Vaxt o vaxtdır... Hadisə

Vaxt o vaxtdır...

Arzu Şirinova

Sovetin dövründə Hacı Zeynalabdin Tağıyevi bizlərə milyonçu-qolçomaq kimi tanıtmışdılar. Ancaq müstəqillik qazandıq və öyrənə-öyrənə anladıq ki, Tağıyev Tanrının onun qismətinə çıxardığı varı-dövləti nələrə xərcləyib, millət üçün hansı işlərə imza atıb. Artıq hər birimiz Tağıyevlə qürur duyuruq ki, millətin belə oğlu da varmış. O oğul ki...
...Tarixçi Araz Vəliyevin Hacı Zeynalabdin Tağıyevlə bağlı kiçik məlumatında bildirib:"Öz xalqı üçün milyonlarını xərcləyən Hacı Zeynalabdin Tağıyevin ömrünün son ayları idi. Hacı kifayət qədər kasıblamışdı. Onun ailəsinin bir qulluqçusu axıra qədər Hacıya sadiq qalaraq onlarla yaşayırdı. Bir gün onun evinə qonaq gəlir. Hacı öz qulluqçusuna pul verir ki, qonağa dolma bişirilsin və bu səbəbdən də ət və düyü alsın. Qulluqçu dükana gedib qayıdır və yeməyi hazır edir. Hacı süfrədə yeməyi dadarkən hiss edir ki, dolma ətsiz, yəni düyü ilə bişirilib. Kənarda qulluqçudan niyə ətsiz dolma bişirdiyinin səbəbini soruşur. Qulluqçu:
- Hacı, Vallah utandım sizə deməyə... Getdim ki, ət və düyü alım. Dükançı düyü verdi, amma ət vermədi. Dedi ki, Hacıya deyərsiniz dükana olan borcu çoxdur. Ət verə bilmərəm...
Hacı Zeynalabdin Tağıyev bu hadisənin səhəri günü dünyasını dəyişir".
Bu kiçik məlumat məni 1978-ci illərə apardı. O vaxt belə adlanırdı-Azərbaycan İncəsənət Muzeyi və mən həmin incəsənət ocağında görkəmli heykəltəraş, gözəl insan Kazım Kazımzadənin rəhbərliyi altında çalışırdım, həm də birinci ili ali məktəbə balım çatmadığı üçün hazırlaşırdım. İşim əsasən muzeyə gələnləri eksponatlarla tanış etmək və onlar haqqında kiçik də olsa bilgi vermək olurdu. Binanın içərisindən ikinci mərtəbəyə qalxanda düz pilləkənlərin baş tərəfində Neronun "Sirki" və üzbəüzdə isə Ayvazovskinin "Aylı gecə" əsərləri asılmışdı. Bu əsərlər bir-biri ilə təzad təşkil edirdi. Birinciyə baxanda vəhşilik, ikinciyə baxanda isə gözəllik görürdün. Muzeyə gələnlər də əsasən bu əsərlərin önündə dayanırdılar və həm əsərin mükəmməl işlənməsinə, həm də müəllifin yaradıcılığına həsədlə baxardılar. Günlərin bir günü muzeyə bir qadın gəldi. Geyindi paltar çox nimdaş idi. Əlində saxladığı həsir torbası isə paltarından da nimdaş idi. Hətta həsir torbaya iki yerdən yamaq da vurulmuşdu. Əvvəlcə ona, sonra da kassada oturan Bikə xalaya etiraz elədim ki, niyə bu qadın əlində həsir torbayla içəri keçib. Çünki muzeyin qayda-qanunlarına görə, bu, yasaq idi. Yəni əlində çantadan başqa nəsə olurdusa, mütləq qardirobda qoymalı və nömrə götürməliydin. Bikə xala mənə işarə elədi ki, işim olmasın. Qadın isə mənə gülüşü ilə nələrisə anlatd...
Hər iki əsərin qarşısında bir xeyli dayanandan sonra içəri zallara keçmədən birbaşa Kazım Kazımzadənin otağına doğru irəlilədi. Arxasınca getdim və qəbul otağında direktorun köməkçisi Esmiranın onu mehribanlıqla qarşıladığını görüb geri döndüm. Təxminən iki saat ötdü və bir də görüdüm ki, Kazım müəllim üstü-başı nimdaş xanımın qoluna girib mənə tərəf gəlir. Xanım sağollaşıb ayrılmaq istəyəndə Kazım müəllim qoymadı. Onu düz birinci mərtəbəyə kimi müşayət elədi. Otağına keçməmişdən öncə mənə yaxınlaşdı və həmin xanımın kim olduğunu anlatdı. Bildim ki, həmin xanım Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımdır. Əlindəkli nimdaş çantasının-o çanta ki, onun yuxarı qaldırılmağına mane olmuşdum-içərisindəsə atasıyla bağlı mühüm sənədlər var. Sənədləri dönə-dönə Kazım müəllimə oxutdurub, Kazım müəllim də ərki keçən və vəzifədə olan insanlara göstərib ki, Tağıyev bu millətinin yolunda bütün varından keçən şəxsiyyət olub. Nə yazıq ki, sovet rejimi Tağıyevi düşmən olaraq qələmə verdiyindən kimsə onunla bağlı yuxarılara söz deyə bilməyib. Sara xanım da bütün varlığı ilə inanıb ki, gün gələcət atası bəraət qazanacaq.
Kazım müəllim bütün bunları danışdıqca peşimançılıq çəkirdim. Ancaq pis olmayım deyə, əlini kürəyimə vurdu və dedi:"Bu sənin günahın deyil, yaşadığımız cəmiyyətin günahıdır. Vaxt gələcək bizlərə nəsib olmasa da, siz nəsil Tağıyevlərlə fəxr edəcəksiniz".
Bəli, vaxt o vaxdı. Ancaq bu vaxdan o vaxta boylananda yaddaşımda yalnız Sara xanımın nindaş paltarı və yamaqlı həsir çantasından , bir də Kazım müəllimin hər dəfə sanki günahkarmış kimi onun qoluna girib pilləkənləri endirərək vidalaşmasından başqa heç nə canlanmır.