18 ilin “Şərqi“... Hadisə

18 ilin “Şərqi“...

"Şərqi" qəzeti Azərbaycan mətbuatına nə verib?

"Şərq" qzəetinin fəaliyyətə başlamasının 18 ili tamam olur. Ümumiyyətlə 18 ilin "Şərqi" qəzeti Azərbaycan mətbuatına nə verib? Həmkarlarımız bu mətbuat orqanı haqqında nə düşünürlər?
"Yeni Media Jurnalistləri" İctimai Birlyinin sədri Xaqani Səfəroğlu bildirdi ki, "Şərq" qəzeti Azərbaycanın müstəqil qəzetlərinin ilk nümayəndələrindəndir: "90-cı illərin sonundan nəşrə başlayan bu qəzet dövrünün ən oxunaqlı qəzetlərindən olmaqla yanaşı mətbuata bu gün yaxşı tanınan xeyli jurnalist imzası gətirib. Çevik informasiyaları və müstəqil mövqeyi ilə seçilən "Şərq" üçün oxucu marağı və tələbatı vacib olub. Akif Aşırlını təbrik edirəm, və qəzetə uğurlar arzulayıram".
Hafta.az saytının redaktoru Səbinə Əvəzqızı vurğuladı ki, "Şərq" həmişə populyar bir qəzet olub: "Müəllifləri adla tanınıb. Azərbaycan mətbuatı üçün xeyli imza yetişdirib. Məsələlən Vəfa Allahverdiyevanı necə unutmaq olar. Həm insan, həm də jurnalist kimi cox keyfiyyətləri var. Bunların hamısını isə Akif Aşırlı bacarıb. Azərbaycan mətbuatına önəmli mövzular veriblər. Çox-çox yaxşı fikirlər söyləmək olar. Dostlarımı tebrik edirəm, onlara çox güvənirəm. İnanıram ki, daha yaxşı addımlarla bizi sevindirəcəklər. Uğurlar".
Azadinform.az saytının əməkdaşı Leyla Məhərrəmova deyir ki, bu gün Azərbaycan mətbuatında jurnalistikanın obyektivlik prinsipini pozmayan azsaylı qəzetlərdən biri də "Şərq"dir: "Bu məsələdə həm baş redaktor Akif Aşırlının və qəzetin əməkdaşlarının böyük rolu var. Mənim jurnalistikaya gəlişim "Şərq"dən başlayıb. Universitetdə yalnız jurnalistikanın nəzəriyyəsini öyrənmişdim, jurnalist kimi ilk təcrübəmi isə "Şərq"də qazanmışam. 18 il ərzində öz müstəqil mövqeyini, auditoriyanın inamını qoruyub saxlamaq böyük uğurdur. "Şərq"ə gələcəkdə daha böyük uğurlar əldə etməsini arzulayıram. Akif müəllim başda olmaqla "Şərq"-in bütün əməkdaşlarını təbrik edirəm".
"Ədalət" qəzetinin əməkdaşı Ədil Ədilzadənin sözlərinə görə "Şərq" qəzeti gündəlik izlədiyi qəzetlər sırasındadır: "Bu qəzetin üstünlüyü odur ki, informasiya bolluğu var. Müəllif yazılarına gəlincə, aktual mövzular barəsində kifayət qədər dolğun yazılar var. "Şərq" qəzetinin Azərbaycan mətbuatında yeri və rolu danılmazdır. Bu baxımdan qəzetin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".
Bakuinfo.az saytının baş redaktoru Əvəz Qurbanlı bildirdi ki. "Şərq" qəzeti Azərbaycan mətbuatında öz yeri olan, öz sözü olan bir qəzet kimi özünü göstərib: "Baş redaktor Akif Aşırlı Azərbaycanın tanınmış qələm adamıdır. Mən "Şərq" qəzetinə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram".
Tanınmış jurnalist Seymur Qasımbəyli söylədi ki, Azərbaycan mətbuatında "Şərq" qəzetinin özünəməxsus yeri var: "Bu günə qədər tutduğu dəsti-xətti qoruyub saxlayan "Şərq"çilər hər zaman maraqlı mövzuları, hadisələr yanaşma tərzləri və informasiya siyasəti ilə oxucuların diqqətini çəkib, onların rəğbətini qazanıb. "Şərq" elə bir dövrdə, elə bir məqamda meydana çıxdı ki, onda hər gün yeni-yeni qəzetlər yaranır, yeni-yeni imzalar cəmiyyətə təqdim olunurdu. Üstəlik, həmin illərdə ölkədə senzuranın mövcud olduğu bir dövrdə "Şərq" bütün çətinliklərə baxmayaraq problemlərə sinə gərməyi, ətrafında oxucu ordusu toplamağı bacaran çox az saylı qəzetlərdən birinə çevrildi".
