“Bəzi QHT-lərin xarici əlaqələri ciddi şəkildə araşdırılmalıdır” Hadisə

“Bəzi QHT-lərin xarici əlaqələri ciddi şəkildə araşdırılmalıdır”

Qabil Hüseynli: "Adama sual verərlər, ermənilər bu forumda nə üçün, məhz Xədicə İsmayılın plakatanı nümayiş etdiriblər?"

Fərid Şəfiyev: "QHT-lərin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir"

Batumidə, 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunda Ermənistan təmsilçiləri ilə Azərbaycandan olan nümayəndələr arasında daha bir qalmaqal yaşanıb. Bu barədə forumda iştirak edən vəkil Xalid Bağırov məlumat verib: "Forumda Leyla Əliyeva və Arzu Abdullayevaya çıxış edərək Qarabağ konfiktində Rusiyanın Ermənistana dəstək verdiyini dedilər. Ancaq ermənilər buna etiraz etdilər. Xanımlarımızın Qarabağ konfliktini postsovet məkanındakı digər konfliktlərlə müqayisə etməsi və Moskvanın bu konfliktlərdəki anoloji rolunun vurğulaması ermənilərin xoşuna gəlmədi. Görünür, adamlar ciddiyən Rusiyanın forpostu olmanın kompleksini yaşayırlar. İndi də durub etiraz edirlər ki, rusların bizim konfliktə nə aidiyyəti var, biz özümüz Azərbaycana qalib gəlmişik"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən qalmaqala münasibət bildirib. Baş redaktor bildirib ki, hazırda ermənilərin şikayəti əsasında Azərbaycan nümayəndə heyətinin bir hissəsinin Forumdan çıxarılması məsələsi müzakirə olunur: "Hazırda Batumi şəhərindəyəm. Hadisələri kənardan izləyirəm. Forumun iştirakçısı Vüqar Bayramovla tez-tez telefonla və Facebook-la danışıram. Boykot etdiyimə görə mən Forumun iclasına getməmişəm. Bildiyimə görə, bu gün ermənilərin şikayəti ilə nümayəndə heyətimizin 4 üzvünün çıxarılması məsələsinə baxılacaq".
Rauf Arifoğlu deyib ki, Azərbaycan nümayəndə heyəti erməni həyasızlığının qarşısını almağa çalışır: "Azərbaycan nümayəndə heyətinin də geri çəkilmək fikri yoxdur. Və hesab edirik ki, heç bir yanlışlığa yol verilməyib. Müzakirələr gedir, hələ heç bir nəticə yoxdur.
Qeyd edək ki, Vətəndaş Cəmiyyəti Forumuna müşahidəçi qismində qatılan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu forumun işində iştirakdan və tədbiri işıqlandırmaqdan imtina edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib. Ermənilər də bu olayla bağlı Rauf Arifoğludan Avropa Birliyinə şikayət ediblər.
Xatırladaq ki, Batumidə keçirilən tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb.
Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərinin də etirazı məhz bununla bağlı olub.
Politoloq Qabil Hüseynli bildirib ki, Batumidə keçirilən forumun əsl mahiyyəti haqlı olan ölkələrə qarşı təbliğat maşınlarını öz əlləri ilə işə salmaqdır: "Ancaq bizim müşahidəçilər haqlı olaraq orada ermənilərin bütün addımlarına cavab veriblər, onların düzəltdikləri foto-stendlərə etiraz ediblər və ədalətli mövqeyimizi ifadə ediblər". Qabil Hüseynli qeyd edib ki, əslində ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin xarici əlaqələri ciddi şəkildə araşdırılmalıdır: "Adama sual verərlər, ermənilər bu forumda nə üçün, məhz Xədicə İsmayılın plakatanı nümayiş etdiriblər? Bu ölkədə başqa bir müxalifətçi yoxdurmu? Əslində bu sualın cavabını hər birimiz bilirik. Sadəcə ermənilərin maliyyəsi hesabına özlərinə QHT-lər yaradıb, bu tipli forumlarda ermənilərlə əlbir işləmək cinayətdən başqa bir şey deyil. O ki qaldı bu tədbirdə ermənilərin "böyük ürəklə" Azərbaycan əleyhinə təbliğat aparmasına, ermənilərin ölkəmizdə əlaltıları var. Bunlar həmin şəxslərdir ki, QHT-lərini, məhz ermənilərin pulu ilə maliyyələşdirir, çirkli oyunlarda iştirak edirlər".
