Tarixdə iz qoymuş türk dövlətləri Hadisə

Tarixdə iz qoymuş türk dövlətləri

Birinci Göytürk imperatoluğu

Böyük Hun imperatorluğu dağıldıqdan sonra Mərkəzi Asiyada yaşayan hunların bir hissəsi jujanların hakimiyyəti altına düşür. Bumın Kağan 552-ci ildə jujanları məğlub edərək Göytürk dövlətinin əsasını qoyur. Dövlətə "Göytürk" adının verilməsi ilə hunlar ilk dəfə özlərini rəsmən "türk" adlandırırlar. Birinci Göytürk dövləti Muğan və İstəmi kağanlığı dövründə daha da güclənir. Bu zaman Çin türklərdən asılı vəziyyətə salınır. İstəmi xaqanın başçılığı altında qərbə hərəkət edən türklər 555-ci ildə Aral gölü ətrafını tuturlar. 571-ci ildə Göytürklərlə Sasanilər arasında sülh müqaviləsi bağlanır. Sülhə görə Soqdiana Türk dövlətinin himayəsi altına düşür. 576-cı ildə İstəmi kağan Bizansı və Bosforu tutur. Türklər Krıma girə bilməsələr də, Şimali Qafqaz və Dağıstanın xeyli hissəsini ələ keçirirlər.
Bu dövrdə Göytürk dövləti qüdrətli imperatoluğa çevrilir. 576-cı ildə Istəmi xaqanın ölümündən sonra Göytürk kağanlarının Çinlə yaxınlaşmaları, buddizmi himayə etmələri xalqın narazılığına səbəb olur. Daxili ziddiyyətlər və hakimiyyət uğrunda mübarizə nəticəsində 588-ci ildə Birinci Göytürk İmperatorluğu parçalanır. Mərkəzi Monqolus¬tan olmaqla, Şərqi Göytürk və mərkəzi Yeddisu olmaqla Qərbi Göytürk dövləti yaranır.

İkinci Göytürk imperatorluğu

VII əsrin əvvəllərində Şərqi Göytürk kağanlığı zəifləyir. Xəyanət nəticəsində Şərqi Göytürk hökmdarı Qara Kağan Çinə əsir aparıldıqdan sonra Şərqi Göytürk dövləti süquta uğrayır. Bununla belə Çin əsarəti uzun davam etmir. 682-ci ildə Iltəriş kağanın başçılığı ilə türklər zülmdən qurtulurlar. Iltəris kağan İkinci Göytürk imperatorluğunun əsasını qoyur. O, müdrik və tədbirli Tonyukuku baş vəzir təyin edir. Iltərişin qardaşı Kapağan kağan türkləri birləşdirmək, iqtisadiyyatı dirçəltmək, ordunu möhlətməklə məşğul olur. Türklər Sakit okean sahillərinə çıxış əldə edirlər. Kapağan kağanın qardaşı oğlanları Bilgə kağan və Kültigin ona yaxından kömək edirlər. 709-cu ildə Bilgə kağan qırğız və türkeşləri, 711-715-ci illərdə isə qarluqları özlərinə tabe edirlər. Bilgə kağan 734-cü ildə düşmənləri tərəfindən zəhərləndirilərək öldürülür. 744-cü ildə İkinci Göytürk dövləti dağılır.

Xəzər imperatorluğu

Sabar (sabir) türklərinin davamçıları olan xəzərlər 634-cü ildə Şərqi Göytürk dövləti dağıldıqdan sonra Xəzər imperatorluğunu yaradırlar. Bu dövlət Itil çayı, Şimali Qafqaz, Azov dənizi, Krım yarımadası, Manqışlaq, Aral gölü və s. əraziləri əhatə edirdi. Xəzər imperatorluğunun region dövlətləri, o cümlədən Bizansla sıx siyasi, iqtisadi, mədəni və s. əlaqəsi vardı. Bizans imperatorluğu VI leon Xəzər xaqanının qızı Çiçəyin oğlu idi.
Desna, Dunay, Dnepr çayları ərazilərində yaşayan slavyan qəbilələri xəzərlərin təsiri altında idi. Kiyev Rus dövlətinin yaranmasında xəzərlərin böyük zəhməti olub. 882-ci ildə Kiyev dövlətini yaradan Oleq onu Xəzər kağanlağının nümunəsində qurmuşdu. Xəzərlər iki əsr ərzində ərəblərlə yüzdən artıq müharibələr etmişdilər. Farsların xəyanəti nəticəsində lap sonuncu müharibədə xəzərlər ərəblərə məğlub oldular. Xəzərlərin Səməndər, Itil, Saksın Sarkıl, Bələncər kimi şəhərlərində müsəvilik, xaçpərəstlər və müsəlman dininə inanırdılar. Camelər və kilsələr sinaqoqlarla yanaşı tikilirdi. Daxili çəkişmələr və Kiyev knyazı Svyatoslavın yürüşü nəticəsində X əsrin ikinci yarısında Xəzər xaqanlığı süquta uğradı.