O. həmçinin əlavə etdi ki. "Şərq"in informasiya siyasəti və onun oxuculara çatdırılması istiqamətində tutduğu taktika da özünü doğrultdu: "Sonrakı illərdə də nüfuzunu və oxucularını artıran qəzet Azərbaycan mətbuatına çoxlu tanınmış imzalar da bəxş etdi. Bir növ jurnalistika məktəbinə çevrilən bu qəzetin yetişdirdiyi qələm adamları içərisində mən də varam. Ömrümün, gəncliyimin ən şirin çağlarını, 6 ilimi bu qəzetə sərf etdim. "Şərq"in maliyyə baxımından ən ağrılı günlərində belə oranı tərk etmədim. Hətta bir neçə ay maaşsız qalsaq da kollektivdən uzaqlaşmaq istəmədim. Çünki baş redaktor Akif Aşırlının rəhbərliyi ilə həqiqətən də gözəl kollektiv formalaşmışdı. Bu gün də maraqlı yazılarla oxucuların görüşünə gələn "Şərq" hazırda ölkədə yaşanan sosial media bumunun fonunda oxucu kontingentini saxlamağı bacarıb".
"Olaylar" İnformasiya Agentliyinin əməkdaşı Süleyman İsmayılbəyli də "Şərq" qəzetinin kollektivinə daha böyük yubileylər qeyd etməyi arzulayır: "Etiraf etmək lazımdır ki, "Şərq" qəzeti müəyyən dövrdə məktəb rolunu oynayıb. Bu gün cəmiyyətdə kifayət qədər tanınan, müxtəlif sahələrdə çalışan dostlarımız var ki, onlar məhz "Şərq" qəzetinin yetirmələridir. Sevindirici haldır ki, bu gün də "Şərq" qəzeti təsis edilən gündən qarşısına qoyduğu məqsədə, vəzifələrə, dövlətçiliyə xidmət missiyasına sadiq qalır. Arzu edərdim ki, "Şərq"in əl-əl gəzdiyi, yüksək təlabat səbəbindən qəzet köşklərində tapılmadığı zaman təkrar olunsun. Bir məqamı da qeyd edək ki, "Şərq" kimi qəzetlərin təsis edilməsi ölkədə müstəqil mətbuatın formalaşmasına təkan verdi".
"Kaspi" qəzetinin əməkdaşı İlham Quliyev vurğuladı ki, "Şərq" qəzeti müstəqil Azərbaycan mətbuatının cığır açan nəşrlərindəndir: "Qəzet milli məsələlərdə tutduğu mövqe ilə həmişə başqalarından fəqrlənib və nümunə olub. Daim ciddi imici olub, peşə etikası prinsiplərinə əməl edib. Sevindirici haldır ki, qəzet bazarının getdikcə daraldığı bu günlərdə də "Şərq" Azərbaycan mətbuatındakı mövqeyini qoruyub saxlaya bilib. Bu gün də "Şərq" mənim sevə-sevə oxuduğum qəzetlərdəndir. Bu əlamətdar gün münasibətilə Akif müəllimi, Yusif Nəzərlini, Anar Bayramoğlunu, ümumilikdə qəzetin yükünün ağırlığını çiyinlərində daşıyan kollektivi, indiyədək burada əməyi keçmiş, hazırda başqa mətbuat orqanlarında, dövlət müəssisələrində çalışan "Şərq"çi dostlarımı təbrik edirəm!".
"Azərbaycan" qəzetinin əməkdaşı Elgün Mənsimov: ""Şərq" qəzeti barədə qısa olaraq demək istəyirəm ki, mən hələ orta məktəbdə oxuyanda bu qəzetin adını eşitmişdim. Hələ orta məktəbdə olarkən bu qəzetin adını eşitmişəmsə demək, "Şərq" ictimai-siyasi həyatda böyük rol oynaya bilib. Çünki bu günün özündə elə "qəzet"lər var ki, heç adını eşitməmişik. Tələbəlik illərində də ən çox müraciət etdiyim qəzetlərdən olub. bu baxımdan hesab edirəm ki, "Şərq" qəzeti müstəqil media sahəsinə özünəməxsus töhfələr verə bilib. öz səhifələrində hər zaman sosial problemlərə geniş yer verib. Qəzet elə olmalıdır ki, hər kəs, hər təbəqə və hər yaş kateqoriyasına malik insanlar üçün nəsə verə bilsin. Fikrimcə "Şərq" bu prinsipə həmişə riayət edib. Sukanı belə saxlamalarını və qəzet işini daha da təkmilləşdirməyi onlara arzu edirəm".

Əli