Qanun dənizkənarı ərazilərin hasarlanmasına yol verirmi? Hadisə

Qanun dənizkənarı ərazilərin hasarlanmasına yol verirmi?

Vüqar Tofiqli: "Bu problemin kökündə yalnız məmur özbaşınalığı durur"
Hamizəd Səfərov: "Qanunvericilik dəniz sahillərinə yaxın ərazidə mülki və istehsal müəssisələrinin tikintisini qədağan edir"
Əlövsət Əliyev: "Qanun dənizkənarı ərazilərin hasarlanmasına icazə vermir"

Dənizkənarı ərazilərin hasarlanması məsələsi ilə bağlı bir müxtəlif zamanlarda danışılsa da hasarlanma prosesi davam edib. Milli İəclisin son plenar sessiyasında isə bir sıra millət vəkilləri bu məsələyə sərt şəkildə etirazlarını bildiriblər.
Millət vəkili Zeynəb Xanlarova parlamentin son iclasında dənizin önünə hasar çəkilməsindən danışıb: "Hər dəfə Binə yolu ilə gələndə görürəm dəniz kənarında evlər tikilir, hündür, uzun h0asarlar çəkilir. Mən dünyanı gəzirəm, Amerikada Ağ Evi görürük, hasarı-zadı yoxdur. Nardaran camaatı ağlayır ki, hər şeyi bizim əlimizdən alıblar, indi də dənizi hasarlayırlar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz.
Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilindəki torpaqların işğalına şərait yaradılıb. Nabrandan Astara sərhədinə qədər bu sahillər işğal olunub: "Varlılar dənizin içinə girirlər. Bir də görürsən ki, 1 kilometr uzunluğunda hasar çəkilib. Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı çox olar. Bu o demək deyil ki, imkandan istifadə edib millətin sərvəti olan dənizi zəbt etməlidirlər. Əgər onların iştahları itidirsə Qobustan təpələri boş qalıb. Gedib orada terraslar və bağlar salsınlar, nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Hətta dənizin kənarında olan mayakı uçurmaq istəyirlər. Bu cür öz başınalıq ola bilməz".
Millət vəkili Fəzail Ağamalı isə Nabrandan Lənkərana qədər Xəzər dənizinin sahilidəki obyektlər və istirahət parklarına nəzər salsaq buradakı çirklənmiş suların təmizlənmədən Xəzərə axıdıldığının şahidi olmağın mümkün olacağını deyib: "Belə olan halda biz protokolu qəbul etsək də bunun heç bir xeyri olmayacaq. Qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçuşursa deməli dəniz çirklənib. Bizə verilən nemət bəlaya çevriləcək. Xahiş edirəm imkanlarınızdan və səlahiyyətinizidən istifadə edib çirklənməni dayandıraq. Bizim sözlərə, qaldırdığmız məsələlərə diqqət edən yoxdur. Mən bu protokolu icra olunduğu təqdirdə alqışlayıram".
Ümumiyyətlə dəniz kənarı ərazilərin hasarlanmasını qanun icazə verirmi?
Ekspert Vüqar Tofiqli "qanunveriliklə gotürəndə hələ mərhum prezident Heydər Əliyevin imzaladığı sənədə gorə dəniz sahilindən 130 metr aralıda tikinti aparıla bilərdi",- deyə
bildirib. Onun fikrincə, bu məqama bir xeyli müddət riayət olundu: "Lakin sonradan bi rəqəm 30 metrədək azaldıldı. Söz yox ki, artıq kütləvi şəkildə mübarizə aparmaq mümkün olmadığından bu cür addım atıldı. Fikir versəniz görərsiniz ki, Bakıdan Ələtədək olan məsafə və Bakıdan Dübəndiyəkədək olan məsafədə heç bir metr görünən sahə belə qalmayıb.
Artıq bütün dəniz sahili özəlləşdirilib.
Bu problemin kökündə yalnız məmur özbaşınalığı durur.
Çünki sadə vətəndaşın bu cür addım atmağa nə gücü, nə də sərvəti var. Bu məsələyə prezidentin münasibət bildirməsi zəruridir. Bu tikintilər ya sökülməli, ya da dövlətin hesabina müsadirə edilməlidir. Mütləq hər bir ərazidə ümumi istifadə üçün yerlər ayrılmalıdır".
Hüquqşünas Namizəd Səfərov diqqətə çatdırdı ki, dənizsahili ərazilər heç bir halda kimlərinsə mülkiyyətinə verilməməlidir. Onun sözlərinə görə, dənizın özü olduğu kimi dəniz sahili ərazilər də dövlətin mülkiyyətində olmalıdır: "Qeyd edim ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi də dəniz sahili ərazilərin vətəndaşların və ya qeyri dövlət təşkilatlarının mülkiyyətinə verilməsini məhdudlaşdırır. Qanunvericilik, həmçinin dəniz sahillərinə yaxın ərazidə mülki və istehsal müəssisələrinin tikintisini qədağan edir.
Lakin bütün bunlar qanunun tələblərinə riayət edilmir. Daha doğrusu dənizin mühafizəsi və ekoloji təmizliyini təmin edən bu normalar məmurlar tərəfindən pozulur. Baxın, bütün Abşeron yarmadası boyu dəniz sahilləri hündür divarlarla əhatə olunmaqla villalar düzülüb. Bu villaların kimlərə məxsus olduqlarını aydınlaşdırmaq çətin deyil. Mən əminəm ki, tezliklə Xəzər dənizini bu qədər amansızlıqla istismar edən və özününküləşdirənlər qanun qarşısında cavab verəcəklər. Əminəm ki, dəniz sahillərində qanunsuz inşa edilmiş bu villalar yerlə yeksan ediləcək".
Hüquqşünas Əlövsət Əliyev isə dedi ki, dənizkənarı ərazilərin hasarlanmasına qanun icazə vermir: "Dənizkənarı ərazilərin özəlləşdirilməsi də qadağandır. Özəlləşdirilməsi qadağan olduğuna görə, ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən hasarlanması da qanunsuzdur. Çünki Azərbaycan Respublikasının hər bir vətəndaşı dənizdən istifadə etmək hüququna malikdir. Təssüf ki, ayrı-ayrı fiziki şəxslər insanların bu hüquqdan istifadə etməsini məhdudlaşdırırlar". Əlövsət Əliyev əlavə etdi ki, İnzibati Xətalar Məcəlləsinin 88-2-ci maddəsinə görə də sahilə gediş-gəlişin məhdudlaşdırılmasına yol verilmir. Hesab edirəm ki, millət vəkillərinin narazılığı tam əsaslıdır. Amma deputatlar sadəcə bəyanat verməli deyil. Ən azı deputatlar çıxış edəndə, qanunu təhlil etməlidirlər. Hətta bununla bağlı qanun layihəsi hazrlayıb təqdim etməlidirlər, danışıqlar da detallı olmalıdır. Əvvəllər çimərlik kimi istifadə olunan ərazilər, Bakıdan Ələtə qədər, Xüsusən Sumqayıt la Hovxanını arasında olan tikililər qanunsuz tikililərdir. Kim həmin tikililərin inşasına sərəncam veribsə, həmin sərəncamın özü də qanunsuzdur. Çünki qanunda bildirilir ki, dənizkənarı ərazilərin 50 metrliyinə qədər olan hissəsində tikintiyə icazə verilmir. Buna görə də fiziki şəxslər üçün 30 manatdan 50-yə, hüquqi şəxslər üçün isə 100 manatadək cərimə nəzərdə tutulub".

Əli