1-ci sinfə qəbulla bağlı onlayn Apellyasiya komissiyasının işi bu gün başa çatır Hadisə

1-ci sinfə qəbulla bağlı onlayn Apellyasiya komissiyasının işi bu gün başa çatır

İyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyasının işi başa çatır.
İdarədən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul zamanı məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə valideynlərin müraciətlərinə baxılması üçün nəzərdə tutulan onlayn Apelyasiya komissiyası isə müsahibə prosesi yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq.
İyunun 30-dək vətəndaşlara mektebeqebul.edu.az elektron sisteminin “Əlaqə” bölməsi vasitəsilə Apelyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb.
Qeyd edək ki, onlayn Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.
Onu da qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Qısa müddətdə əksər valideynlər onlayn müsahibə formasını seçib. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir. Digər valideynlərə də bir daha onlayn müsahibə formasını seçməyi tövsiyə edirik.