KİVDF Xaçmazda konfrans keçirib Hadisə

KİVDF Xaçmazda konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə noyabrın 27-də Xaçmaz şəhərində "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun şərhi sahəsində region KİV-lərin maarifləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, yerli icra orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri, habelə Bakıda fəaliyyət göstərən 10-a yaxın aparıcı qəzetin baş redaktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq cəmiyyət həyatının ən müxtəlif sahələri ilə bağlı yeniliklərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılmasında ölkə KİV-lərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Şəmsəddin Xanbabayev Fondun təşkilatçılığı ilə Xaçmaz rayonunda keçirilən konfransın rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulması, mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafı, jurnalistlərin maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyi səviyyəsində regionların inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi son 10 ildə Xaçmaz rayonunda həyata keçirilmiş genişmiqyaslı abadlıq və quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbirin təşkilinə göstərdiyi köməyə görə Xaçmaz rayon rəhbərliyinə təşəkkürünü bildirib. Son illər rayonda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərini yüksək dəyərləndirən Vüqar Səfərli Xaçmazın simasının əsaslı şəkildə dəyişdiyini vurğulayıb.
Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, onlarla qəzetin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini və digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 11 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Vüqar Səfərli ötən dövrdə ölkə mətbuatının 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan" nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları xüsusi qeyd edib.
Fondun icraçı direktoru həmçinin xatırladıb ki, mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008 və 2009-cü illərdə imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirib. Fondun icraçı direktoru ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.
Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Planı"nın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. O, həmin sənəddən irəli gələrək Xaçmaz rayonunda keçirilən konfransın region jurnalistlərinin maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.
Daha sonra Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə qanuna edilmiş əlavə və dəyişikliklər ətrafında geniş məruzə ilə çıxış ediblər. Çıxışlarda qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklər şərh edilib, habelə bu sahədə mövcud olan problemlər diqqətə çatdırılıb.
"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İradə Heyətinin üzvi və "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə ölkə jurnalistikasının adına ləkə gətirən KİV-lərlə mübarizə tədbirlərindən söz açıb. O, belə neqativ hallara qarşı mübarizədə müvafiq dövlət qurumlarının və ümumən cəmiyyətin fəallıq göstərməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Trend" İA baş redaktoru İlqar Hüseynov, "Səs" media qrupunun rəhbəri Bəhruz Quliyev "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar. Tədbirdə "Xaçmaz" qəzetinin baş redaktoru Zinyət Yaqubqızı, Siyəzəndə nəşr edilən "Çıraq" qəzetinin baş redaktoru İlyas İlyasov, Qubada nəşr edilən "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov, "Qusar" qəzetinin baş redaktoru Vidadi Sevzixanov, "Şabran" qəzetinin baş redaktoru Çingiz Məmmədov, "RTR" TV-nin icraçı direktoru Məhsim Məhsimov mövzu ətrafında fikirlərini bölüşüblər.
Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Аğayev, "Azərmətbuatyayım" ASC-nin Xaçmaz rayon şöbəsinin sədri Abasyar Heydərov mətbuat-ictimaiyyət münasibətlərinin tənzimlənməsi, reket jurnalistikaya qarşı səmərəli mübarizənin təşkili baxımından belə tədbirlərin əhəmiyyətini önə çəkiblər.
Tədbirə yekun vuran Fondun icraçı direktoru V.Səfərli aparılan müzakirələrin kütləvi informasiya vasitələri ilə rayonun müvafiq icra strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə region jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olacağını və belə tədbirlərin digər regionlarda da keçiriləcəyini bildirib.

XC