Səfir İsmayıl Alper Coşqun: "Biz həmişə Azərbaycandakı qardaşlarımızın yanında olacağıq"
Sadəddin Topukçu: "22 il əvvəl Qarabağ bölgəsində yaşanan dəhşəti tez-tez xatırlamaq lazımdır"
Ötən gün Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımın 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları, Milli Məclisin üzvləri, ictimai-siyasi xadimlər iştirak edib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra TRT kanalının Azərbaycandakı nümayəndəliyi tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan sənədli film nümayiş olunub.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi ilə çıxışına başlayıb. O, Xocalı soyqırımının anılmasının vicdan borcu olduğunu vurğulayıb: "Biz də Azərbaycanla birlikdə bütün dünyaya bunu anlatmaqda davam edəcək, tarixi gerçəkləri ortaya qoyacağıq. Biz həmişə Azərbaycandakı qardaşlarımızın yanında olacağıq".
Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Sadəddin Topukçu bildirib ki, 22 il əvvəl Qarabağ bölgəsində yaşanan dəhşəti tez-tez xatırlamaq lazımdır: "Həmin günləri biz də ötən əsrin 60-cı illərdə yaşadıq. Kiprin bəzi yerlərində bu gün də türk şəhidlərinin məzarlarını görmək olar. Şimali Kipr Türk Cümhuriyyətini yaratmaqla biz şəhidlərimizin nahaq yerə ölmədiklərini göstərdik. İnşallah, Qarabağda da ədalət bərpa olunacaq".
Millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir. O bildirib ki, bu gün Azərbaycan tək işğalçı Ermənistanla deyil, onlara himayədarlıq edən dövlətlərlə də mübarizə aparır.
AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov qeyd edib ki, bu tarixi hadisələrdən ibrət dərsi almaq və onları unutmamaq lazımdır: "Vaxtilə əlində silah tutub Azərbaycan xalqına divan tutan Serj Sarkisyan hazırda Ermənistanın rəhbəridir. Bunu dünya görmür, bilmir? Çox yaxşı bilirlər. Onlar ədalətdən danışırlar, özləri ədalətsizliyin başında dururlar. Biz Türkiyə ilə birlikdə olmalıyıq. Ayrılsaq, məhv olarıq".