“Sağlam millət-sağlam gələcək” Hadisə

“Sağlam millət-sağlam gələcək”

Tural

Dünən AMEA-nın əsas binasında əhali və ailə sağlamlığının qorunması, möhkəmləndirilməsi problemlərinə həsr olunmuş "Sağlam millət-sağlam gələcək" mövzusunda konfrans keçirildi. AMEA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan birliyin rəhbəri, tibb elmləri doktoru Nigar Kamilova XXI əsr həyat tərzinin insan sağlamlığına təsirindən söz açdı. Bildirdi ki, hər il qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir. İnsan sağlamlığının qorunması yalnız tibbi deyil, eyni zamanda, sosial məsələdir. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bir şəkər xəstəsinin müalicəsinə ildə 10-30 min Avro, ürək-damar xəstəliyinin müalicəsinə isə 2 mindən 45 minədək avro xərclənir. N.Kamilova QHT-lər və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə yeniyetmələrin, gənclərin və ailələrin sağlamlığının qiymətləndirilməsi istiqamətində aparılan işləri də diqqətə çatdırdı.
Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, Fəlsəfə və Hüquq İnstitutunun siyası nəzəriyyələr şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru İsaxan Vəliyev, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikasının baş həkimi Zərifə Quliyeva və başqaları müasir dövrdə əhali, ailə və qadın sağlamlığı mövzusunda çıxış etdilər. Tədbir çərçivəsində, həmçinin AMEA Azad Həmkarlar İttifaqının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sağlamlığın qorunması ilə bağlı maarifləndirmə tədbirlərində səmərəli fəaliyyət göstərdikləri qeyd edildi və həmin qurumların nümayəndələrinə fəxri fərmanlar təqdim olundu.
Qeyd edək ki, tədbir "Sağlam Nəsil" İctimai Birliyi və "Sağlam Nəsil" Tibbi Elmi-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə baş tutub.