
"Vəziyyəti diqqətlə izləyirik, istəmirik ki, Azərbaycan vətəndaşları bu münaqişədə ölsünlər"
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan vətəndaşı olan ayrı-ayrı şəxslərin Suriyada hərbi münaqişədə iştirakı faktına münasibət bildirib. O deyib ki, XİH məsələni araşdırır. Hazirin sözlərinə görə, Suriyada vəziyyət gərginləşdikdən sonra Azərbaycan səfirliyi Livana köçürülüb: "Bizim üçün Suriya ərazisində olan azərbaycanlıların hərəkətinə nəzarət etmək çətindir. Biz vəziyyəti diqqətlə izləyirik və əlbəttə, istəmirik ki, Azərbaycan vətəndaşları bu münaqişədə ölsünlər".
Xatırladaq ki, bir neçə öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Suriyada silahlı münaqişələrdə iştirak edən onlarla azərbaycanlı ölüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "Media forum" saytına bildirib ki, indiyə qədər bu məsələlərə kifayət qədər reaksiya verilməməsi dini sahədə problemlərin dərinləşməsinə yol açıb: "Əslində dini durumda gərginlik müxtəlif vaxtlarda özünü büruzə vermişdi. Cəmiyyətdə radikallıq meylləri artırdı. Yerli və xarici ekspertlər bu barədə ayrı-ayrı vaxtlarda həyəcan təbili çalmışdılar. Bütün bunlara baxmayaraq cəmiyyət bu proseslərə hazır deyildi. Bu gün əsas diqqətçəkən məsələlərdən biri xarici dini təbliğatın və təsirlərin ölkədə hakim mövqe tutmasıdır. Daxili təbliğat xarici təbliğata rəqabətdə uduzur. Dindar gənclərin bir qismində dövlətə və yerli dini qurumlara qarşı inamsızlıq var. Ölkədə dini durum daha çox xaricdən idarə olunur. İstənilən vaxt həmin dairələr Azərbaycanda dini durumu gərginləşdirə bilərlər".