Jurnalist Ekspert Mərkəzi (JEM) isə "Avropa Birliyinin Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan əleyhinə aparılan qərəzli erməni təbliğatına etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: "Avropa Birliyinin Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən xoşagəlməz hadisədən təəssüfləndiyimizi bildiririk. Eyni zamanda, hesab edirik ki, bu olayın da arxasında məkrli erməni siyasəti və Azərbaycana qarşı durmadan fəaliyyət göstərən erməni təbligat maşını dayanır. Yayılan xəbərlər, foto və video-materiallardan aydın şəkildə görünür ki, Azərbaycana qarşı yönəlmiş aksiyanın təşkilatçıları arasında ermənilər var. Xüsusi fəallıq nümayiş etdirən ermənilərin bizə "ürək yandırması", şübhəsiz ki, insan haqları, söz və mətbuat azadlığı kimi prinsiplər müstəvisində şərh oluna bilməz. Bu, indiki həssas məqamda yalnız Azərbaycanın maraqlarına, torpaqlarının işğaldan azad olunması istiqamətində atdığı addımlara xələl yetirmək, işğal olunmuş ərazilərdəki erməniləri öz vətəndaşlarımız kimi qəbul etdiyimiz barədə bəyanatlara kölgə salmaq məqsədinə hesablanıb. Aydındır ki, Azərbaycandakı hanısısa məhbusun taleyi erməniləri qətiyyən maraqlandırmır. Onlara həmin məhbusun fotolarından yararlanıb Azərbaycanı qara rəngdə təqdim etmək və bu ölkədə yaşamağın mümkün olmadığına dair beynəlxalq ictimaiyyətin rəyini qazanmaq lazımdır. JEM hesab edir ki, ermənilərin bu məqsədinə hesablanmış aksiyalara dəstək vermək, başqa ölkələrin QHT təmsilçilərinin əli ilə Azərbaycanın yalnız mənfi obrazının yaradılmasına hesablanmış fəaliyyət növləri ilə məşğul olmaq, elə erməni siyasətinə, Ermənistan dövlətinin maraqlarına xidmət etmək anlamına gəlir. Xüsusən indiki həssas məqamda qarşılaşdığımız bu kimi davranışlar bizə əsas hədəfimizə çatmaqda çətinliklər yaradır...Hesab edirik ki, Rauf Arifoğlunun Forumdan, onun işini işıqlandırmaqdan imtina etməyə məcbur olması bilavasitə Avropa Birliyinin söz və mətbuat azadlığına göstərdiyi münasibətin bariz nümunəsidir. Ölkələrdən söz və mətbuat azadlığı tələb edən beynəlxalq təşkilatlar bunu birinci növbədə özləri nümayiş etdirməlidirlər. Batumi Forumu bizə əksini göstərdi".
Onu da əlavə edək ki, Azərbaycanın Çexiyadakı səfirliyi də məsələyə münasibət bildirib. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Batumidə Azərbaycan və Çexiyanın vətəndaş cəmiyyətləri nümayəndələri arasında baş vermiş insidenti şərh edərkən deyib ki, QHT-lərin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir.
Batumidə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı şərçivəsində vətəndaş cəmiyyəti forumundakı görüşdə Çexiya və Azərbaycanın nümayəndə heyətləri arasında insident baş verib. Çexlərin Azərbaycanda insan haqlarının pozulmasına dair plakat qaldırmaları Azərbaycan nümayəndə heyətinin hiddətinə səbəb olub. İnsident görüşün təşkilatçıları tərəfindən aradan qaldırılıb. Səfirin sözlərinə görə, Çexiya hökumətinin həqiqətən də QHT-lərin fəaliyyəti ilə əlaqəsi yoxdur. Fərid Şəfiyev bildirib ki, iki ölkə arasında münasibətlərdə hazırda artım müşahidə olunur.

Əli