Sabunçudakı atışma ilə bağlı rəsmi məlumat Hadisə

Sabunçudakı atışma ilə bağlı rəsmi məlumat

İstintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib

Bakı Şəhər Prokurorluğu Sabunçu rayonunda baş verən silahlı insidentlə bağlı növbəti məlumat yayıb.
Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan məlumatda bildirilir ki, fevralın 23-də Sabunçu rayonunda münaqişə zəminində odlu silahdan açılmış atəş nəticəsində Fərid Qədirovun qəsdən öldürülməsi, Yusif Alpaşayev, Akif və Asif Nəzərovların isə xəsarət almaları faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gülağa Lətifov tutularaq istintaqa cəlb olunub.
Yusif Alpaşayev aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyindən, eyni zamanda G.Lətifovun torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq torpaq sahəsini özbaşına tutmasında, xuliqanlıq niyyəti, zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar xüsusi amansızlıq, eləcə də ümumi təhlükəli üsulla iki şəxsi qəsdən öldürməsində, həmin niyyətlə zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onların özlərini və ümumi təhükəli üsulla daha çox şəxsi öldürməyə cəhd göstərməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələrinə tövsif edilib.
G.Lətifova qeyd edilən maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.