Uyğur imperatorluğu

Hunların Talas qoluna məxsus olan uyğur türkləri Mərkəzi Asiyada Şərqi Türküstanın mərkəzində yaşayırdılar. Qutluq Bilgə Gül 744-cü ildə Uyğur dövlətini yaradır. Onun ərazisi Şərqdə Altaydan Mancuriyaya, cənubda Qobi səhrasına qədər uzanırdı. Paytaxtı Ordu şəhəri idi. Atasının ölümündən sonra hakimiyyətə gələn Moyon Çur kağan (745-759-cu illər) hakimiyyətini möhkəmlətmək üçün bir sıra tədbirlər həyata keçirir, ölkə daxilindəki qiyamları yatırır, qırğızları, səkkiz oğuzları, doqquz tatar qarluqları türkeşləri və digər türk tayfalarını öz ətrafında birləşdirir. Uyğurlar İpək yolu üzərində yaşadıqlarından digər ölkələrlə geniş ticarət əlaqə¬ləri yaradırdılar. Onların zəngin mədəniyyəti vardı. Uyğurlar avropalılardan xeyli əvvəl kağız istehsalı və kitab çap etməyi bacarırdılar. Digər xalqlar, o cümlədən ərəblər kağız düzəltməyi və ondan istifadəni məhz uyğur türklərindən öyrənmişdilər.

Oğuz dövləti

24 boydan ibarət olan oğuzlar IX-X əsrlərin birinci yarısında Xəzərin şərq sahillərindən Ceyhun (Amu-Dərya) çayına qədər olan ərazilərdə yaşamaqla, müxtəlif mənbələrdə "uz", "quz", "oğuz" şəklində işlənən qəbilənin adıdır. Bu ada ilk dəfə Orxon-Yenisey abidələrində rast gəlinir. X əsrin ortalarında Ceyhun çayı və Xəzər dənizi arasında yaşayan türk boyları birləşib mərkəzi Yenikənd olan Oğuz dövlətini yaratdılar. Dövlətin başında yabqu dayanırdı. 1000-ci ildə daxili çəkişmələr və qıpçaqların hücumları Oğuz dövlətinin dağılmasıa gətirib çıxardı. 950-ci ildən oğuzlar arasında islam sürətlə yayılmağa başladı və XII əsrin əvvəllərində artıq bu din böyük nüfuz qazandı. İslamı qəbul edən oğuzlar türkmən adlanmağa başladılar. Oğuzlar bu gün Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Türkiyə, Kuzey Kıbrıs və Balkanlarda yaşayan türklərin əcdadlarıdır.

Böyük Səlcuq imperatoluğu

Böyük Səlcuq İmperatorluğunun yaranması səlcuqların adı ilə bağlıdır. Səlcuqlar oğuzların qınıq boyundan idilər. Səlcuq bəy Oğuz dövlətində hərbi dəstə başçısı – subaşı vəzifəsi daşıyırdı. Səlcuqun nəvəsi Toğrul bəy Qəznəvilərlə mübarizə şəraitində 1038-ci ildə Xorasanın başlıca şəhəri Nişapura daxil olub dövlətin yarandığını elan edir. Səlcuqlar 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub edirlər. Toğrul bəy oğuzların sultanı elan edilir. 1055-ci ildə Sultan Toğrul Bağdadı tutur. Toğruldan sonra hakimiyyətə gələn Alp Arslanın (1063-1072-ci illər) məqsədi Anadolunu fəth etmək olur. Alp Arslan imperator Diogeni məğlub edir. Səlcuq ordusu ilə Bizans ordusu arasında 1071-ci ildə məşhur Malazgird döyüşü baş verir. Bizans ordusu məğlubiyyətə uğrayır və Diogen əsir düşür. 50 il müddətinə sülh müqaviləsi bağlanır. Müqaviləyə görə Bizans səlcuqlara hər il xərac verməli, ehtiyac olduqda hərbi yardıma məcbur edilir. Alp Arslan "Müsəlmanların xilaskarı", "İslamın nuru" adlandırılır. Malazgird qələbəsi dünya tarixində dönüş hesab edilir. Anadolu həmişəlik türk torpaqlarına çevrilir. Arp Arslanı əvəz edən Məlikşah (1072-1092) Konya, Ankara, Urfa, Qüds şəhərlərini və Suriyanı ələ keçirir. Onun vəziri Nizamülmülk böyük alim və dövlət xadimi idi. Səlcuq imperatorluğu dövründə xalqın iqtisadi və mədəni inkişafı sürətlə davam edirdi.

