzifəsinə namizədlərin təsdiqlənməsinə dair səsvermə keçirilib.
APA-nın Avropa müxbirinin məlumatına görə, bu vəzifəyə rəsmən 3 namizəd qeydə alınmışdı: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabin Löythöyzer-Şnarrenberger və AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon.
Keçirilən səsvermədə Tyorbörn Yaqland və xanım Sabin Löythöyzer-Şnarrenbergerin namizədlikləri təsdiq olunub. AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun namizədliyi isə NK tərəfindən təsdiqlənməyib.
Bundan sonrakı mərhələdə qeydə alınmış iki nəfərin namizədliyi Avropa Şurası Parlament Assambleyasının Bürosuna göndəriləcək və daha sonra AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında assambleya üzvləri qurumun baş katibini seçəcəklər.