Şəmkirdə 672 məcburi köçkün ailəsi üçün 16 çoxmənzilli yaşayış binası tikiləcək Hadisə

Şəmkirdə 672 məcburi köçkün ailəsi üçün 16 çoxmənzilli yaşayış binası tikiləcək

Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən çoxmənzilli yaşayış binaları tikiləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətində məcburi köçkünlər üçün tikiləcək binaların layihəsi ilə tanışlıq olub.

Bildirilib ki, tikiləcək binalar 672 məcburi köçkün ailəsi üçün 16 çoxmənzilli yaşayış binasından ibarətdir. Binaların hər birində 42 mənzil olacaq. Yaxın günlərdə tikintisinə başlanılacaq şəhərcik müasir görünüşü ilə Şəmkir şəhərinin gözəlliyinə yeni bir görkəm qatacaq. Şəhərcikdə 528 şagird yerlik tam orta məktəb və 280 yerlik uşaq bağçası olacaq. Şəhərcikdə inzibati bina, sakinlər üçün idman meydançası, avtobus dayanacağı və ticarət mərkəzi inşa olunacaq.