Qaraxanlılar dövləti

Türk xalqları tarixininin ən mühüm səhifəsini qaraxanlılar təşkil edirlər. Qaraxanlılar xanlığını təşkil edən türk boyları qarluqlar, ciqillər, yaqmilər və başqalarından ibarət idi. Qaraxanlı adı Qarluq başçısı "Qara xan" adından götürülüb. Qarluqlar Seyhun (Sır-Dərya), Çu və Talaş çayı ərazilərində yaşayırdılar. Qarluq yabquları Göytürklərin Asina oğulları sülaləsinə mənsub idilər. Qaraxanlıların ilk hökmdarı Bilgə Kül Qədir xan Mavəraünnəhrdə müsəlman iranlı Samani dövləti ilə mübarizə aparır¬dı. Bu hökmdarın ölümündən sonra iki oğlundan biri olan Vəzir Arslan xan "Ulu Xaqan" kimi Balasaqunda hökmdarlıq edirdi. Qardaşı Oğulcaq Qədir xan isə ona tabe olan, ortaq xaqan kimi Talas şəhərinin hakimi idi.
Oğulcaq Qədir xan 893-cü ildə paytaxtı Kaşğar şəhərinə köçürür. Bu dövrdə Qaraxanlıların müsəlmanlaşması sürətlə davam edir. Xaqanlıq taxtına Qara xan sülaləsindən gələnlər Satuk Buğra xanın siyasətini davam etdirirlər. 999-cu ildə Əbu Nəsr Əhməd Buxaraya girir və Samanoğulları dövlətini məğlub edir. Bağdad Abbası xəlifəsi Əbu Nəsr Əhmədi İslam hökmdarı kimi tanıyır.
Xaqanlıq Şərqi Qaraxanlı və Qərbi Qaraxanlı dövlətinə bölünür. Şərqi Qaraxanlıda iki idarə bölgəsi müəyyənləşdirilir. Balasağunda Ulu Xaqan, Talas, bəzən isə Kaşqarda köməkçi xaqan otururdu. Qərbi Qaraxanlı dövləti Mavəraünnəhr, Fərqanə, Fəsab və Özkənd bölgələrini əhatə edirdi. Özkənddən sonra paytaxt Səmərqənd elan olunur, köməkçi xaqanın iqamətgahı isə Buxarada yerləşirdi. Bununla belə uyğurlardan sonra Böyük Türk xaqanlığının varisi olan qaraxanlılar dövləti öz əllərində saxlaya bilməyib Səlcuqlara verməyə məcbur olurlar.
Qeyd edək ki, qaraxanlılar dövründə mədəniyyət böyük sürətlə inkişaf edirdi. Əvvəlki zamanlarda Tanrıya inam və iman gətirən türklər islamı qəbul etdikdən sonra tanrıçılıq inanc, əxlaq və fəzilətlərinin islam dini ilə uyğunluqlarına daha dərindən yiyələnərək, islam mədəniyyətinin başlıca xüsusiyyətlərini mənimsəməklə onu inkişaf etdirirdilər. İlk böyük Türk-İslam dövlətini quran qaraxanlılar islam türk mədəniyyəti, sənəti və ədəbiyyatının da ilk nümunələrini yarat¬mışdılar. Müsəlman türklərinin ilk mədəniyyət nümunələri "Altun kitab", "Günəş kitab", "Sabuk Buğra xan təzkir" kimi əsərlər türk mədəniyyəti və ədəbiyyatının inciləri sayılmaqdadır.

Qəznəvilər dövləti

Yasamanoğullarından olan Əhməd bəy qurduğu bu dövlət Qaraxanlıların hakimiyyətinə keçənə qədər (999) müstəqil yaşadı. Bu dövlətin qurulmasında məşhur sərkərdə Alp Təkin yaxından iştirak etmişdi. Dövlətə Alp Təkin, İshaq, Bilgə Təqin, Piri Təkin, Səbuk Təkin kimi hökmdarlar başçılıq etmişdilər... Səbuk Təkin Qəznədə qurduğu dövət Qəznəvilər dövləti kimi tanındı. Səbuk Təkinin ölümündən sonra onun yerini oğlu Mahmud tutdu. Bu zaman Qəznəli dövləti güclü bir imperatorluğa çevrildi.
Mahmud Qəznəli Xarəzm, Hindistan və İranın bəzi ərazilərini ələ keçirdi. Şimali Hindistanda islamı geniş yaymağa başladı. Mahmud Qəznəli tarixdə "sultan", "padşah" adını alan ilk hökmdar oldu. O, adil, mədəniyyət, ədəbiyyatı sevən, sənət və sənətkarı dəyərləndiən hökmdar idi.
1030-cu ildə Mahmud Qəznəli vəfat etdikdən sonra yerinə oğlu Məsud keçdi. Hərbi səfərlər edib zəfərlər qazandı. Buna baxmayaraq dövləti atası kimi idarə edə bilmədi, ölkə daxilində narazılıqlar baş verdi. Əvəzində günü-gündən qüvvətlənən səlcuqlarla müharibə qaçılmaz oldu. 1040-cı ildə Dəndənəkən yaxınlığında iki türk ordusu qarşı-qarşıya durdular. Səlcuqlar qalib gəldilər. Qəzvəlilər bu məğlubiyyətdən sonra Xorasanı və digər ərazi itirdilər. Səbukoğulları paytaxtı Lahora köçürdülər.

Nizami Tağısoy,
professor