AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir -FOTO/VİDEO Hadisə

AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir -FOTO/VİDEO

COVID-19 koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı – AZAL 18 iyun tarixindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətind'n Trend-ə bildirilib ki, qeyd edilən reyslərə 2-ci Terminalda xidmət göstərilir.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar, sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükü, o cümlədən "Duty free" mağazalarından alınan əşyaların daşınması qadağandır.

Bakı-Naxçıvan reysi barədə videoçarxla burada tanış olmaq mümkündür:

Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.

Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, "Azərbaycan Hava Yolları" ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən uçuşlarda həm uçuş və çıxış hava limanında, həm də hava gəmisində xüsusi qaydalar tətbiq ediləcəkdir. AZAL tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: